Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Dendrologiya İnstitutu Hirkan Milli Parkı haqqında videosüjet hazırlayıb
01.09.2020 10:31
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutu Hirkan Milli Parkı haqqında videosüjet hazırlayıb

AMEA-nın Dendrologiya İnstitutu tərəfindən Hirkan Milli Parkının flora və fauna növlərinin müxtəlifliyindən bəhs edən videosujet hazırlanıb.

Videosujetdə qeyd olunur ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2004-cü ilin 9 fevral tarixində yaradılmış Hirkan Milli Parkı Azərbaycanın cənubi-şərqində, Lənkəran inzibati rayonunun ərazisində yerləşir.

Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir.

Bildirilir ki, Parkın ərazisinin çox hissəsi meşələrlə örtülüdür. Şərqdən qərbə dağlara qalxdıqca, meşələrin şaquli qurşaqlar üzrə dəyişdiyini müşahidə etmək olar: aşağı hissədə əsasən, şabalıdyarpaq palıd, dəmirağac və vələsin (Lənkəran akasiyası, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, Azat, və s. ilə birlikdə) üstünlük təşkil etdiyi meşələr yayılıb.

Hündürlüyə qalxdıqca, əsasən dəmirağac, qismən də şabalıdyarpaq palıd azalır, onları fıstıq meşələri əvəz edir. Milli Parkın meşələrində ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar geniş yayılıb. Bu bitkilərin əksəriyyətinin adı Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilib.

Hirkan Milli Parkının ornitofaunasına daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, toğlugötürən və s. quşların adları Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilib.

Videosujetdə, həmçinin vurğulanır ki, Hirkan Milli Parkı ölkə Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarını, eləcə də Nazirlər Kabinetinin müvafiq qərarlarını rəhbər tutaraq ən yüksək səviyyədə mühafizə olunur. 2019-cu il ərzində Parkda heç bir qanun pozuntusuna yol verilməyib və "Qırmızı Kitabı"a daxil edilmiş fauna növlərinin odlu silahla vurulması və ya məhv edilməsi müşahidə olunmayıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: