Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Pandemiya dönəmində qlobal kitabxana mühiti və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fəaliyyəti
22.07.2020 10:12
  • A-
  • A
  • A+

Pandemiya dönəmində qlobal kitabxana mühiti və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fəaliyyəti

Müstəqil dövlətimizin intellektual və mənəvi potensialının formalaşması və inkişafı kimi əvəzedilməz funksiyaların yerinə yetirilməsində kitabxanalar mühüm rol oynayır. Ümummilli lider Heydər Əliyevin “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs yer, mənəviyyat, bilik, zəka mənbəyidir” sözləri qlobal informasiya mühitində Azərbaycan kitabxanalarının mühüm elm, bilik, mənəviyyat xəzinəsi olduğunu göstərir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev də dünya xalqlarının həmrəylik və əməkdaşlığında informativ missiyası inkaredilməz olan “Azərbaycan kitabxanalarının Azərbaycan xalqının milli sərvəti” dəyərini xüsusi qeyd edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də keçirilmiş videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə dövlətimizin başçısı yekun çıxışında qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlığın xüsusilə aktual olduğunu diqqətə çatdırıb. Eyni zamanda, bütün dünya COVID-19-a qarşı mübarizə apar arkən, Ermənistan özünün təcavüzkar və terrorçu siyasətindən əl çəkməyərək, növbəti dəfə təxribatçı əməlləri ilə beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozmaqda davam edir. Bu günlərdə Azərbaycanın dövlət sərhədlərinin Tovuz rayonu istiqamətində erməni təcavüzkarları tərəfindən pozulması, təmas nöqtələrindəki gərginlik Azərbaycan ziyalılarını da narahat edir. AMEA Rəyasət Heyətinin iyulun 16-da keçirilən iclasında AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bildirib ki, döyüşlər başladığı andan Azərbaycan xalqı birmənalı olaraq, Ali Baş Komandan İlham Əliyevin yanında olduğunu nümayiş etdirib. AMEA rəhbəri vurğulayıb ki, alimlərimiz ölkədə baş verən ictimai-siyasi prosesləri daha yaxından izləməli, aktiv vətəndaş-ziyalı mövqeyi nümayiş etdirməli, Prezidentin ölkənin hərtərəfli inkişafına yönəlmiş siyasətinə elmi dəstək verməli, onun təbliği istiqamətində bütün səylərini birləşdirməlidirlər. Ölkə başçısı İlham Əliyevin göstəriş və sərəncamları, AMEA rəhbərliyinin bu istiqamətdə qəbul etdiyi qərarlar qlobal informasiya mühitində intellektual resursların əhəmiyyətli ənənəvi və virtual bazası qoruyucularından biri olan AMEA-nın Mərkəzi Elmi Kitabxanasının qarşısına da mühüm vəzifələr qoyur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxananın (MEK) direktoru Sevil Zülfüqarovanın “Pandemiya dönəmində qlobal kitabxana mühiti və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fəaliyyəti” məqaləsində yer alıb.

Məqalədə bildirilir ki, hazırkı pandemiya dövründə dünya kitabxanaları, o cümlədən MEK də minimal məhdudiyyətlərin tətbiqindən tutmuş tam bağlanmaya qədər, hansı xidmətlərin və onların necə təklif olunacağının çətin seçimi ilə qarşılaşıb. Məlumdur ki, xidmətlərin məhdudlaşdırılması və ya kitabxanaların bağlanmasına dair hər hansı qərar bütün risklər qiymətləndirildikdən sonra qəbul edilməlidir. Dünyanın bir sıra ölkələrində - Əlcəzair, Braziliya, Macarıstan, Vircin adaları, Danimarka, Misir, Hindistan, İndoneziya, İran, Kolumbiya, Portuqaliya, Türkiyə, Moldova, Latviya, Litva və Ukraynada kitabxana sistemlərinin tamamilə bağlı olduğu məlumdur. Bununla yanaşı, Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Almaniya, Fransa, Yunanıstan, İspaniya, İtaliya, Polşa, Estoniya, və Qrenlandiyada kitabxanalar bütün təhlükəsizlik tədbirlərinə ciddi riayət etməklə öz fəaliyyətini bərpa etməyə başlayıb. Bu barədə Kitabxana Assosiasiyaları və İnstitutlarının Beynəlxalq Federasiyası (International Federation of Library Associations and Institutions-IFLA (IFLA-www.ifla.org) öz rəsmi saytında geniş məlumat dərc edib. Müasir dövrümüzün qlobal informasiya mühitində kitabxanaların rolu həm Avropa Şurası, UNESCO, həm də IFLA-nın sənədlərində müxtəlif aspektlərdə şərh edilib. Mərkəzi Elmi Kitabxana Prezident İlham Əliyevin sərəncamları, Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişləri, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Rəyasət Heyətinin müvafiq qərarlarına əsaslanaraq, məhdudiyyət qaydalarına riayət etməklə öz fəaliyyətini tənzimləməkdədir. Hazırda MEK-də sosial təcrid şəraitində alim və mütəxəssislərin informasiya təminatının ödənilməsinə dair, ümumiyyətlə, pandemiya və postpandemiya dövründə qurumun fəaliyyəti ilə bağlı tədbirlər planı hazırlanıb və artıq həyata keçirilməkdədir. Bu gün MEK-də rəqəmsal formatda xidmətlər üçün kitabxananın əməkdaşlarına məsafədən işləmək imkanları yaradılır, dezinfeksiya (kitab və mətbuat fondlarında, iş otaqları, oxu və sərgi zallarında, texniki avadanlıqlarda və s. ) işləri aparılır, məhdud sayda əməkdaşlar işə cəlb olunur, gigiyena qaydalarına ciddi riayət edilir, alim və tədqiqatçılara onlayn rejimdə fasiləsiz informasiya təminatı həyata keçirilir (biblioqrafik icmallar, məqalə və yazıların surətləri və kitabların PDF formatları və s.), kitabxana resurslarından və ya xidmətlərindən istifadə imkanları barədə akademiyanın rəhbərliyi, elmi-tədqiqat institutlarının müvafiq qurumlarına məlumat verilməklə, razılaşdırılmış davamlı, qarşılıqlı informasiya mübadiləsi aparılır. MEK özünün bina və fondlarının, xidmət obyektlərinin hazırlığı əsasında təhlükəsiz işin tədricən bərpa olunması üçün də planlar hazırlamağa başlayıb. Bu məqsədlə pandemiya dövründə dünyanın ən iri dövlətlərinin əsas kitabxanalarının təcrübəsi öyrənilməkdədir. Məsələn, virusun səthlərdə yayılmasına dair mövcud olan qeyri-müəyyənliyin öhdəsindən gəlmək üçün ABŞ-da Muzey və Kitabxana Xidmətləri İnstitutu REALM (Reopening Archives, Libraries and Museums), IFLA, OCLC və Battele institutları kitabxana materiallarının etibarlı işlənməsini öyrənməyə davam edir. MEK UNESCO-nun Sənədli İrs və COVID-19 pandemiyası haqqında Bəyannaməsini imzalayan IFLA-nın kitabxanaların potensial imkanlarının nizamlanması fəaliyyətini izləyir və dəstəkləyir. Yuxarıda göstərilənlərə əsasən MEK geri qaytarılacaq sənədlərlə, kitablarla işləmək üçün karantin təyin edib, vəziyyət sabitləşməyincə oxucuların kitabları qaytarmamasına dair elan da verib. Gözləmə müddətini təmin edən təlimatlar hazırlamaqla, ən azı pandemiyadan sonra geri qaytarılacaq və ya dövriyyədə olacaq materiallar üçün xüsusi prosedurların işənilməsi də nəzərdə tutulur. Bu sahədə araşdırmalarımıza görə, məsələn, Misirdə kitabxanalarda dezinfeksiya işini asanlaşdırmaq üçün günəş şüasından istifadə olunur. Avstraliya Kitabxana və İnformasiya Birliyi və bir sıra digər təşkilatlar, plastik örtüklü materialları spirtli salfetlərlə təmizləməyi təklif edir ki, bu da materialın dövriyyədə qalmasına imkan verəcək. Alman Kitabxana Birliyi oxuculara çap məhsullarının səhifələrini açmaq üçün barmaqlarını islatmamalarını, bunun üçün bir az qələvi məhlulu həll olunmuş mayedən istifadə olunmasını məsləhət görür. Rusiya Milli Kitabxanası virusla mübarizə tədbirlərinin sənədə kimyəvi və fiziki zərər verə biləcəyini nəzərə alaraq, bu halda sənədləri qorumaq üçün dezinfeksiyaedici maddələrlə emal prosesini yalnız qablaşdırılmış qutularda aparmağı tövsiyə edir.

“MEK-də də bütün bu məsələlər elmi-metodiki, nəzəri-müqayisəli şəkildə öyrənilməklə yanaşı, fondlardan və xidmətlərdən məsafədən girişi genişləndirmək, alim və tədqiqatçılara məhsuldar informasiya mühiti yaratmaq üçün əlavə işlər aparılır. Elektron qaynaqlara olan marağın artması müşahidə edildiyi üçün kitabxananın saytının və kompüter sistemlərinin işlək olmasına, yenilənməsinə səy göstərilir. Elmi tədqiqat proseslərinin informasiya ehtiyacı öyrənilməklə, onlayn formatda oxucu konfransları, təqdimatlar təşkil edilir və virtual yubiley tədbirləri, sosial şəbəkələrdə elmi-informativ icmallar dərc edilir. Kitabxanada müasir dövrün elmi-informativ tələbləri nəzərə alınmaqla, struktur islahatları aparılır. Postpandemiya dövründə kitabxananın xidmət sahələri, oxu zalları sosial məsafənin təmin edilməsi şərti ilə yenidən qurulur və avadanlıqla təmin edilir. MEK-in elektron kataloqunun alim və tədqiqatçıların istifadəsinə verilməsi məsələsi günün ən ağrılı, həlli vacib olan məsələsi və zərurətidir. Əfsuslar olsun ki, indiyə kimi bu iş lazımınca öz həllini tapmayıb, oxucularımız beş milyondan artıq zəngin elmi ədəbiyyatı, qiymətli nadir mənbələri, kolleksiyaları və s. əhatə edən, kitabxananın elektron güzgüsü olan kataloqdan məhrum olublar. Əsas səbəb kitabxanada AKİS-in (Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemləri) tətbiqində baş vermiş ləngimələr və səhvlərdir. Əvvəlcə onu qeyd edək ki, bu gün dünyada kitabxana-informasiya sistemləri bazarında müxtəlif çeşidli yüksək səviyyədə işlənilən AKİS-lər təqdim edilir - “Liber”, “VTLS-Virtua”, “Aleph 500”, “Ruslan”, “İRBİS” və s. Qərb dövlətlərinin təqdim etdiyi AKİS-lər mükəmməl proqram təminatı, geniş imkanları ilə seçilsə də, onları əldə etmək əksər kitabxanaların büdcə imkanları xaricindədir. Elektron kommunikasiya vasitələri və yeni elektron texnologiya informasiya mübadiləsi üçün əlverişli zəmin yaradır. Hazırda bu sahədə ciddi proseslərə start verilib, avtomatlaşdırılmış kitabxana-informasiya sistemləri öyrənilərək elmi fondlarımıza müvafiq olan İRBİS proqramı mütəxəssislərimiz tərəfindən məsləhət görülüb. MEK üçün tətbiqi nəzərdə tutulan İRBİS-64 artıq təkmilləşdirilmiş dördüncü nəsil sistemdir. Məlumat bazalarının həcmi 4 GB, terminlər miqyası 255 bayta qədər artırılıb. MEK pandemiya dövrünün çətinliklərinə baxmayaraq, oxucularının etimadını doğrultmağa, beynəlxalq səviyyədə ən yüksək kitabxana-informasiya xidmətini təmin etməyə, Azərbaycan xalqının, eləcə də bəşəriyyətin intellektual sərvətinin tərkib hissələrindən biri olan zəngin fondlarını oxuculara daha yaxın, daha açıq formatda təqdim etməyə səy göstərməkdədir. Ümidvarıq və inanırıq ki, tezliklə bütün bəşəriyyət, Azərbaycan xalqı da pandemiya bəlasından qurtulacaq, sərhədlərimizdə sülh, əmin-amanlıq bərpa olunacaq, ölkəmizin ərazi bütövlüyü təmin ediləcək. Mərkəzi Elmi Kitabxana informativ mühitdə AMEA-nın elmi potensialının, milli birlik, güclü vətəndaş mövqeyinin təbliğatçısı və informasiya təminatçısı kimi öz missiyasını davam etdirəcəkdir”,- deyə məqalədə qeyd edilib.

  • Paylaş: