Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Polad Bülbüloğlu “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu”nu rusiyalı alimə təqdim edib
09.09.2020 09:09
  • A-
  • A
  • A+

Polad Bülbüloğlu “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu”nu rusiyalı alimə təqdim edib

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu”nu görkəmli oftalmoloq, Rusiya Elmlər Akademiyasının (REA) üzvü Alevtina Brovkinaya təqdim edib.

Ölkəmizin Moskvadakı səfirliyində Polad Bülbüloğlu görkəmli alim, oftalmoloq, REA-nın üzvü Alevtina Brovkina ilə görüşüb, ali mükafatı ona təqdim edib, Prezident İlham Əliyevin təbrik məktubunu oxuyub.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında elmi əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Alevtina Fyodorovna Brovkina “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu” ilə təltif edilib.

A.Brovkina mükafata görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirərək, qeyd edib ki, Azərbaycan onun üçün doğma ölkədir. “Məni Azərbaycanla görkəmli oftalmoloq Zərifə Əliyeva və görkəmli dövlət xadim Heydər Əliyevlə xatirələrim bağlayır. Azərbaycan Prezidenti İlham Əliyevin mənə olan diqqəti sevindiricidir. Mən ona sonsuz təşəkkürümü bildirirəm”, - deyə rusiyalı alim bildirib.

Azərbaycan ilə Rusiya arasında səhiyyə sahəsində əlaqələrin inkişafında mühüm rolu olan A.Brovkina göz xəstəliklərinin bir sıra qabaqcıl müalicə üsullarının müəllifidir.

Bu il 90 yaşı tamam olan alimə səfirlik adından ümummilli lider Heydər Əliyev və Bakı haqqında kitablar, suvenirlər təqdim edilib.

AZƏRTAC

  • Paylaş: