Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Gənc alim beynəlxalq konfransda Hüseyn Cavidin yaradıcılığından danışıb
03.09.2020 11:48
  • A-
  • A
  • A+

Gənc alim beynəlxalq konfransda Hüseyn Cavidin yaradıcılığından danışıb

Ərzurum şəhərində Beynəlxalq Elmlər Akademiyasının təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin Zəfər bayramına həsr olunan III Beynəlxalq Sosial Elmlər onlayn konfransı keçirilib.

Beş ölkədən tanınmış alimlərin qatıldığı tədbirdə AMEA Hüseyn Cavidin Ev Muzeyinin dissertantı Könül Məhərrəmova iki bölmə üzrə məruzələrlə çıxış edib. Gənc alimin “Hüseyn Cavid şəxsiyyəti Türkiyə ədəbiyyatşünaslığında” və “Hüseyn Cavid yaradıcılığının dil və üslub xüsusiyyətləri Türkiyə ədəbiyyatşünaslığında” adlı məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

K.Məhərrəmova bildirib ki, türk xalqlarının ədəbiyyatı tarixində öz incə ruhu, zərif qələmi ilə oxucularının qəlbində məskən salan Hüseyn Cavid həyatı və yaradıcılığı boyu hər zaman Turan eşqini bəyan edib. O, Türkiyə ədəbiyyatşünaslarının Hüseyn Cavidin böyük ədəbi şəxsiyyətinə və əbədiyaşar bədii irsinə daim xüsusi maraq göstərdiklərini, təhlil və tədqiqat obyektinə çevirdiklərini vurğulayıb: “Həm Hüseyn Cavid yaradıcılığına, həm türk xalqlarının siyasi və mədəni tarixinə, həm də bu gün Türkiyə-Azərbaycan qardaşlığına nəzər saldıqda görürük ki, türkün yüksəlişi yalnız türkün birliyi ilə mümkündür”. 

Onlayn konfransın yekununda Könül Məhərrəmova Beynəlxalq Elmlər Akademiyasının sertifikatına layiq görülüb. Təşkilat komitəsi məruzələrin tam mətninin ayrıca nəşr olunacaq topluya daxil ediləcəyini bildiriblər.

Qeyd edək ki, Könül Məhərrəmovanın elmi rəhbəri AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: