Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Naxçıvan Bölməsində istehsal olunan məhsulların sayı artır
20.08.2020 16:11
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində istehsal olunan məhsulların sayı artır

AMEA-nın Naxçıvan Bölməsində elmi istehsalatın hazırlığının vəziyyəti ilə bağlı tədbir keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev yığıncaqda bu qurumun tərkibindəki müəssisələrdə aparılan tədqiqatlardan, əldə edilən nəticələrdən danışıb. Bildirib ki, elmə, onun inkişafına dövlət qayğısı sayəsində elmi tədqiqatların maddi-texniki bazasının möhkəmləndirilməsi səmərəli nəticələrin əldə olunmasına şərait yaranıb.

Akademik son illər bölmənin Təbii EhtiyatlarBioresurslar institutlarının laboratoriyalarında tətbiqyönümlü tədqiqatlar aparıldığını deyib. O qeyd edib ki, Təbii Ehtiyatlar İnstitutunda Darıdağ arsenli suyundan quru qalığın alınması üçün istehsal şəraiti yaradılıb, eyni zamanda, Biləv zəy süxurundan üç birləşmənin alınması istiqamətində geniş tədqiqatlar aparılıb. Müalicəvi “Şorsu” palçığı həm krem, həm də quru toz formasında qablaşdırılaraq əczaxanalara satışa göndərilib, o cümlədən Qabıllı və Duzdağdan gətirilən gil nümunələrinin tərkibi müəyyən edilib, gil yuyucu material həm toz, həm də pasta formasında istehsalına başlanılıb.

“Tədqiqatlar nəticəsində muxtar respublika ərazisində yem, dərman, efir yağlı, boyaq əhəmiyyətli, bal verən, yeyilən yabanı qida bitkiləri, aşı maddəli, lifli, kitrəli, qlükozidli, alkaloidli, vitaminli, kosmetik və digər olmaqla, faydalı bitki qrupu müəyyən edilib”, - deyən İsmayıl Hacıyev bölmənin Bioresurslar İnstitutunda steril şəraitdə qurudulan dərman bitkilərdən 16 adda ürək və qan-damar sistemi, mədə-bağırsaq, qaraciyər, duzlaşma, şəkər və digər xəstəliklərin müalicəsində istifadə edilməsi üçün xüsusi təcrübələrlə yoxlanılmış reseptlər əsasında dərman bitkisi qarışığı hazırlandığını söyləyib. O, dərman bitkisi qarışığının Naxçıvan şəhərində və regionun müxtəlif əczaxanalarında satışa çıxarıldığını diqqətə çatdırıb.

Vurğulanıb ki, artıq institutun Biokimyəvi tədqiqatlar laboratoriyasında gülab istehsal edilir. Laboratoriyada, həmçinin dağ nanəsi, kəklikotu, üzərlik, yovşan, razyana, dazı və digər 14 bitki toxumundan yağlar, gülxətmi, sumaq, boymadərən, çölnanəsi və başqa 18 adda bitki ekstraktı, bundan başqa, müxtəlif çeşidli mürəbbə, doşab və kompotlar, həmçinin dezinfeksiya, müalicəvi dərman məqsədi ilə istifadə edilən suyun da alınmasına başlanılıb ki, yaxın gələcəkdə onların istehsalatını genişləndirilməsi və satışa verilməsi nəzərdə tutulur.

Biоkimyəvi tədqiqatlar labоratоriyasının elmi işçisi Aydın Qəmbərov iştirakçılara bitkilərdən dərmanların, müxtəlif yağların alınma mərhələsi, onların qablaşdırılması barədə ətraflı məlumat verib.

Sonda İsmayıl Hacıyev Naxçıvanın təbii sərvətlərinin öyrənilməsi üçün əlverişli şərait yaradan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: