Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Fəxrəddin Qədirovu 70 illik yubileyi münasibətilə təbrik edirik!
17.07.2020 12:24
  • A-
  • A
  • A+

Akademik Fəxrəddin Qədirovu 70 illik yubileyi münasibətilə təbrik edirik!

İyulun 19-da görkəmli geofizik alim, Neft və Qaz İnstitutunun direktoru v.i.e., akademik Fəxrəddin Qədirovun 70 yaşı tamam olur.

Fəxrəddin Qədirov 1950-ci il iyulun 19-da Şəki şəhərində ziyalı ailəsində anadan olub. O, 1967-ci ildə Şəki şəhər 10 saylı orta məktəbi gümüş medalla başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti, BDU) Fizika fakültəsinə qəbul olub.

Alim 1984-cü ildə geofizika üzrə fəlsəfə doktoru, 2002-ci ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrini, 2007-ci ildə “Geofizika” ixtisası üzrə professor elmi adını alıb. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.

O, əmək fəaliyyətinə fizika müəllimi kimi başlayıb. 1974-cü ildə AMEA Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) Qravimetriya laboratoriyasında çalışıb, 1989-2003–cü illərdə həmin laboratoriyaya, 2005-2007-ci illərdə Geotektonika və geodinamika, 2008-ci ildən isə Geodinamika və seysmologiya şöbəsinə rəhbərlik edib. Alim 2008-ci ildən “Yer fizikası” seksiyasının, 2015-ci ildən Geodinamika və kosmik geodeziya şöbəsinin müdiridir.

Akademik F.Qədirov, həmçinin AMEA Geologiya və Geofizika İnstitutunun nəzdində fəaliyyət göstərən Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması Müqaviləsi Təşkilatının (CTBTO) Azərbaycan Milli Məlumat Mərkəzinin rəhbəridir. O, AMEA-nın Türkiyə Cümhuriyyəti Öyrətim Kurulu ilə imzaladığı qarşılıqlı elmi əlaqələr protokolu çərçivəsində 1992-1995-ci illərdə Atatürk Universiteti Zəlzələ Araşdırma Mərkəzində, 1996-1998-ci illərdə Qara dəniz Texniki Universitetinin “Geofizika mühəndisliyi” bölümündə professor vəzifəsində çalışıb.

Geofizik alim 2013-2019-cu illərdə AMEA Rəyasət Heyətinin üzvü və Yer Elmləri Bölməsinin akademik-katibi olub. Hazırda AMEA Yer Elmləri Bölməsi Elmi Şurasının sədr müavinidir. AMEA Rəyasət Heyətinin qərarı ilə 2020-ci ildən Neft və Qaz İnstitutunun direktoru vəzifəsini icra edir.

F.Qədirov 2000 və 2001-ci illərdə ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda elmi ezamiyyətdə olub. O, GPS texnologiyasını mənimsəyərək, ilk dəfə bu texnologiyanı plitə tektonikası konsepsiyası çərçivəsində Qafqaz-Xəzər regionunun geodinamik və kinematik şəraitini, neftli-qazlı sahələrin və enerji dəhlizlərinin geodinamik təhlükəsizliyinin öyrənilməsində tətbiq edib.

Alimin elmi fəaliyyətinin əsas istiqamətini geofiziki sahələrin ədədi analizi və məkan-zaman paylanma qanunauyğunluğunun öyrənilməsi, Qafqaz-Xəzər regionunun Yer qabığı müasir hərəkətlərinin GPS monitorinqi, müasir kinematikası, dərinlik quruluşunun modelləşdirilməsi, zəlzələlərin və qırılmaların fraktal və statistik metodlarla tədqiqi təşkil edir. O, Qafqaz plitəsinin mövcudluğunu və saat əqrəbinin əksi istiqamətində dönməsini, eləcə də Azərbaycan ərazisinin plitə tektonikası konsepsiyasına əsaslanan yeni geodinamik modelini təklif edib. Qravimetrik müşahidələrin təhlili əsasında güclü zəlzələdən əvvəl qravitasiya sahəsinin qabaran variasiyalarında fluktuasiyaların meydana gəldiyini göstərib. Alim, həmçinin Azərbaycanın neftli-qazlı ərazilərinin çöküntü təbəqələrindəki qravitasiya tarazlığı proseslərini nəzəri olaraq öyrənib, flüidlər miqrasiyasının konveksiya və palçıq vulkanlarının aktivləşmə modelini işləyib.

Akademik F.Qədirov 250-dən çox elmi məqalənin, o cümlədən rus dilində nəşr olunan “Azərbaycanın qravitasiya sahəsi və dərinlik quruluşunun modeli” monoqrafiyasının müəllifi, “Геология Азербайджана” IV, V və VII cildlərinin, ingilis dilində “Hydrocarbon systems of the South Caspian Basin”, “Springer” nəşriyyatında nəşr olunan iki cildlik “Geosciences of Azerbaijan” və s. kitabların, həmçinin Xəzər regionunun qravitasiya xəritəsinin həmmüəllifidir.

Onun əsərlərinə tanınmış beynəlxalq jurnallarda çoxlu sayda istinad olunur. F.Qədirovun Azərbaycanda və Türkiyə Cümhuriyyətində yüksəkixtisaslı elmi kadrların hazırlanmasında böyük əməyi vardır. Alimin rəhbərliyi altında Azərbaycanda geofizika üzrə 14 fəlsəfə doktoru və 2 elmlər doktoru hazırlanıb.

F.Qədirov elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olur. O, Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Seysmologiya və Yer təkinin fizikası kafedrasının professoru və AMEA-nın Geologiya və Geofizika İnstitutundakı filialının rəhbəridir.

Geofizik alim əldə etdiyi nailiyyətlərinə və elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərinə görə 2010-cu ildə AMEA-nın Fəxri Fərmanı, 2015-ci ildə isə ölkə başçısının sərənacamına əsasən “Şöhrət” ordeni ilə təltif olunub.

O, Avropa Geoloq Alim və Mühəndislər Assosiasiyasının, Amerika Neftçi-Geoloqlar Assosiasiyasının, Amerika Geofizika İttifaqının, Avropa Yer Elmləri İttifaqının və Azərbaycan Geofizika Cəmiyyətinin üzvüdür. Eyni zamanda, AMEA-nın “ANAS Transactions, Earth Sciences” jurnalının redaktor müavini, “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri”, Türkiyənin Pamukkale Universitetinin “Mühəndislik elmləri dərgisi” məcmuələrinin redaksiya heyətinin üzvü, Avropa “Geophysical Prospecting” və “Geodynamics” və s. elmi jurnallarının rəyçi ekspertidir.

Bir çox beynəlxalq konsorsiumlarda layihə rəhbəri olan F.Qədirov Azərbaycan Respublikası Ensiklopediyasının Yer elmləri sahəsi üzrə müəlliflərindən biridir.

Tanınmış alim dünyanın bir sıra qabaqcıl elmi mərkəzləri - ABŞ-ın Massaçusets Texnologiya İnstitutu, Cənubi Karolina Universiteti, Yuta Universiteti, Almaniyanın Jena Universiteti, Fransanın Mariya Küri Universiteti, Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutu və s. ilə əməkdaşlıq edir. O, beynəlxalq qrant layihələri çərçivəsində dünyanın qabaqcıl elmi texnologiyalarının respublikada tətbiq edilməsinə nail olub.

F.Qədirov dəfələrlə ABŞ və Avropada keçirilən beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış edib. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun, SOCAR-ın Elm Fondunun, ABŞ Milli Elm Fondunun NSF, CRDF, STCU və EAGE təşkilatlarının elmi qrantlarına layiq görülüb.

70 illik yubileyini qeyd edən, tükənməz elmi potensiala malik olan akademik Fəxrəddin Qədirov bu gün də elmi axtarışlarını davam etdirir. O, həm peşəkarlığı, həm də yüksək insani keyfiyyətlərinə görə nəinki Azərbaycanda, həm də beynəlxalq elm aləmində böyük nüfuz qazanıb.

Beynəlxalq Geodeziya və Geofizika Birliyi aprel bülletenində görkəmli alimin 70 illik yubileyi ilə bağlı onun geofizika elmində əldə etdiyi nailiyyətlərə dair xüsusi məqalə çap edib.

Akademik Fəxrəddin Qədirovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.  

  • Paylaş: