Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Mədəniyyət” kanalında akademik Rafael Hüseynovun “Bakıxanovlar” adlı müəllif filmi nümayiş olunub
20.08.2020 14:39
  • A-
  • A
  • A+

“Mədəniyyət” kanalında akademik Rafael Hüseynovun “Bakıxanovlar” adlı müəllif filmi nümayiş olunub

“AzTV”nin “Mədəniyyət” kanalında AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun “Bakıxanovlar” adlı müəllif filmi nümayiş olunub.

Sənədli filmdə akademik Rafael Hüseynova müsahibə verən Bakıxanovlar nəslinin tanınmış nümayəndəsi – görkəmli tarzən, Xalq artisti Əhməd Bakıxanovun oğlu, Azərbaycanın ilk skripkaçı solisti, bəstəkar, SSR Xalq artisti Tofiq Bakıxanov təmsil etdiyi nəslin Azərbaycan tarixində rolundan danışıb. Azərbaycanın tanınmış alimi, tarixçi, şair, tərcüməçi, ictimai xadim Abbasqulu Ağa Bakıxanovun nəticəsi olan T.Bakıxanov bildirib ki, Bakıxanovlar nəslinin nümayəndələri daim Azərbaycan xalqına xidmət ediblər. Bu nəsil çoxlu sayda həkim və generallar, alim və musiqiçilər yetişdirib. Ölkədə böyük xidmətləri ilə tanınmış Bakıxanovlar maarifpərvər olub, Azərbaycanın mədəni həyatı ilə həmişə maraqlanıblar.

Filmdə universal zəkaya sahib Abbasqulu ağa Bakıxanovun Azərbaycan maarifçiliyinin inkişafında əvəzsiz xidmətlərindən bəhs olunur, onun əbədi yaşayan əsərlər yaratması ilə millətin xatirəsində həmişəlik qalacağı bildirilir. Qeyd olunur ki, ən müxtəlif elm sahələrinə bələd şəxsiyyət olan Bakıxanov Azərbaycan elmi tarixini yaradıb. Abbasqulu ağa Bakıxanovun əsərləri ilə yanaşı, məktublarının da günümüzə gəlib çatdığı, şeir və qəzəllərinə çoxlu sayda mahnılar bəstələndiyi və bu istiqamətdə T.Bakıxanovun böyük xidmətləri olduğu vurğulanır. Qubanın Əmsar kəndində Abbasqulu ağa Bakıxanovun ev muzeyinin fəaliyyət göstərdiyi də diqqətə çatdırılır.

T.Bakıxanov sənədli filmdə atası – ömrünün çox hissəsini musiqi kadrlarının yetişdirilməsinə həsr etmiş görkəmli tarzən, pedaqoq, musiqi xadimi, Azərbaycanın əməkdar müəllimi və xalq artisti Əhmədxan Bakıxanovla bağlı xatirələrini bölüşüb, onun tara olan sevgisindən danışıb. O, Ə.Bakıxanovun represiyalar dövründə həbsindən danışaraq onun həbsdən çıxarılmasında Üzeyir Hacibəyovun xidmətlərini xüsusi vurğulayıb. T.Bakıxanov hazırda Xalq çalğı alətləri ansamblının Əhməd Bakıxanovun adını daşıdığını da qeyd edib.

Bəstəkar, həmçinin nəslin nümayəndələrindən biri olan muğamın mahir bilicisi, Azərbaycan çalğı musiqisinin görkəmli nümayəndəsi, tarzən, Azərbaycan SSR əməkdar artisti Məmmədxan Bakıxanovun həyat və yaradıcılığından bəhs edib, onun gördüyü işlərdən söz açıb.

Filmdə qeyd olunur ki, ömrü boyu mənsub olduğu nəslin ənənələrini şərəflə davam etdirən Tofiq Bakıxanov öz xidmətləri ilə Azərbaycan musiqisini bu gün də bütün dünyada ucaldır. Onun “Xəzər balladası” Fransada 30 dəfə uğurla nümayiş etdirilib. Fransa qəzetləri bu barədə ay boyu tərif dolu məqalələr dərc ediblər.

Sonda vurğulanır ki, böyük Bakıxanovlar nəslinin adı, şöhrəti yalnız keçmişdə, tarix kitablarında qalmayıb, onların davamçıları bu gün də yaşayır və Azərbaycan tarixində, mədəniyyətində, incəsənətində iz qoyurlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: