Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanda daha 22 seysmik stansiya quraşdırılacaq
26.08.2020 14:13
  • A-
  • A
  • A+

Azərbaycanda daha 22 seysmik stansiya quraşdırılacaq

Ukraynanın Elm və Texnologiya Mərkəzinin “Qafqazda və Mərkəzi Asiyada Seysmik Şəbəkənin Genişləndirilməsi” (Seismic Network Expansion in the Caucasus and Central Asia) layihəsinin icrası ilə əlaqədar avqustun 25-də tərəfdaş ölkələrin müvafiq təşkilatlarının nümayəndələrinin videokonfransı keçirilib.

İclasda akademiyanın Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban YetirmişliBeynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.

Xarici tərəfdaş ölkələrdən isə Ukraynanın Elm və Texnologiya Mərkəzinin ölkələrarası əməkdaşlıq layihələri üzrə meneceri Yelena Taberko, Miçiqan Dövlət Universitetinin Geoloji elmlər şöbəsinin seysmoloji laboratoriyasının baş mühəndisi Daniel Burk, Qazaxıstan Milli Məlumat Mərkəzinin direktoru Natalya Mixaylova, ABŞ-ın Livermor Milli Laboratoriyasının (LML) Seysmoloji layihələr departamentinin rəhbəri Rengin Gök, ABŞ Birləşmiş Seysmoloji Tədqiqat İnstitutlarının (IRIS) prezidenti Robert Vudvard, IRIS Stansiya yerləşdirmə koordinatoru Ryan Bierma, menecer Bob Busby, proqram meneceri Katrin Hafner, stansiya mütəxəssisi Jeremy Miner, layihə meneceri Kasey Aderhold, Miçiqan Dövlət Universitetinin Yer və ətraf mühit elmləri departamentinin professoru Kevin Mackey, Gürcüstan Seysmik Monitorinq Mərkəzinin direktoru Tea Qodoladze və digərləri iştirak ediblər.

İclasda əsas müzakirələr layihə çərçivəsində Azərbaycanda quraşdırılacaq 22 seysmik stansiyaya dair görülən hazırlıq işləri ilə bağlı olub. Bildirilib ki, RSXM-nin əməkdaşları tərəfindən respublika ərazisində stansiyaların yerləşdiriləcəyi yerlər seçilib, texniki ölçmə işləri aparılıb. Hazırda bu istiqamətdə digər tədbirlərin görülməsi davam etdirilir. Müzakirələr zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, sözügedən layihə çərçivəsində 2021-ci ildə Azərbaycana daha 22 seysmik stansiya alınıb gətiriləcək. Həmin stansiyaların quraşdırılmasından sonra respublika ərazisində RSXM-nin stansiyalarının ümumi sayı 84-ə çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: