Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Muzeyin “Azərbaycan II Dünya müharibəsi illərində” sərgisi ziyarətçilər üçün açıqdır
09.09.2020 15:28
  • A-
  • A
  • A+

Muzeyin “Azərbaycan II Dünya müharibəsi illərində” sərgisi ziyarətçilər üçün açıqdır

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin kollektivi tərəfindən 9 may – faşizm üzərində Qələbə Günü ərəfəsində hazırlanmış “Azərbaycan II Dünya müharibəsi illərində” adlı sərgi COVID-19 pandemiyası ilə əlaqədar respublikada tətbiq edilmiş karantin tədbirlərinə görə ictimaiyyət üçün bağlı idi. Karantin tədbirlərinin yumşaldılması, muzey və sərgi zallarının açılması ilə əlaqədar olaraq faşizm üzərində qələbənin 75-ci ildönümünə həsr olunmuş sərgi də öz qapılarını ziyarətçiləri üçün açıb.

Muzeydə mövcud vəziyyət nəzərə alınaraq bütün sanitar-profilaktik tədbirlər görülüb. Belə ki, muzeyin girişində ziyarətçilərin hərarəti ölçülür, əlləri sanitayzerlə dezinfeksiya olunur, gigiyenik maska taxılmasının vacibliyi qeyd edilir. Muzeyin daxilində sosial məsafənin saxlanılması tələbinə riayət olunması üçün qurumun əməkdaşları sərgi zallarına tamaşaçıları vaxt intervalları ilə buraxırlar.

Sərginin materialları iki zalda yerləşdirilib. Birinci zalda Azərbaycan xalqının faşizm üzərində qələbənin qazanılmasında rolu əyani nümayiş olunur. Zalda ümumilikdə 20-yə yaxın informasiya panelində və 20 vitrində olan eksponatlar, həmçinin 15-ə yaxın açıq eksponat təqdim olunub.

Sərginin ikinci zalında isə SSRİ, ABŞ və Almaniya ordularının müharibədə istifadə edilmiş hərbi geyim və ləvazimatları göstərilir. Fərdi kolleksiyaçı Azad Hüseynovun illər boyu topladığı materiallar əsasında Sovet İttifaqı, ABŞ və Almaniya ordularının uniforma və ləvazimatları tərtib edilib. Zalda, həmçinin Xalq rəssamı Tahir Salahovun “416-cı atıcı diviziya Taqanroqu azad edir” adlı monumental rəsm əsəri, 10-a yaxın açıq eksponat yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: