Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Radiasiya Problemləri İnstitutunun alimləri tərəfindən yeni elektron modul hazırlanıb
04.08.2020 13:39
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun alimləri tərəfindən yeni elektron modul hazırlanıb

AMEA-nın Radiasiya Problemləri İnstitutunun (RPİ) alimləri yeni elektron modul hazırlayıb. Çexiya Texniki Universitetinin Tətbiqi və Eksperimental Fizika İnstitutu (TEFİ) ilə 2019-cu ildə qurulmuş əməkdaşlıq çərçivəsində silisium əsaslı fotoelektron gücləndiricilərin (SFG) elektron modullarının işlənilməsi və onların beynəlxalq təcrübələrdə tətbiqi məqsədilə birgə görülən işlərin nəticəsində hazırlanan yeni modul mürəkkəb elektronik hissələri cəmləşdirir.

İlkin sınaqlarının RPİ-nin İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri laboratoriyasında, TEFİ və Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda həyata keçirildiyi yeni MAPD spektrometrik modulu kosmik fəza tədqiqatlarında, radiasiya təhlükəsizliyində, nüvə fizikasında, yüksək enerjilər fizikasında, tibb sahəsində, eləcə də tədris məqsədi üçün istifadə oluna bilər.

Qeyd edək ki, spektroskopik təcrübələrlə yanaşı, SFG-lərin parametrlərinin təyin edilməsində də uğurla tətbiq oluna bilən yeni modula həsr edilmiş və çexiyalı alimlərlə birgə hazırlanan “Silisium fotoelektron gücləndiricilər üçün kompakt MAPD Spectrig interfeys” adlı məqalə “Nuclear Insturmentation and Methods in Physics Research” jurnalında dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: