Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində biomüxtəlifliyi məhv edir
28.07.2020 10:19
  • A-
  • A
  • A+

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində biomüxtəlifliyi məhv edir

Otuz ilə yaxındır ki, Ermənistan işğal etdiyi Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun torpağını, suyunu, atmosferini, dövlət təbiət abidələrini məhv edir, biomüxtəlifliyini - flora və faunasını yararsız hala salır, təbii sərvətlərini talayır.

Landşaft müxtəlifliyi baxımından əlverişli olan bu ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir, onlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Bundan əlavə, zəngin fauna müxtəlifliyinə malik bu ərazilərdə Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilən məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü yayılıb. Onlardan bəziləri Beynəlxalq Qırmızı Siyahıya daxildir.  

Davamlı inkişaf və ətraf mühitin mühafizəsini təmin etmək məqsədilə beynəlxalq təşkilatlar tərəfindən qoyulan qaydalara görə, hətta müharibələr belə təbiətdə biomüxtəlifliyin davamlı inkişaf prosesinə dağıdıcı təsir gostərməməlidir. Lakin Ermənistan işğal etdiyi ərazilərdə ətraf mühit və biomüxtəlifliyin mühafizə edilməsinə dair qəbul edilən beynəlxalq hüquq normalarına məhəl qoymur, əksinə, Dağlıq Qarabağ ərazisində tarixən formalaşmış fauna və floranın məhvinə səbəb olur. Bu ərazilərdə bilərəkdən tez-tez yanğınların törədilməsi nəticəsində biotopların sıradan çıxarılması, oradakı su hövzələrinin kimyəvi maddələrlə çirkləndirilməsi, meşələrin qırılması ekoloji terrordur.

Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının düşmən tapdağı altında qalması nəticəsində nadir flora və fauna növləri məhv olmaq təhlükəsi ilə üz-üzədir. Mənfur düşmən, işğal altındakı Xocavənd rayonu ərazisində yerləşən Azıx mağarasını dünyaya erməni maddi tarixi-mədəniyyət nümunəsi kimi təqdim edir, tarixi saxtalaşdırır. Bundan əlavə, separatçı rejimin nəzarəti altında olan Azıx mağarası nadir yarasa növlərinin sığınacağıdır. Onlar BMT-nin Ətraf Mühit Proqramı çərçivəsində beynəlxalq statusla mühafizə olunurlar və bu gün potensial təhlükə altındadırlar. İşğal olunan ərazilərdə, həmçinin Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilən safsar, çay samuru, qonur ayı, zolaqlı kaftar, qamışlıq pişiyi, çöl pişiyi, vaşaq, Qafqaz bəbiri, nəcib maral, cüyür, Bezoar keçisi kimi nəsli tükənmək təhlükəsində olan orta və iri ölçülü nadir məməlilər də az deyil.

İşğal olunan ərazilər Avropadan Afrikaya, Asiyaya və əks istiqamətdə quşların vacib transqafqaz miqrasiya yollarından birini təşkil edir. Zəbt olunan sahələrdə yanğınlar zamanı torpağın üst münbit qatının sıradan çıxmasından əlavə burada məskunlaşan heyvanların yanması, quş yumurtalarının, balalarının tələfatına və həmin növlərin yaşayış yeri ilə əlaqəsinin birdəfəlik itirilməsinə, sayının kəskin azalmasına səbəb olur.

Bundan əlavə, düşmən öz iqtisadi mənfəəti naminə Azərbaycan Respublikasının “Qırmızı kitabı”na salınan ayıfındığı növündən ibarət meşələri kütləvi surətdə qıraraq mebel istehsalı üçün Ermənistana göndərir. Relikt bitki sayılan, Laçın Dövlət Təbiət Yasaqlığı ərazisində yayılan qırmızı palıd ağacları mebel və xüsusən də spirtli içki istehsalı üçün istifadə olunur və xaricə satılır. 

Qeyd olunub ki, işğalda olan ərazilərin 70 faizi sürünən heyvanların növ müxtəlifliyinin geniş yayıldığı ərazilərdir. Zoosenozların qida zəncirində əhəmiyyətli mövqe tutan amfibilər və reptililər ekosistemin fauna biomüxtəlifliyinin stabilliyində mühüm rol oynayırlar. Onların məhvi trofik əlaqədə olduqları digər fauna növlərinin də zəifləməsinə və məhv olmasına gətirib çıxarır. İşğalçı Ermənistanın bu ərazilərə və onun fauna müxtəlifliyinə vəhşi və dağıdıcı münasibəti sözügedən ərazilərdə yaşayan heyvan növlərinin məhvinə gətirib çıxarır. Belə vəhşi münasibət nəticəsində amfibi və sürünən növlərinin təbii yaşayış yerləri sıradan çıxır, biotoplar dağılır, nəticədə populyasiyalar zəifləyərək məhv olur, ətraf mühitin çirklənməsi, səngər və qazmaların salınması, hərbi təlimlər və əməliyyatlar zamanı texnikanın hərəkəti kimi amillərin təsirinə daha həssas olan amfibi və sürünənlərin yaşayış arealları dəyişir.

Mənfur düşmən faydalı, iqtisadi gəlir verə bilən amfibi və sürünən növlərinin təbii resurslarını talayır. Göl qurbağasının əti Avropada nadir ləzzətli ərzaq məhsulu kimi qiymətləndirildiyi üçün bu növün biznesi ilə məşğul olur, təbii sərvətimizi xaricə ixrac edir.

İşğal olunmuş Qarabağ ərazilərində zəhərli ilan növü olan Levantin gürzəsi də geniş yayılıb. Ermənistanda bu ilan növünə az rast gəlinir. Hazırda Ermənistan dünya bazarına qızıldan qiymətli sayılan gürzə zəhəri çıxarmağa cəhd edir. Şübhə yoxdur ki, Ermənistan bu qiymətli tibbi xammalı Azərbaycanın işğal olunmuş Qarabağ ərazilərindən talan edilən gürzə ilanları hesabına əldə edir.

Düşmən Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllərin, çayların tükənməsinə və çirklənməsinə səbəb olur. Araz və Kür çaylarının qolları olan Oxçuçay və Ağstafaçayın Ermənistan tərəfindən ən ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün böyük təhlükə yaranıb. Çay və göl sularının həddindən artıq məişət və kimyəvi maddələrlə çirklənməsi bu sahələrin “ölü zona”ya çevrilməsinə səbəb olub. Bu da həmin sularda yaşayan qiymətli vətəgə əhəmiyyəti olan balıq növlərinin sayının kəskin azalmasına, Beynəlxalq Təbiətin Mühafizəsi Birliyi, həmçinin Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın siyahısına daxil edilən nadir balıq növləri və digər hidroresuslar üçün böyük təhlükədir.

Çox təəssüf ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yalnız bəşəri dəyərlərə qarşı deyil, təbiətə, onun canlı sərvətlərinə qarşı da törətdiyi terrora dünya dövlətləri və ictimaiyyəti hələ də susur!

AMEA-nın Zoologiya İnstitutunun Mətbuat xidməti

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: