Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiyaçı alim işğal olunmuş ərazilərin ekoloji vəziyyətindən danışıb
24.09.2020 17:21
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim işğal olunmuş ərazilərin ekoloji vəziyyətindən danışıb

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov Azərbaycan Televiziyasının “Əsas məsələ” verilişinin qonağı olub.

“İşğal olunmuş ərazilərdə ətraf mühitə ekoloji təhdid”  mövzusuna həsr olunan verilişdə coğrafiyaçı alim işğalçı Ermənistan tərəfindən Azərbaycanın təbii sərvətlərinin mənimsənilməsi, acgözlüklə istismarı, 1976-cı ildə inşa edilən və istifadə müddəti bitmiş Metsamor atom elektrik stansiyasının yaratdığı təhlükə, eləcə də ətraf mühitə vurduğu zərər, ağacların kəsilməsi, yaşıllıqların yandırılması kimi məsələlərə münasibət bildirib.

Təbiətdə hər şeyin bir-biri ilə vəhdət təşkil etdiyini bildirən Mirnuh İsmayılov təbii sərvətlərdən qeyri-düzgün, vəhşicəsinə istifadənin ağır nəticələr verəcəyini vurğulayıb. O, diqqətə çatdırıb ki, müxtəlif proqramların, kosmik şəkillərin köməyi ilə ərazi tədqiq edilərkən meşələrin seyrəlməsi, Araza tökülən çayların azalması müşahidə edilib. Kür çayında suyun azalmasının səbəblərindən biri də Araz çayında gedən proseslər, çaya olan kobud müdaxilələrdir. Bitki örtüyünün dəyişməsi nəticədə bulaqların, yeraltı suların qurumasına səbəb olur. Minə yaxın yaşı olan, çox qiymətli ağacların qırılması, meşələrin seyrəlməsi nəticəsində bitki örtüyünün tərkibi dəyişir. Qızıl ehtiyatlarımız ardı-arası kəsilmədən çıxarılaraq daşınır.

Alim sözügedən problemlərin müvafiq beynəlxalq təşkilatlar qarşısında tez-tez qaldırılmalı olduğunu xüsusi qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: