Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

TƏBİB-in İdarə Heyətinin sədri: “AMEA ilə sıx əməkdaşlıq bizim üçün son dərəcə vacibdir”
05.08.2020 12:14
  • A-
  • A
  • A+

TƏBİB-in İdarə Heyətinin sədri: “AMEA ilə sıx əməkdaşlıq bizim üçün son dərəcə vacibdir”

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda keçirilən onlayn konfransda çıxış edib. O, tədbirdə Azərbaycanda yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri və qarşıda duran vəzifələrdən danışıb.

Ramin Bayramlı TƏBİB tərəfindən ölkəmizdə ilk dəfə olaraq tam avtomatlaşdırılmış PCR laboratoriyalarının Azərbaycana  gətirildiyini, hazırda Sumqayıt şəhər 1 saylı Xəstəxanasında 2, Mingəçevirdə 1, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 1, Mərkəzi Neftçilər Xəstəxanasında 2, Mərkəzi Neftçilər Xəstəxanasında isə 2 PCR laboratoriyasının fəaliyyət göstərdiyini bildirib.

“Aşkar edilmiş pozitiv halların təxminən 80 faizə yaxını həmin avtomatlaşdırılmış laboratoriyalar və yüksək keyfiyyətli reaktivlərin hesabına mümkün olmuşdur”, – deyən R.Bayramlı  1 milyon əhaliyə düşən test sayına görə Azərbaycanın dünyanın öndə gedən ölkələrindən biri olduğunu söyləyib.

Bildirib ki, TƏBİB tərəfindən Heydər Əliyev Fondunun dəstəyi ilə böyük bir “Çağrı Mərkəzi” yaradılmış, 70-ə yaxın həkim bu işə cəlb edilmişdir. Bu mərkəzdə tibbi personal, ictimaiyyət, o cümlədən xəstələr üçün psixoloji dəstək qrupu yaradılmışdır.

Natiq tibbi tullantıların idarə olunması və biotəhlükəsizliyin təmin edilməsinin COVID-19 ilə mübarizə çərçivəsində ən vacib məsələlərdən biri olduğunu qeyd edib. O, xəstəxanaların bir çoxunda bu sahədə ciddi boşluqlarun aşkarlandığını bildirərək, bu işdə Qida Təhlükəsizliyi Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyini xüsusi vurğulayıb: “Biz artıq xüsusi layihələr hazırlayıb hökumətə təqdim etmişik. Tibbi tullantıların idarə olunması üçün TƏBİB-in digər bir layihəsi ilə bağlı işlər davam etdirilir. Məhz bu istiqamətdə görülmüş məqsədyönlü tədbirlər nəticəsində biz biotəhlükəsizliyi təmin edə, xəstəxanalardakı tibbi tullantıları doğru idarə etməklə yoluxmanın qarşısını ala bilmişik".

O, TƏBİB-in Elmi komitəsi haqqında da məlumat verərək, buraya elmi-tədqiqat institutlarının aparıcı mütəxəssisləri, o cümlədən AMEA-nın bir neçə əməkdaşının cəlb edildiyini deyib: “Komitə üzvləri mütəmadi olaraq toplantılar keçirmiş, TƏBİB-in hazırladığı bütün metodiki tövsiyələri müzakirə etmiş, müvafiq qərarlar qəbul etmişdir”.

TƏBİB-in beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyini deyən natiq ölkə başçısının tapşırığı ilə Türkiyədən yüksəkixtisaslı həkim-mütəxəssislərin Azərbaycana dəvət olunduğunu, onların xəstəxanalarda tibbi personallara təlimlər keçdiyini, həm də koronaviruslu xəstələri müalicə etdiklərini nəzərə çatdırıb. Həmçinin Rusiya, Çin, İtaliya, Kuba kimi ölkələrlə ikitərəfli danışıqların aparıldığını, bu ölkələrin təcrübəsinin öyrənilməsi ilə bağlı tədbirlərin görüldüyünü söyləyib.

“Elektron qeydiyyat sisteminin hazırlanması qarşımızda duran əsas məsələlərdən biri idi”, - deyən TƏBİB rəsmisi xəstə sayının idarə olunmasında elektron idarəetmə sisteminin vacibliyindən danışıb: “Xəstəxanaların əksəriyyətində e-idarəetmə sistemi yox idi. Biz bununla bağlı, gündəlik olaraq funksionallığı təmin etmək üçün koronaviruslu pasiyentlərin, karantində olanların, evdə müşahidəyə götürülən xəstələrin izlənilməsi, stasionardan kənar ölüm halları ilə bağlı məlumatların əldə edilməsi, eləcə də koronavirusa yoluxmuş tibb işçilərinin qeydiyyatının aparılması məqsədilə e-idaeəetmə proqramları hazırladıq. Bu proqramların sayəsində prosesləri operativ şəkildə idarə edə bilirik".

Ramin Bayramlı, həmçinin Azərbaycanda COVID-19 ilə mübarizədə əldə olunmuş nailiyyətlərin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yüksək qiymətləndirildiyini, ölkəmizin bu mübarizədə nümunəvi ölkələr siyahısına daxil edildiyini vurğulayıb: “Bu da, xalqın dövlət başçısının “Biz birlikdə güclüyük” çağırışına qoşularaq nümayiş etdirdiyi həmrəyliyin nəticəsidir”.

Sədr TƏBİB-in ölkənin elmi qurumları ilə koordinasiyasının təşkilində AMEA-nın xüsusi rolunu vurğulayıb. Koronavirusla bağlı tədqiqatların aparılması və vaksinin hazırlanması istiqamətində akademiya ilə sıx əməkdaşlığın son dərəcə vacib olduğunu qeyd edib.

O, TƏBİB-in Elm və Təhsil Departamentinin fəaliyyətindən də danışıb. Çin və İtaliyadan gələn tibbi heyətlə COVID-19-a qarşı vaksinlərin hazırlanmasına dair birgə tədqiqatların aparılacağını, eyni zamanda, koronavirusla bağlı araşdırmaların nəticələrinin dünyanın nüfuzlu jurnallarında dərc olunacağını diqqətə çatdırıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: