Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bəyannaməsinin reallıqları
31.10.2014 00:00
  • A-
  • A
  • A+

Naxçıvan Bəyannaməsinin reallıqları

Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində fəaliyyət göstərən Türk Akademiyasında “Türk dünyasında inteqrasiya: humanitar və iqtisadi aspektlər” mövzusunda beynəlxalq elmi seminar keçirildi.

Seminarda türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixdə keçirilmiş Naxçıvan Zirvə Toplantısının 5 illik nəticələrinə elmi baxımdan yekun vuruldu və Naxçıvan Muxtar Respublikasının 90 illiyi qeyd olundu. 

Beynəlxalq seminarı giriş sözü ilə açan Türk Akademiyasının prezidenti, professorDarxan Kıdırali türk dünyasında inteqrasiya proseslərinin genişlənməsində, sistemli və ardıcıl xarakter daşımasında Naxçıvan Zirvə görüşündə yaradılmış türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının rolundan və əhəmiyyətindən geniş söz açıldı. D.Kıdırali, həmçinin Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan respublikalarının prezidentlərinin 3 oktyabr 2009-cu ildə Zirvə Görüşündə imzaladıqları Naxçıvan Bəyannaməsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin istiqamətləndirilməsində və tənzimlənməsində mühüm olduğunu vurğulamışdır. Professor, Türk Akademiyasının, Türk Dövlətləri Universitetlər Assosiasiyasının, Mədəniyyət Fondunun yaradılması, türk dünyası üçün xüsusi aktuallıq kəsb edən bir sıra beynəlxalq simpoziumların keçirilməsi, türkologiyanın qızıl fondunu təşkil edən nadir əsərlərin yenidən nəşri, ortaq tədqiqatların və layihələrin formalaşdırılması, ortaq televiziya kanalının təşkili ideyasının irəli sürülməsi Naxçıvan Bəyannaməsindən sonrakı beş ilin əsas yekunları kimi diqqətə çatdırmışdır. 

Beynəlxalq seminarda AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli “Naxçıvan Sammiti və türk dünyasının inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə 2009-cu ildə Naxçıvan Zirvə Toplantısının keçirilməsi, ölkə Prezidentinin sərəncamı ilə 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunan muxtar respublikanın keçdiyi inkişaf yolunun əlamətdar tarixi hadisələrindən biri kimi yüksək qiymətləndirilmişdir. Akademik, eyni zamanda, türk dünyasının tarixinə daxil olan və müasir mərhələdə inteqrasiya proseslərinə təkan verən Naxçıvan Bəyannaməsinin elmi-mədəni mühitin inkişafındakı konkret nəticələrindən və perspektivlərindən bəhs etmiş, bu fonda Naxçıvanın tarixinin və müasir inkişafının əhəmiyyətli olduğunu bildirmişdir. O, Naxçıvan Sammitinin işığında muxtar respublikanın 90 illiyinin Astanada, Türk Akademiyasında qeyd edilməsinin inteqrasiya baxımından da əhəmiyyətli hadisə olduğunu söylədi. 

Məruzədə yeni tarixi mərhələdə elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin daha səmərəli təşkili və inkişafı üçün təkliflər də səsləndirildi. 

Beynəlxalq seminarda çıxış edən Qırğızıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Abdulcan Əkmətəliyev, Türkiyə Cümhuriyyətini təmsil edən professorNevzət Şimşək, Qazaxıstan alimləri, o cümlədən professor Edil Kulamkadırlıİlyas ƏytinbetKayırbek Arıstambekov, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli Naxçıvan Sammiti və Naxçıvan Bəyannaməsinin işığında türk dünyasında inteqrasiya proseslərinin mühüm yekunlarından, gələcək inkişaf meyillərindən danışmış, təklif və mülahizələrini irəli sürmüşlər. 

Beynəlxalq seminarda türk dünyasının bundan sonrakı inteqrasiya proseslərinə dair konsepsiyanın hazırlanması üçün irəli sürülmüş təkliflər müzakirə edilmiş və həmin təkliflərin Əməkdaşlıq Şurasına təqdim edilməsi qərara alınmışdır. 

Bundan başqa, Türk Akademiyasının illik nəşri olan “Türk Almanaxı” toplusunda Naxçıvan Sammitində iştirak etmiş Türkdilli ölkələrin dövlət başçılarının çıxışları, Naxçıvan Bəyannaməsinin və Naxçıvan Sazişinin tam mətnləri ingilis dilində çap olunmuşdur. Türk Akademiyasının prezidenti, professor Darxan Kıdıralinin “Böyük tarixi əhəmiyyətə malik olan Bəyannamə” adlı məqaləsində Naxçıvan Bəyannaməsinin mahiyyəti aydınlaşdırılmış, əhəmiyyəti əsaslı şəkildə şərh edilmiş, həyata keçirilmiş geniş miqyaslı tədbirlərin elmi təhlili verilmişdir. “Türk Almanaxı”nda Naxçıvan Samitinin keçirildiyi zaman çəkilmiş şəkillər də oxuculara çatdırılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.azsaytına istinad zəruridir.

 

 

 

  • Paylaş: