Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb
21.09.2020 10:13
  • A-
  • A
  • A+

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

Sentyabrın 19-u görkəmli şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anım günüdür. AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi hər il görkəmli alimin məzarını ziyarət edir, xatirəsini dərin ehtiramla anırdı. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar respublikada karantin rejimi tətbiq olunduğu üçün bu il Aida İmanquliyevanın məzarını kollektiv şəkildə ziyarət etmək mümkün olmadı. Kollektivin adından sentyabrın 19-da Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva görkəmli alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edib və məzarı üzərinə əklil qoyub.

Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elminin beynəlxalq aləmdə tanınmasında, onun şöhrətinin geniş miqyasda yayılmasında böyük xidmətləri olan görkəmli alimdir. Onun adı şərqşünaslıq, eləcə də qərbşünaslıq problemlərini Şərq-Qərb münasibətləri kontekstində tədqiqata cəlb edən, şərqşünaslığımızda yeni elmi təhlil istiqaməti müəyyənləşdirən, bu sahədə ilk dəfə müqayisəli metodun tətbiqi ilə tədqiqatların səmərə və effektivliyini artıran və ümumilikdə yeni şərqşünaslıq məktəbinin əsasını qoyan cəfakeş alim kimi Azərbaycan şərqşünaslıq elm tariximizə qızıl hərflərlə yazılıb. Aida İmanquliyeva ilk azərbaycanlı ərəbşünas qadın, elmlər doktoru, professor kimi Azərbaycan şərqşünaslıq elminin inkişafında, bu sahədə ixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib, şərqşünaslıq problemlərinin öyrənilməsində yeni elmi sistem yaradıb. Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru olan professor Aida İmanquliyevanın dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər qısa vaxt ərzində ona nəinki keçmiş Sovet İttifaqında, hətta bir çox xarici ölkələrdə geniş şöhrət gətirib.

Аida İmanquliyeva müasir ərəb ədəbiyyatının öyrənilməsində yeni səhifə açaraq bütöv bir məktəbin əsasını qoyub. Alimin fundamental tədqiqatları Azərbaycan və dünya şərqşünaslığını zənginləşdirib. O, Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub. Müasir Şərq ədəbiyyatının bir sıra əsərləri də Aida xanımın tərcüməsində işıq üzü görüb.

Elmi ictimaiyyətimiz Aida xanım İmanquliyevanın şərqşünaslıq elminə verdiyi töhfələri daim yüksək qiymətləndirərək, böyük alimi həmişə dərin ehtiramla yad edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: