Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İqtidar-xalq həmrəyliyi sarsılmazdır
20.07.2020 14:13
  • A-
  • A
  • A+

İqtidar-xalq həmrəyliyi sarsılmazdır

Uzun illərdir ki, beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həllində ikili mövqedən çıxış etməsi, rəsmi İrəvana siyasi-iqtisadi təzyiqlərin göstərilməməsi düşmən ölkənin Azərbaycana qarşı yeni iddialarına rəvac verməkdədir. 

Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Tovuz rayonunun sərhəd kəndlərində törətdiyi təxribatlar və dövlət sərhədimizə qarşı təcavüz cəhdləri də bunu bir daha təsdiqlədi. Baxmayaraq ki, işğalçı ölkənin təxribatlarının qarşısı Azərbaycan ordusu tərəfindən alındı və düşmənə layiqli cavab verildi. Bununla belə Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın dövlət sərhədində təxribatlar törətməsi, dinc sakinləri və yaşayış məntəqələrini atəşə tutması, mülki vətəndaşın qətlə yetirilməsinə ölkəmizə dost olan dövlətlər istisna olmaqla, əksər beynəlxalq təşkilatlar hələ də “kar və kor” kimi yanaşırlar. Bu da beynəlxalq aləmin ölkəmizə qarşı münasibətdə ikiüzlü siyasət apardığını bir daha təsdiqləmiş oldu.

Başqa vaxt tərəfləri sülhə, “qarşılıqlı kompromislərə” çağıran, il ərzində regiona sanki turist səfərinə gələn ATƏT-in Minsk qrupunun varlığı bu hadisələrin yaşandığı bir neçə gündə ümumiyyətlə hiss olunmadı. Eləcə də Minsk qrupuna həmsədrlik edən ölkələrin “tərəfləri qarşılıqlı olaraq atəşi dayandırmağa çağırması” cəmiyyətdə ikrah hissi ilə qarşılandı. Xarici donorların qapısında dilənən erməni əsilli və erməni təfəkkürlü insanların dövlətimizə, ölkəmizə, ordumuza qarşı şər, böhtanlarına ikiəlli dəstək verən ATƏT, Avropa Şurası və bu kimi digər beynəlxalq təşkilatların Tovuzda baş verən erməni təxribatları ilə bağlı hələ də mövqeyi aydın deyil. Sanki bu təşkilatlar ancaq Azərbaycana qarşı ikili standartlar, qondarma “siyasi məhbus” mövzularında müzakirə açmaq missiyasını daşıyırlar.

Bununla belə, istər cəbhədə Azərbaycan ordusunun əsgərinin göstərdiyi şücaət, istərsə də Azərbaycan xalqının baş verənlərlə bağlı küçələrə axışaraq öz ordusuna, Ali Baş Komandanına verdiyi dəstək həm işğalçı ölkə, həm də dünya üçün bir mesaj idi.

Bu gün Azəbaycanın nizamlı ordusu var. Nəinki regionda, bütün dünya ölkələrinin liderləri arasında öz nüfuzu ilə seçilən siyasi Lideri - qətiyyətli Ali Baş Komandanı var. Ən əsası, Azərbaycan xalqı öz ordusunun və Ali Baş Komandanının arxasındadır. Azərbaycan xalqı bütün problemlərin həllində Prezidentinə arxalanır, Prezidentinə inanır, Prezidentinə güvənir.

Düşmənin Tovuzda törətdiyi təxribatlara qarşı çıxaraq xalqımız bütün dünyaya bəyan etdi ki, Azərbaycan xalqı vahiddir, həmrəydir. Hətta siyasi baxışlarından asılı olmayaraq hamı bir nəfər kimi öz Prezidentini və Ordusunu dəstəkləyir. Təbii ki, bu həm ermənilərin, həm də daima Azərbaycanda qarışıqlıq yaratmaq istəyən xarici dairələr və onların burdakı “quyruqları” üçün göz dağı idi. Ona görə də, onlar bu hadisələrin istiqamətini dəyişmək, yalançı narazılıq görüntüləri yaratmağa cəhdlər etdilər.

Ön cəbhədə doğma torpaqlarımız uğrunda canlarından keçən əsgərlərimiz, zabitlərimiz şəhidlik məqamına yüksəldilər. Şəhidlərimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.

Ali Baş Komandanın ordumuza hər cür dəstəyi, Tovuz rayonu istiqamətində şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının daim ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın nəzarətində olduğu qəlbimizi qürur hissi ilə doldurur.

Tanrı xalqımızı, Prezidentimizi, ordumuzu və dövlətimizi qorusun!

Vüsalə Rafiqqızı, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəznin İnformasiya şöbəsinin müdiri  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: