Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Rəyasət Heyətinin üzvləri Şəki Regional Elmi Mərkəzində görüş keçirmişlər
21.11.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin üzvləri Şəki Regional Elmi Mərkəzində görüş keçirmişlər

Bu gün AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Yer Elmləri Bölməsinin akademik-katibi, akademikFəxrəddin Qədirov, AMEA İşlər İdarəsinin müdiri Fətəli Abdullayev və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Şəki Regional Elmi Mərkəzində (ŞREM) gələcək inkişaf proqramlarının, prioritet istiqamətlərin və elmi mərkəzin yeni strukturunun müzakirə edilməsi məqsədi ilə Şəki şəhərində olmuşlar. 

Qonaqlar Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşdükdən sonra Şəki Regional Elmi Mərkəzinə gəlmiş, müəssisənin struktur bölmələri ilə tanış olmuş və kollektivlə görüş keçirmişlər.

Görüşü giriş sözü ilə açan akademik F.Qədirov AMEA-da aparılan son islahatlar haqqında qısa məlumat verdikdən sonra, AMEA-nın vitse-prezidenti İ.Quliyev çıxış etmişdir. Akademik fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Yusif Şükürlünü ŞREM-ə direktor təyin edilməsi münasibəti ilə təbrik etdikdən sonra mərkəzin gələcək inkişaf planları və qarşıda duran vəzifələr haqqında söhbət açmışdır. O, ŞREM-in gələcəkdə təkcə Şəkidə deyil, Azərbaycanın Şimal-Qərb regionunu əhatə etməklə geniş fəaliyyət göstərməsində AMEA rəhbərliyinin maraqlı olduğunu və bu istiqamətdə real addımlar atılmasının vaxtı çatdığını vurğulamışdır. İ.Quliyev onu da diqqətə çardırmışdır ki, bu işdə AMEA rəhbərliyi mərkəzə lazım olan köməkliyi göstərəcəkdir.

 ŞREM-in direktoru Y.Şükürlü yeni vəzifəyə təyin olunduqdan sonra mərkəzdə görülən işlər və həyata keçirilən kadr dəyişiklikləri barədə qısa məlumat vermişdir. 

AMEA İşlər İdarəsinin müdiri F.Abdullayev və RSXM-in direktoru Q.Yetirmişli də öz çıxışlarında gələcəkdə ŞREM-in fəaliyyətinin genişləndirilməsindən və bu iş üçün müvafiq strukturların mərkəzə yardım edəcəklərindən danışmışlar.

 ŞREM-in əməkdaşlarından pedaqoji elmlər doktoru Firədun İbrahimov və filologiya elmləri üzrə fəlsəfə doktoru Ulduz Mürşüdova çıxış edərək öz işləri haqqında məlumat vermiş və eyni zamanda qarşılaşdıqları problemləri qonaqladın diqqətinə çatdırmışlar. 

Yığıncağın sonunda AMEA-nın vitse-prezidenti İ.Quliyev bugünkü görüşün mərkəzin fəaliyyətində əsaslı dönüş yaradacağına və qaldırılan məsələlərin tezliklə öz həllini tapacağına əmin olduğunu bildirmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.

  • Paylaş: