Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Pandemiya dövründə karantin qaydalarına ciddi riayət etməliyik
27.07.2020 11:56
  • A-
  • A
  • A+

Pandemiya dövründə karantin qaydalarına ciddi riayət etməliyik

Artıq səkkiz aya yaxındır ki, COVID-19 pandemiyası bütün bəşəriyyət üçün təhlükə mənbəyi olaraq qalmaqda davam edir. Bu dönəmdə hökumətimizin xalqın sağlamlığı üçün tədbiq etdiyi karantin rejimi ümumxalq mənafeyinə xidmət edir və ölkəmiz üçün strateji əhəmiyyətə malikdir. Təsadüfi deyildir ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdir edilir. Bunun ən bariz nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanı bir neçə dəfə bu sahədə nümunəvi ölkə adlandırmasını göstərmək olar.

Hazırda pandemiya ilə səmərəli mübarizə bilavasitə bütün vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə karantin rejimi qaydalarına ciddi riayətdən birbaşa asılıdır. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və cəmiyyətin digər üzvlərini qorumaq üçün qəbul olunmuş sanitar-gigiyenik qayda və tələblərə qeyd-şərtsiz riayət etməli, başqalarını da belə davranışa dəvət etməlidir.

Xəstə və ya sağlam olmasından asılı olmayaraq, hər kəsin özünü və ətrafındakıları qoruması üçün qapalı məkanlarda, insanların çox olduğu yerlərdə maska taxması, sosial məsafə saxlaması, gigiyena qaydalarına ciddi riayət etməsi vacibdir.

Pandemiyaya qarşı mübarizə sahəsində AMEA-nın Biofizika İnstitutunun kollektivi cəmiyyət qarşısında öz məsuliyyətini dərk edərək aktiv iştirak edir, COVID-19 infeksiyası üzrə araşdırmalar aparır, məqalələr hazırlayır, eyni zamanda, telekanallarda maarifləndirici çıxışlar edirlər. Bunun nəticəsi olaraq Biofizika İnstitutunun təklifləri TƏBİB-in pandemiyaya qarşı mübarizə protokollarına salınıb.

Təsadüfi  deyildir ki, cənab Prezident çıxışlarında dəfələrlə bütün vətəndaşları məsuliyyətə və nizam-intizama çağırmış, özlərinin və  ətrafdakıların sağlamlığı naminə karantin qaydalarına ciddi şəkildə  əməl etməyə dəvət  etmişdir. Biz də vətəndaş olaraq, nizam-intizamlı davranmalı, tətbiq edilən karantin qaydalarına ciddi şəkildə riayət etməliyik. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini dərk etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir, çünki vətəndaşın məsuliyyəti həm də onun həmrəylik nümayiş etdirməsi deməkdir, xüsusilə də bu çətin dövrdə.

Oktay Qasımov, Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: