Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Biofizika İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
22.09.2020 16:54
  • A-
  • A
  • A+

Biofizika İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

Sentyabrın 22-də AMEA-nın Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Karantin rejiminin tələblərinə uyğun və sosial məsafə gözlənilməklə baş tutan tədbirdə şuranın əksər üzvləri onlayn iştirak ediblər.

İclası Biofizika İnstitutunun direktoru, Elmi şuranın sədri, AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq iştirakçılara gündəlikdəki məsələlər barədə məlumat verib.

Tədbirdə əvvəlcə AMEA-nın 10 iyun 2020-ci il tarixində keçirilmiş Ümumi yığıncağının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi (FRTEB) qarşısında müəyyənləşdirdiyi vəzifələr haqqında fikir mübadiləsi aparılıb. Belə ki, “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nın icrası ilə bağlı Tədbirlər planı, həmçinin elmi müəssisənin koronavirus pandemiyası və onunla əlaqədar problemlərə dair təklifləri geniş müzakirə olunub.

Şuranın sədri bir sıra mühüm elmi və elmi-təşkilati məsələlərdən də söz açıb. O, rəhbərlik etdiyi qurumda pandemiya ilə mübarizə və postpandemiya dövründə qarşıda duran vəzifələrə dair artıq müvafiq təkliflərin hazırlandığını, konkret vəzifələrin müəyyənləşdirildiyini bildirib. Qeyd edib ki, institutda hüceyrə texnologiyalarının yaradılması proqramı AMEA-nın Rəyasət Heyətinə təqdim olunub.

Daha sonra müəssisə əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi məsələsi müzakirə edilib. Oktay Qasımov vurğulayıb ki, nəzərdə tutulmuş proqram əməkdaşların il ərzində elmi fəaliyyətinin qiymətləndirilməsinə imkan verəcək. Onun sözlərinə görə, müəssisədə elmi-tədqiqatların yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək, eləcə də elmi işçilərin məsuliyyətini artırmaq lazımdır.

Sonda müəssisədə doktorantura təhsilinin yaradılması məsələsi müzakirə olunub, təkliflərin hazırlanaraq FRTEB-ə göndərilməsi qərara alınıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: