Almaniyada yaşayan gənc azərbaycanlı alim Asif Məsimovun populyar “Еurasia review” nəşrində “Dağlıq Qarabağ: Ermənistan ilə Azərbaycan arasında münaqişə dini xarakter daşıyırmı?" məqaləsi dərc edilib (bax.: https://www.eurasiareview.com/23072020-nagorno-karabakh-is-the-conflict-between-armenia-and-azerbaijan-religiously-motivated-oped/).
AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Tovuz hissəsində törətdikləri son təxribatdan bəhs edilir. Müəllif qərb mediasının bunu “xristian Ermənistan və müsəlman Azərbaycan” arasında münaqişə kimi qələmə verməsini kəskin tənqid edir, çünki bu, öz növbəsində həqiqətdən xəbərsiz oxuculara bu münaqişədə kimə “tərəfkeşlik etmək” lazım olduğunu işarə etmək məqsədini daşıyır.
Eyni zamanda, A.Məsimov vurğulayır ki, bu qarşıdurmada din heç bir rol oynamır, əsl mahiyyət bir dövlətin digər dövlətə qarşı ərazi iddialarından ibarətdir. Müəllif məqalədə doğma dövlətin ərazi bütövlüyünün müdafiəsi zamanı həyatlarını qurban vermiş Azərbaycanın Milli qəhrəmanları sırasında müxtəlif millətlərin və dinlərin nümayəndələrinin olduğunu vurğulayır.