Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.09.2020 17:55
  • A-
  • A
  • A+

Akademik Həbib Şahtaxtinskinin 120 illiyinə həsr olunmuş yubiley iclası keçirilib

Akademik Həbib Şahtaxtinskinin 120 illiyinə həsr olunmuş yubiley iclası keçirilib

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda dünya şöhrətli alim, Əməkdar elm xadimi, akademik Həbib Şahtaxtinskinin anadan olmasının 120 illiyinə həsr olunmuş yubiley iclası keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev açaraq bildirib ki, görkəmli alim Həbib Şahtaxtinskinin anadan olmasının 120 illik yubileyi ilə bağlı Elmi şuranın yubiley iclasının daha geniş miqyasda, respublika səviyyəsində keçirilməsi nəzərdə tutulsa da, mövcud karantin rejimi qaydaları buna imkan vermədiyindən iclasın məhdud sayda alimlərin iştirakı ilə keçirilməsi qərara alındı.

Akademik D.Tağıyev kimyaçı alim H.Şahtaxtinskinin el­mi fəaliyyəti­nin əsas istiqamətlərindən olan Azərbaycanın mineral xammalının öyrənilməsi və kompleks işlənməsi ilə bağlı tədqiqatlarından bəhs edib. Bildirib ki, alimin Azərbaycanın mineral sərvətlərinin emalına aid tədqiqatları əsas mineral xammalların – alunitin, Filizçay polimetal filizinin, Daşkəsən dəmir filizinin, titanlı dəniz qumunun, baritlərın, daş duzun, dolomitlərin emal problemlərini, nadir, səpələnmiş, qara və əlvan metalların kimyası və texnologiyası kimi böyük sahələri əhatə etmişdir.

“Akademik Həbib Şahtaxtinskinin məşğul olduğu mühüm problemlərdən biri də əlvan metallurgiya sənayesində alınan və tullantı qazlarının tərkibinə daxil olan kükürd qazlarından elementar kükürdün alınmasıdır”, – deyə bildirən D.Tağıyev kimyaçı-alim tərəfindən dünya təcrübəsində ilk dəfə olaraq, müxtəlif katalizatorlardan istifadə etməklə kükürd 4-oksidin aşağı temperaturda konversiya qazı ilə reduksiyasının elmi əsaslarının işlənilib hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, keçmiş SSRİ Əlvan Metallurgiya Sənayesi Nazirliyi tərəfindən bu metod yüksək qiymətləndirilmiş və bu metodun Norilsk metallurgiya kombinatında mis zavodunda tətbiq olunması qərara alınmışdır.

Qeyd olunub ki, H.Şahtaxtinskinin elmi işlərinin nəticələri 7 monoqrafiya və dərsliklərdə, 400 elmi məqalədə, müəllif şəhadətnamələrində və elmi hesabatlarda ümumiləşdirilmişdir. Onun rəhbərliyi altında 40-dan çox fəlsəfə və elmlər doktoru, minlərlə mühəndis-texnoloq, kimyaçı, müəllim və elmi işçilər hazırlanmışdır.

Akademik D.Tağıyev bildirib ki, görkəmli alimin elmi fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, “Əmək­dar Elm Xa­dimi”  adına layiq gö­rü­l­müş, "Oktyabr İnqilabı" ordeni, “1941-1945-ci illər Böyük Vətən Müharibəsində rəşadətli əməyinə görə” medalı, Azərbaycan SSR Ali Sove­tinin “Fəxri Fər­manı” ilə təltif olunmuşdur.

İnstitut direktoru əlavə edib ki, akademik H.Şahtaxtinski 1940-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1949-cü ildə  kimya üzrə elmlər dok­toru elmi dərəcələrini, 1950-ci ildə professor elmi adını almışdır. 1967-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üz­vü seçilmişdir. O, 1937-1959-cu illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda Analitik kimya kafedrasının müdiri işləmişdir. H.Şahtaxtinski ömrünün sonuna qədər 1959-cu ildə  özünün təşəbbüsü ilə Azərbaycan EA-nın Kimya İnstitutunda (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri üzvi Kimya İnstitutu) yaradılan, Azərbaycanda elmi istiqamətinə görə yeganə olan “Mineral maddələrin texnologiyası” laboratoriyasına rəhbərlik etmişdir.

Daha sonra görkəmli alimin yaratdığı şöbənin yetirməsi olan professor Arif Heydərov H.Şahtaxtinskinin keçdiyi həyat yolu haqqında geniş məruzə ilə çıxış edib.

Sonda professorlar Arif Əfəndi və İxtiyar Bəxtiyarlı, k.ü.f.d.Vaqif Qasımov və başqaları alimlə bağlı xatirələrini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: