Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Görkəmli kimyaçı alim, ziyalı və pedaqoq
09.09.2020 11:34
  • A-
  • A
  • A+

Görkəmli kimyaçı alim, ziyalı və pedaqoq

“Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır”

Ümummilli lider Heydər Əliyev

Azərbaycan kimya elminin zəngin ənənələri və nailiyyətləri ilk növbədə bu sahədə elmi məktəblərin yaradıcıları olan akademiklər Yusif Məmmədəliyevin, Murtuza Nağıyevin, Əli Quliyevin, Vahab Əliyevin, Həbib Şahtaxtinskinin, Sultan Mehdiyevin və başqalarının adı ilə bağlıdır. Bu görkəmli alimlər Azərbaycan elminin inkişafında əvəzsiz rol oynayaraq kimya elminə böyük töhfələr veriblər.

Azərbaycan Elmlər Akademiyasının (EA) həqiqi üzvü, qeyri-üzvi və analitik kimya, qeyri-üzvi maddələrin kimyəvi texnologiyası və mineral xammalın emalı sahələrində görkəmli alim, Qeyri-üzvi və Fizika Kimya İnstitutunun (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) Mineral maddələrin texnologiyası laboratoriyasının qurucusu, Əməkdar elm xadimi, kimya elmləri doktoru, professor Həbibulla Şahtaxtinskini hələ sağlığında da haqlı olaraq Azərbaycan kimyaçılarının ağsaqqalı adlandırırdılar.

Həbibulla Baxşəli oğlu Şahtaxtinski 1900-cu ilin sentyabr ayının 9-da İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Naxçıvan MR) Şahtaxtı kəndində ziyalı ailəsində anadan olub. Onun atası Baxşəli Ağa Şahtaxtinski öz dövrünün çox savadlı şəxsiyyəti olub, tərcüməçi işləyib.

1909-cu ildə İrəvan Klassik Gimnaziyasının birinci sinfinə daxil olan Həbibulla Şahtaxtinski sonuncu sinfə qədər burada təhsil alıb, sonra ikinci Bakı Gimnaziyasının gimnazisti olub, 1920-ci ildə oranı bitirib.

Şərqdə ilk müstəqil Azərbaycan Demokratik Respublikasının qurulmasının canlı şahidi olan H.B.Şahtaxtinski 1920-1921-ci illərdə Əmək Xalq Komissarlığında təlimatçı işləyib.

1921-ci ildə təhsilini davam etdirmək üçün Azərbaycan Dövlət Universitetinə ezam olunan H.B.Şahtaxtinski oranın Tibb fakültəsinin tam kursunu 1926-cı ildə bitirib, həkim diplomu alıb. Eyni zamanda universitetin Tibb fakültəsinin 3-cü kursunda oxuyarkən o, Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Kimya-texnologiya fakültəsinə daxil olub və oranı 1930-cu ildə bitirib mühəndis-texnoloq diplomu alaraq gələcək həyatını bütövlükdə kimya elmi ilə bağlayıb.

Gənc respublikaya savadlı adamlar, ixtisasçılar lazım olduğundan H.B.Şahtaxtinski ali məktəbdə təhsilini davam etdirməklə yanaşı, 1923-cü ildən orta tədris müəssisələrində, fabrik-zavod məktəblərində, fəhlə fakültələrində, texnikumlarda dərs deyib.

Hələ tələbə ikən o, 1924-cü ildə Politexnik İnstitutunda analitik kimya kafedrasının laborantı seçilib, 1926-cı ildə isə ali təhsilli laborant vəzifəsinə keçirilib. 1930-cu ildə H.B.Şahtaxtinski Qeyri-üzvi və analitik kimya kafedrasının assistenti seçilib, bir ildən sonra Miqdari kimyəvi analiz laboratoriyasına rəhbərlik edib. 1934-cü ildən H.B.Şahtaxtinski dosent vəzifəsini icra edib, 1938-ci ildə dosent adına təsdiq olunub və 1937-ci ildən etibarən 22 il ərzində Analitik kimya kafedrasına rəhbərlik edib.

O, 1930-cu ildən başlayaraq müxtəlif vaxtlarda Azərbaycan Dövlət Universitetində, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (Bakıda və Gəncədə), Azərbaycan Tibb İnstitutunda, Azərbaycan Pedoqoji və qiyabi Pedoqoji İnstitutlarında əvəzçiliklə dərs deyib. Hətta akademik olarkən, çox sayda tələbələrinin, aspirantlarının, doktorantlarının olmasına baxmayaraq, kimya və metallurgiya sənayesinin böyük tədqiqat problemləri ilə məşğul olan qocaman alim M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda Qeyri-üzvi madələrin texnologiyası kursunu oxumaq üçün də vaxt tapırdı.

H.B.Şahtaxtinski 30-cu illərdə pedoqoji fəaliyyətlə yanaşı, böyük elmi-tədqiqat işləri də aparıb. Elə bu vaxtlar arsenat-yodometriya sahəsində başladığı tədqiqat işləri sonralar analitik kimyada “arsenat-yodometriya” adlı böyük və vacib bir elm bölməsinin yaranmasına səbəb olub.

Kimya fənninin Azərbaycan dilində tədrisinin əsasını qoyanlardan biri olan H.B.Şahtaxtinskinin 1937-ci ildə çapdan çıxan “Miqdari kimyəvi analiz” dərsliyi sonralar 1953-cu ildə ikinci dəfə nəşr olunub və bu günə qədər ali məktəb və müəllimlərin istifadə etdiyi ən qiymətli vəsaitlərdən biridir.

O, 1940-cı ildə “Yod həlledicilərinin tətbiqi ilə arsenat turşusunun və maqneziumun yodometrik təyini” mövzusunda namizədlik dissertasiyası, 1949-cu ilin fevralında M.V.Lomonosov adına MDU-nun kimya fakültəsinin elmi şurasında “Yodometriyanın arsenat üsulu” mövzusunda isə doktorluq dissertasiyasını müdafiə edib. 1950-ci ilin yanvarında ona professor adı verilib.

Böyük Vətən Müharibəsi illərində H.B.Şahtaxtinski Respublika Xalq Komissarları Sovetinin tapşırığı ilə yerli xammal və materialların emalı əsasında ölkənin müdafiə ehtiyacı üçün döyüş sursatı hazırlayan xüsusi kimya qrupuna rəhbərlik edib. Görülən işə görə o, Azərbaycan SSR Ali Sovetinin fəxri-fərmanı və “1941-1945-ci illər Böyük Vətən Müharibəsində rəşadətli əməyinə görə” medalı ilə təltif olunub.

1959-cu ilin sentyabrında Həbibulla Şahtaxtinskinin təşəbbüsü ilə Azərbaycan EA-nın Kimya İnstitutunda (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri üzvi Kimya İnstitutu) Azərbaycanda elmi istiqamətinə görə yeganə olan Mineral maddələrin texnologiyası laboratoriyası yaradılır və o, özünün tamamilə elmi ideyalarını burada həyata keçirir. 27 il bu laboratoriyada işləyərək ömrünün sonuna kimi Azərbaycanın mineral xammalının öyrənilməsinə və kompleks işlənməsinə dair tədqiqat işləri aparır. Sonralar bu laboratoriya şöbə adını daşıyaraq 4 laboratoriyaya çevrilib və hal-hazırda fəaliyyət göstərirlər:

- Qeyri-filiz mineral xammalın emalı;

- Dəmir və titan tərkibli filiz xammalının emalı;

- Əlvan metal tərkibli mineral xammalın emalı;

- Analitik kimya laboratoriyası.

H.B.Şahtaxtinskinin Azərbaycanın mineral sərvətlərinin emalına aid tədqiqatları əsas mineral xammalların – alunitin, Filizçay polimetal filizinin, Daşkəsən dəmir filizinin, titanlı dəniz qumunun, barıtların, daş duzunun, dolomitlərin emal problemlərini, nadir, səpələnmiş, qara və əlvan metalların kimyası və texnologiyası kimi çox böyük sahələri əhatə edir.

Dünyada ilk dəfə Gəncə-Gil torpaq zavodu öz fəaliyyətinə 1965-ci ildə alunitin emalı ilə başlayıb. Mövcud texnologiyanın təkmilləşdirilməsi, emalın göstəricilərinin yaxşılaşdırılması, istehsal prosesinin müxəlif pillələrində itirilən qiymətli komponentlərin (vanadium və qalliumun) alınması, qaz tullantılarının təmizlənməsi və istifadəsi üzrə tədqiqat işlərinin aparılması H.B.Şahtaxtinskinin rəhbərliyi ilə onun tələbələri tərəfindən davam etdirilib.

Yandırma və reduksiya zamanı alunitin narın fraksiyalarının toz halında itkisini yox etmək üçün alim üyüdülmüş alunitin əvvəlcədən dənəvərləşdirilməsini və prosesin fırlanan sobada aparılmasını təklif edir, nəticədə bu ideya itkinin 20%-ni aradan qaldırmağa imkan verir.

H.B.Şahtaxtinskinin təklif etdiyi digər mühüm üsul alunitin reduksiyası üçün solyar yağı əvəzinə konversiya olunmuş təbii qazdan istifadə edilməsidir. Səmərəli reduksiyaedicinin hesabına materialın reduksiya dərəcəsi artır, bu da öz növbəsində təmiz aluminium oksid və sulfat turşusunun alınmasına səbəb olur.

Bütün bu təkliflər laboratoriya şəraitində işlənib və alınan müsbət nəticələr H.B.Şahtaxtinskinin əməkdaşları tərəfindən Gəncədə böyük miqyaslı əlvan metalların sınaq zavodunda işləyən qurğuda sınaqdan keçirilib.

H.B.Şahtaxtinski və tələbələri tərəfindən aparılan tədqiqatlar nəticəsində alunitin emal prosesində itirilən gallium və vanadiumun istehsal məhsullarından çıxarılması, həm də zəif alunitləşmiş süxurların kombinə edilmiş turşu-qələvi üsulu ilə işlənməsinin elmi əsasları hazırlanıb.

Alunitin kompleks emalı üzrə H.B.Şahtaxtinskinin apardığı işlər bu gün də son dərəcə aktual olduğu üçün, hal-hazırda da institutda “Alunitin yeni emal texnologiyası” adı ilə davam etdirilir.

Akademik H.B.Şahtaxtinskinin öz biliyini və gücünü sərf etdiyi mühüm və böyük problemlərdən biri də əlvan metallurgiya sənayesində alınan və tullantı qazlarının tərkibinə daxil olan kükürd qazlarından elementar kükürdün alınmasıdır. Dünya praktikasında ilk dəfə olaraq, müxtəlif katalizatorlardan istifadə etməklə  kükürd 4-oksidin aşağı temperaturda konversiya qazı ilə reduksiyasının elmi əsasları işlənilib hazırlanıb. Keçmiş SSRİ Əlvan metallurgiya sənayesi nazirliyi tərəfindən bu metod yüksək qiymətləndirilib və qərara alınıb ki, bu metod Norilsk metallurgiya kombinatında mis zavodunda tətbiq olunsun. Sonralar bu proses alimin tələbələri tərəfindən Ryazan metallurgiya zavodunda yarım-sənaye qurğusunda sınaqdan keçirilib və Norilsk metallurgiya kombinatında mis zavodunda tətbiq edilib.

Çox zəngin təbii ehtiyata malik, tərkibində 40-a qədər qiymətli element olan Filizçay polimetal filizinin kompleks emalı problemi də H.B.Şahtaxtinskinin elmi fəaliyyətində çox mühüm bir mərhələni təşkil edir. Belə ki, onun bilavasitə rəhbərliyi altında filizin zənginləşməsindən alınan ayrı-ayrı selektiv konsentratların (mis, sink, qurğuşun və pirit), kollektiv konsentratın və birbaşa filizin işlənməsinin yeni texnoloji sxemləri işlənilib hazırlanıb.

H.B.Şahtaxtinski tərəfindən irəli sürülən daha mühüm bir problemi də qeyd etmək lazımdır. Daşkəsən dəmir filizini və titan-maqnetit konsentratlarını təbii qazla birbaşa reduksiya etməklə polad əritmə, ovuntu metallurgiyası və s. istehsal sahələri üçün reaktiv təmizliyə malik çox qiymətli xammalların (dəmir, titan 4-oksid, vanadium 5-oksid, atom birləşmələri) alınması və filizin zənginləşməsi nəticəsində alınan tullantılardan maqnetit və mis-kobalt konsentratının çıxarılmasının texnologiyası işlənib hazırlanıb və sınaqdan keçirilib.

H.B.Şahtaxtinskinin yaradıcılığını Sovet alimlərindən akademiklər I.V.Tananayev, I.P.Alimarin, H.V.Javoronkov və başqaları yüksək qiymətləndiriblər. M.V.Lomonosov adına MDU-nun Kimya fakültəsinin Elmi şurasında H.B.Şahtaxtinskinin Azərbaycan EA-nın həqiqi üzvlüyünə namizədliyini – A.A.Balandin, S.I.Valikoviç, V.A.Karqin, A.N.Nesmenyanov, P.A.Rebinder, A.N.Frumkin və başqaları yekdilliklə müdafiə ediblər. O, 1967-ci ildə birbaşa Azərbaycan EA-nın həqiqi üzvü seçilib.

Uzun illər pedoqoji fəaliyyəti dövründə H.B.Şahtaxtinski respublikamızda, eləcə də onun hüdudlarından kənarda işləyib və hazırda işləyən minlərcə mühəndis, müəllim, həkim, aqronom, elmi işçilər hazırlayıb, onlara kimyanın əsaslarını öyrədib. Qeyd etmək kifayətdir ki, müxtəlif vaxtlarda və müxtəlif tədris müəssisələrində onun tələbələri sırasında sonradan görkəmli alim və ictimai xadim olan Sosialist Əməyi Qəhramanları Rüstəm İsmayılov və Murtuza Nağıyev, akademik Əli və Ələddin Quliyevlər, Soltan Mehdiyev, İmam Mustafayev, Vəli Axundov, Əliəşrəf Əlizadə, Şəfahət Mehdiyev, Toğrul Şahtaxtinski, Musa Musayev və başqalarını göstərmək olar. O, Azərbaycanda kimya elminin klassiki, əsl mənada respublika kimyaçılarının ağsaqqalı, istedadlı pedaqoq və gözəl insan idi.

H.B.Şahtaxtinskinin elmi işlərinin nəticələri 7 monoqrafiya və dərslikdə, 400 elmi məqalədə, müəllif şəhadətnamələrində və elmi hesabatlarda ümumiləşdirilib. O, 40-a yaxın elmlər namizədi və doktoru, minlərlə mühəndis-texnoloq, kimyaçı, müəllim və elmi işçilər hazırlayıb. Dünya şöhrətli xarici alimlərin monoqrafiyalarında H.B.Şahtaxtinskinin əsərlərinə bu gün də çox sayda istinad olunur. Onun 30-dan çox elementi filiz, ərinti və daş süxurlarında təklif etdiyi metodla təyini keçmiş ittifaqda, həm də xaricdə tanınıb və ədəbiyyata “H.Şahtaxtinski metodu” kimi düşüb.

Uzun müddət səmərəli elmi-pedoqoji fəaliyyətinə görə akademik H.B.Şahtaxtinski “Oktyabr inqilabı” ordeni (1971), bir neçə medallar və Azərbaycan SSRİ Ali Sovet Rəyasət heyətinin fəxri fərmanları ilə təltif olunub. 1974-cü ildə ona Azərbaycanın Əməkdar elm xadimi fəxri adı verilib.

Akademik H.B.Şahtaxtinskinin 120 illik yubileyi ərəfəsində biz alimin irsini, onun elmi uzaqgörənlik istedadını, perspektiv elmi ideyalarını minnətdarlıqla qiymətləndiririk. Onun elmdə yaratdığı yeni istiqamətlər, müstəqil Azərbaycanın iqtisadi potensialının yüksəldilməsi və ehtiyatların səmərəli istifadə olunması üçün bu gün xüsusən aktualdır.

Həbibulla Baxşəli oğlu Şahtaxtinskini tanıyanlar, onunla işləyənlər və ondan öyrənmək xoşbətliyinə nəsib olanlar öz talelərinə minnətdar olmalıdırlar.

Dilqəm Tağıyev, AMEA-nın vitse-prezidenti, akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik

Arif Heydərov, Əlvan metal tərkibli mineral xammalın emalı laboratoriyasının müdiri, professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: