Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan mədəniyyətində akkulturasiya və folklor” kitabı nəşr olunub
10.09.2020 17:23
  • A-
  • A
  • A+

“Azərbaycan mədəniyyətində akkulturasiya və folklor” kitabı nəşr olunub

Filologiya üzrə fəlsəfə doktoru, dosent Sərxan Xavərinin “Azərbaycan mədəniyyətində akkulturasiya və folklor” adlı kitabı çapdan çıxıb.

Kitabda Azərbaycan milli mədəniyyət sistemində akkulturasiya (yad mədəniyyətlə fasiləsiz kontakt situasiyasında milli mədəniyyətin seçim strategiyası) və folklor münasibətlərinin tipoloji özəlliklərindən bəhs edilir. Azərbaycan milli mədəniyyətinin müxtəlif mərhələlərində, xüsusən son iki yüz illik dövrdə Qərb mədəniyyəti ilə təmasının doğurduğu kulturoloji təbəddülatlar, folklorun bu proseslərdə etnointeqrativ funksionallığı, müxtəlif mədəniyyət nümunələrinin formalaşmasında rolu və s. diqqətə çatdırılır.

Nəşrdə müəllif qeyd edir ki, istənilən mədəniyyətin sistem bütövlüyü və bu bütövlüyü şərtləndirən etnokulturoloji xüsusiyyətlər adi halda olduğundan daha çox, yad mədəniyyətlərlə fəal təmas məqamlarında özünü daha qabarıq göstərir.

Əsərdə “Azərbaycan folkloru funksional struktur sistemi kimi: akkultural-tipoloji kontekst”, “Azərbaycan milli mədəniyyəti kulturoloji sistem kimi”, “Azərbaycan mədəni məkanında akkulturasiya və folklorun etnointeqrativ funksionallığı”, “Milli tarixin taleyüklü akkultural situasiyaları və folklor” kimi elmi problemlərdən bəhs edilir, bir sıra vacib elmi suallara cavab axtarılır.

Folklorun akkultural situasiyalarda milli mədəni sistem bütövlüyünü funksional mexanizmlər vasitəsilə reallaşdırmasını nəzərə alaraq, xalq mədəniyyətinin müxtəlif mətn tiplərinin funksional semantikası ilə bağlı bir sıra araşdırmalar da kitaba daxil edilib.

Yeni nəşr akademik elmi mühit, ali təhsil müəssisələrinin tələbələri, o cümlədən folklorşünaslıq, mədəniyyətşünaslıq, sosiologiya kimi sahələrin mütəxəssisləri üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: