Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“İlandağ” geoparkının yaradılması ilə əlaqədar İşçi qrupunun 8-ci iclası keçirilib
20.08.2020 15:15
  • A-
  • A
  • A+

“İlandağ” geoparkının yaradılması ilə əlaqədar İşçi qrupunun 8-ci iclası keçirilib

AMEA-nın Naxçıvan Bölməsində “İlandağ” geoparkının yaradılması ilə əlaqədar İşçi qrupunun 8-ci iclası keçirilib.

Tədbir çərçivəsində İşçi qrupunun geoparkın yerləşəcəyi ərazinin kompleks qiymətləndirilməsi ilə bağlı gördüyü işlər, hazırlanmış materiallar və xəritələr müzakirə edilib.

İclası bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri muxtar respublika ərazisində YUNESKO səviyyəli “İlandağ” geoparkının yaradılması ilə bağlı lazımı işlərin həyata keçirilməsini tapşırıb. Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Naxçıvan Dövlət Universitetinin mütəxəssislərindən ibarət yaradılmış İşçi qrupu tərəfindən artıq müəyyən işlərin görüldüyü diqqətə çatdırılıb. Vurğulanıb ki, 2019-cu ilin may ayından Ordubad, Culfa və Babək rayonları ərazisinə ekspedisiyalara gedilib. 1700 kvadrat kilometr sahəni əhatə edən “İlandağ” geoparkının layihələndirilən ərazisinin xəritəsi, bu ərazidə yerləşən tarix-mədəniyyət və arxeoloji abidələrin siyahısı, geoloji, ekoloji, biomüxtəliflik təsvirləri verilib, pasport qeydiyyat kartları hazırlanıb. Nadir təbiət, tarix-memarlıq və arxeoloji obyektlər barədə məlumatlar hazırlanıb və kompüter məlumat bazasının yaradılması üçün materiallar sistemləşdirilib.

İclasda, həmçinin ərazinin geomorfoloji, landşaft materialları, xəritələri və həyata keçirilməsi nəzərdə tutulan digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İşçi qrupunun növbəti iclasının sentyabr ayının əvvəlində keçirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: