Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AzScienceNet şəbəkəsinin maddi-texniki bazası gücləndirilir
09.09.2020 09:15
  • A-
  • A
  • A+

AzScienceNet şəbəkəsinin maddi-texniki bazası gücləndirilir

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclasında müzakirə olunan məsələlərdən biri də AzScienceNet elm-kompüter şəbəkəsinin Verilənlərin Emalı Mərkəzinin (VEM) yeni binaya köçürülməsi ilə bağlı olub.

Tədbirdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək bildirib ki, VEM-in yeni korpusa köçürülməsinə dair tədbirlər planı hazırlanıb. O, AzScienceNet-in infrastrukturunun genişləndirilməsi, VEM-in texniki imkanlarının artırılması və təhlükəsizliyinin təmini ilə bağlı görüləcək işlər barədə ətraflı məlumat verib.

Sonra institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev AzScienceNet-in köçürülməsi işlərinin davam etdirilməsinə baxmayaraq, şəbəkənin fasiləsiz iş rejiminin təmin olunduğunu nəzərə çatdırıb. Bildirib ki, tədbirlər planında qeyd olunan bütün vəzifələr ardıcıllıqla yerinə yetirilir.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev AzScienceNet-in maddi-texniki bazası və kadr potensialının gücləndirilməsinin qarşıda duran əsas vəzifələrdən olduğunu söyləyib. Azərbaycan elmi-tədqiqat və təhsil mühitinin Avropa fəzasına inteqrasiyasında mühüm rol oynayan AzScienceNet şəbəkəsinin müasir tələblərə cavab verməsi üçün yeni binanın zəruri avadanlıqlarla təchiz olunmasının önəmini vurğulayıb. Qeyd edib ki, burada yerli və xarici qonaqlarla işgüzar görüşlərin keçirilməsi üçün lazımi şərait yaradılmalı, şəbəkənin köçürülməsi ilə bağlı bütün məsələlərə diqqət yetirilməlidir.

Alim, həmçinin institutun bütün şöbələrində olduğu kimi, VEM-in yeni binasında da Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət etməyin və şəbəkənin Əsasnaməsində yer alan müddəaların nəzərə alınmasının son dərəcə vacib olduğunu bildirib.

Akademik R.Əliquliyev AMEA-nın elmi müəssisə və təşkilatlarına zəruri İnternet xidmətləri göstərən, eləcə də ölkəmizin elm və təhsil qurumlarının Avropanın Elm və Təhsil Şəbəkəsinə (GEANT) inteqrasiyasını təmin edən AzScienceNet-in yeni binaya köçürülməsi işlərinin institutun rəhbərliyi tərəfindən nəzarətə götürüldüyünü diqqətə çatdırıb.

Sonda məsələ ilə bağlı müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: