Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan və Türkiyənin media sahəsində birgə əməkdaşlığı xüsusi önəm daşıyır
17.09.2020 13:12
  • A-
  • A
  • A+

Azərbaycan və Türkiyənin media sahəsində birgə əməkdaşlığı xüsusi önəm daşıyır

Səmimi dostluq-qardaşlıq münasibətləri, qarşılıqlı hörmət və etimad, çoxşaxəli yüksək səviyyəli əməkdaşlıq prinsipləri əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim inkişaf etməkdədir. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə arasındakı münasibətlər bu gün də hər iki dövlət başçısı - Cənab İlham Əliyev və Cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən həyata keçirilən düzgün və məqsədyönlü siyasətin məntiqi davamı kimi yeni və daha yüksək səviyyəyə qədəm qoymuşdur. İkitərəfli, qarşılıqlı maraq doğuran əməkdaşlıq, irimiqyaslı birgə layihələrin icrası təkcə iki ölkənin deyil, ümum regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına və inkişafına xidmət edir.

Ölkə başçısı İlham Əliyevin bəyan etdiyi kimi, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Eyni soykökə, dilə, dinə, çoxəsrlik böyük tarixə, ortaq milli adət-ənənələrə və dərin mədəniyyətə malik Azərbaycan və Türkiyə arasındakı münasibətlər bütün dünya ölkələrinə nümunədir. Bu gün hər iki dövlət istər regional, istərsə də beynəlxalq məsələlərdə birgə əməkdaşlıq edir, həmrəylik nümayiş etdirir. Belə ki, beynəlxalq arenada hər iki ölkənin diaspor təşkilatları arasında aparılan sıx əməkdaşlıq, həyata keçirilən birgə hərbi təlimlər, böyük iqtisadi layihələr və digər qardaşlıq prinsiplərinə söykənən məsələlərdə olduğu kimi informasiya sahəsində də birgə əməkdaşlığın aparılması olduqca zəruridir. Bu məqsədlə sentyabr ayının yeddisində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin İstanbulda Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun və bir sıra dövlət və media qurumlarının rəhbər şəxsləri arasında keçirilmiş görüş yüksək əhəmiyyət kəsb edir. Görüşdə Türkiyə-Azərbaycan Birgə Media Platformasının yaradılması, xəbər, mütəxəssis və fikir mübadiləsinin həyata keçirilməsi, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasının genişləndirilməsi ilə bağlı razılaşma əldə olunması hər iki qardaş ölkənin strateji maraqları baxımından uzunmüddətli perspektivlərə söykənən olduqca önəmli və dövlət əhəmiyyətli bir hadisədir. Prezidentin köməkçisi Hikmət Hacıyevin haqlı olaraq dediyi kimi: “Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, ilk növbədə, hər iki ölkənin qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət göstərir. Bu baxımdan hər iki ölkənin dövlət və özəl media qurumlarının da yaxın əməkdaşlığı bu əlaqələrin daha da güclənməsinə əhəmiyyətli dərəcədə fayda verəcəkdir”.

Türkiyə-Azərbaycan Media Platformasının yaradılması tarixi zərurətdən irəli gəlir. Belə ki, hər iki qardaş ölkənin ümumi məqsəd və hədəflərinin eyni olduğu kimi aparılan informasiya mübarizəsinin istiqaməti də eyni olmalıdır. Məhz görülən işlər və aparılan danışıqların da əsas məqsədi hər iki ölkəyə yönəlik qara piarlara qarşı mübarizədə vahid strategianın yaradılmasıdır. Yalnız bu birlik sayəsində rabitə və informasiya sahəsində imkan və təcrübələrin birləşdirilməsi, ortaq layihələrin icrası nəticəsində daha yüksək uğurlar əldə etmək mümkündür. Bu mənada hər iki qardaş ölkənin mövcud güc və imkanlarını birləşləşdirib vahid mövqedən çıxış edərək ümumi düşmənə qarşı birgə mübarizə aparması üçün dünya ictimaiyyətinə dəqiq, qərəzsiz, obyektiv və əhatəli informasiyanın çatdırılması olduqca zəruridir. Ölkələrimizə qarşı aparılan nüfuzdan salma, mənfi təbliğat, dezinformasiya kimi çirkin fəaliyyət cəhdlərinin olduğu bir dövrdə bu layihənin reallaşdırılması böyük əhəmiyyət kəsb edir. Məhz Türkiyə-Azərbaycan Birgə Media Platforması çərçivəsində birgə ortaq fəaliyyət sayəsində haqlı mövqeyimizi əks etdirən doğru məlumatların sürətli şəkildə yerli və beynəlxalq ictimaiyyətə çatdırılması, eyni zamanda ökələrimizə qarşı aparılan şər, böhtan xarakterli yalan xəbər və dezinformasiyanın qətiyyətli şəkildə qarşısının alınmasına nail olunacaqdır. Belə ki, pərakəndə şəkildə deyil, hər iki ölkə mediasının mövcud imkan və təcrübələrinin koordinasiya olunmuş şəkildə birgə fəaliyyəti müasir dünyada aparılan informasiya müharibəsində effektiv mübarizə üsulu kimi uğurlar əldə edəcəyimizə heç bir şübhə yaratmır. Xüsusilə, informasiya müharibəsinin geniş yayıldığı müasir dövrdə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə düzgün formada çatdırılması, Xocalı soyqırımı və digər erməni vəhşilikləri haqqında bütün faktların dünya mediasında işıqlandırılması istiqamətində birgə informasiya və təşviqat işlərinin aparılması ən mühüm addımlardan biri olacaqdır. Gələcəkdə isə digər dost və qardaş ölkələrin bu platformaya qoşulması ilə Vahid Türk Media Platformasının da təşkil edilməsi mümkün ola bilər. Bu isə ortaq məqsədlərimizin daha sürətli və effektiv şəkildə həyata keçirilməsi baxımından olduqca önəmlidir.

Coşqun MƏMMƏDOV, AMEA Rəyasət Heyətinin elmi katibi

"SİA"

  • Paylaş: