Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Professor Adil Əliyevi 90 illik yubileyi münasibətilə təbrik edirik!
07.09.2020 09:37
  • A-
  • A
  • A+

Professor Adil Əliyevi 90 illik yubileyi münasibətilə təbrik edirik!

Bu gün görkəmli neftçi-geoloq, geokimyaçı və vulkanoloq, AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin rəhbəri, g.-m.e.d., professor Adil Əliyevin 90 yaşı tamam olur.

Adil Abbasəli oğlu Əliyev 1930-cu il sentyabr ayının 7-də Bakıda anadan olub. O, 1949-cu ildə paytaxtın 3 nömrəli orta məktəbini müvəffəqiyyətlə başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinə (hazırda Bakı Dövlət Universiteti) qəbul olub. 1954-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirərək, neftçi-geoloq ixtisasına yiyələnib. Alim elmi fəaliyyətinə həmin ilin yanvar ayından Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda (indiki GGİ) başlayıb.

O, 1954-cü ildə “Neft və qazın geologiyası” ixtisası üzrə aspi­ran­tu­raya qəbul olunub, 1958-ci ildə namizədlik dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsini alıb. Bir ildən sonra böyük elmi işçi vəzifəsinə yüksələn alim sonrakı illərdə Bituminologiya və süxurların üzvi maddələri (1969-1970) və Palçıq vulkanlarının geokimyası (1972-1986) laboratoriyalarına rəhbərlik edib. 1986-1990-cı illərdə Suriya Neft Şirkətində (Dəməşq şəhərində) baş mühəndis-geokimyaçı və elmi məsləhətçi vəzifələrində işləyib. A.Əliyev 1992-ci ildə “Palçıq vulkanizminin geo­kim­yası və böyük dərinliklərin neft-qazlılığı” mövzusunda doktor­luq dissertasiyasını müdafiə edib. 1997-ci ildən Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinə rəhbərlik edir.

İstedadlı alim 90-cı illərdən Bakıda fəaliyyət göstərən  nüfüzulu neft şirkətləri (“BP”, “Statoil”, “Amoko”, “Ekson” və s.), Avropa və qərb universitetləri (İtaliya, Almaniya) ilə Azərbaycanın geologiyasını, o cümlədən palçıq vulkanlarını tədqiq edir. Elmi fəaliyyəti dövründə bir sıra beynəlxalq elmi layihələrə, ekspedisiyalara və s. rəhbərlik edib.  Onun rəhbərliyi altında MDB, Almaniya, İtaliya və digər  ölkələrin nüfuzlu alimləri ilə birgə Qafqazın, Azov və Qara dənizin geologiyası, palçıq vulkanizmi geokimyasına dair fundamental və tətbiqi əhəmiyyətli elmi araşdırmalar aparılıb.

Palçıq vulkanlarının genezisi, təsnifatı, neft-qazlılıqla əlaqəsi, eləcə də vulkan məhsulunun əlverişli geokimyəvi xüsusiyyətləri nəzərə alınmaqla dərində yatan çöküntülərin neft-qaz əmələgəlmədə rolu, palçıq vulkanizmi və seysmik aktivlik arasında mümkün əlaqələrin araşdırılması və s. istiqamətlərin öyrənilməsində A.Əliyevin əldə etdiyi elmi nəticələrin yeniliyini xüsusilə qeyd etmək lazımdır.

Dünyanın geologiya elmində misilsiz töhfə kimi dəyərləndirilən və ilk dəfə olaraq Azərbaycan alimlərinin təşəbbüsü ilə ərsəyə gətirilən “Dünya palçıq vulkanları” atlası professor A.Əliyevin rəhbərliyi altında hazırlanıb, üç dildə İtaliyanın nüfüzlu nəşr evində çap edilib. Akademiyanın 70 illiyinə həsr olunan bu nadir elmi əsər özündə dünyanın 42 ölkəsinin 2 500 palçıq vulkanına dair bütün məlumatları əks etdirir. Alimin zəngin məlumatların, faktiki materialların yerli və xarici mənbələrin əsasında sistemləşdirildiyi bu əsərdə indiyədək palçıq vulkanizmi sahəsində mübahisə doğuran bir sıra məsələlərə aydınlıq gətirilib, yeni elmi nəticələr ortaya qoyulub.

Azərbaycandakı palçıq vulkanlarının mühafizə olunması və bu geoloji irsin gələcək nəsillərə təbiətin əmanəti kimi çatdırılmasında professor A.Əliyevin əməyi və qətiyyəti diqqətəlayiqdir. Alimin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  nəzdində Bakı və Abşeron Yarımadası Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğunun yaradılmasında səyləri, palçıq vulkanlarının təbii landşaftını və görünüşünü pozanlara qarşı, eyni zamanda, vulkan ətrafında həyata keçirilən tikinti layihələrinin risk faktoruna dair onlarca rəsmi və publistik müraciətləri layiqincə dəyərləndirilib.

Professor A.Əliyevin rəhbərliyi altında Rusiya, Ukrayna, Almaniya, Fransa və s. ölkələrin elmi mərkəzləri ilə Azərbaycanın palçıq vulkanlarının öyrənilməsi ilə əlaqədar müqavilə əsaslı işlər görülüb. Yeni istiqamət – palçıq vulkanlarında aksessor minerallaşma yaradılıb, qızıl, mis və digər yeni mineral və əmələgəlmələr aşkar edilib.

Azərbaycanda yanar şistlərin və təbii bitumların öyrənilməsinin bərpası (müstəqillikdən sonra), elm aləmi üçün olduqca əhəmiyyətli hesab edilən “Dünya palçıq vulkanları atlası”nın üç dildə İtaliyada nəşr edilməsi də alimin adı ilə bağlıdır. 

2011-ci ilin aprel ayında “BP” şirkəti ilə “Şərqi Azərbaycanın palçıq vulkanlarının püskürmə materialları əsasında dərində yerləşən Paleogen-Miosen çöküntülərinin terrigen-karbonat süxurlarının tədqiqi” mövzusunda müqavilə işi tamamlanıb və elmi hesabat hazırlanıb.

Onun rəhbərliyi ilə AR Prezidenti yanında Elmin İnkişafı Fondu xətti üzrə dəyəri 1 milyon manat məbləğində olan “Azərbaycan nefti” adlı 2 illik pilot qrant layihəsi alınıb. Alimin rəhbərlik etdiyi Palçıq vulkanizmi şöbəsi tərəfindən turizm ili ilə əlaqədar dövlət proqramına əsasən, “Azərbaycanın palçıq vulkanları” adlı bələdçi kitabçası, buklet və 3 turist marşrutu üçün palçıq vulkanlarının pasportları hazırlanıb.

A.Əliyev 300-dən çox elmi əsərin, o cümlədən 15 kitabın müəllifidir. Onun elmi əsərləri nüfuzlu jurnallarda çap olunub, xaricdə və ölkəmizdə keçirilən beynəlxalq konqres, simpozium, konfrans materiallarında əksini tapıb. Son illər ərzində professorun rəhbərliyi ilə 10-a yaxın elmlər və fəlsəfə doktoru hazırlanıb.

Alim GGİ-də “Neft və qaz geologiyası və geokimyası” seksiyasının rəhbəri, institutun Elmi şurasının, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komitəsinin Ekspert Komissiyasının üzvüdür. Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi 55 ildən çoxdur ki, geologiya elminin təbliğində fəallıq göstərir.

Görkəmli alimin elmi və ictimai fəaliyyəti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. O, 2005-ci ildə "Azərbaycan Respublikasının Əməkdar elm xadimi" fəxri adına, 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2010-cu ildə Azərbaycan Respublikası Dövlət mükafatına, 2018-ci ildə “Şöhrət” ordeninə layiq görülüb və bir çox medal, diplom, fəxri fərmanlarla təltif edilib.

Professor Adil Əliyevi 90 illik yubileyi münasibətilə təbrik edir, ona bundan sonrakı çoxsahəli fəaliyyətində daha böyük uğurlar və möhkəm cansağlığı arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: