Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

21.09.2020 10:26
  • A-
  • A
  • A+

"Dədə Qorqud türk tarixi, mədəniyyəti və ədəbiyyatı" mövzusunda onlayn konfrans keçirilib

"Dədə Qorqud türk tarixi, mədəniyyəti və ədəbiyyatı" mövzusunda onlayn konfrans keçirilib

AMEA-nın Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin, “Dədə Qorqud” jurnalının və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD-ın) təşkilatçılığı ilə III beynəlxalq "Dədə Qorqud türk tarixi, mədəniyyəti və ədəbiyyatı" konfransı onlayn formatda keçirilib.

Konfransda elmi müəssisənin direktoru, akademik Muxtar İmanov Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri milli-mənəvi varlığının ayrılmaz tərkib hissəsi olan “Kitabi-Dədə Qorqud” abidəsinin əhəmiyyətindən bəhs edib. O, ədəbi, tarixi və qlobal baxımdan “Kitabi-Dədə Qorqud”un bir qaynaq kimi təsadüfi seçilmədiyini, bu eposun dünyanın qədim, nadir dastanlarından biri olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən konfransın rəhbəri, Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, “Dədə Qorqud” jurnalının baş redaktoru, filologiya üzrə elmlər doktoru, professor Ramazan Qafarlı pandemiya şəraitinə baxmayaraq dünyanın bir neçə ölkəsindən elm adamlarını bir araya toplayaraq, beynəlxalq simpoziumu ərsəyə gətirdiyi üçün akademik Muxtar İmanova, Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun rəhbəri Mustafa Latif Emeyə təşəkkürünü bildirib. O, belə konfransların davamlı olacağına ümidvar olduğunu deyib.

Beynəlxalq konfransda akademik Muxtar İmanova, professor Ramazan Qafarlıya və Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin müdiri, professor İsmayıl Kazımova İKSAD-ın rəhbəri Mustafa Latif Emekin adından təşəkkürnamə təqdim olunub.

Onlayn konfransda Türkiyə, Ukrayna, İran, Gürcüstan, Əfqanıstan və başqa ölkələrdən, eləcə də Azərbaycandan tanınmış elm adamlarının dil, tarix, incəsənət, folklor, ədəbiyyat, mədəniyyət, sosiologiya və digər mövzularda məruzələri dinlənilib, müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: