Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Layiqli vətəndaş ən gərəkli əsgərdir!
17.07.2020 11:57
  • A-
  • A
  • A+

Layiqli vətəndaş ən gərəkli əsgərdir!

İyulun 12-dən başlayaraq sərhəd bölgələrində erməni xisləti yenidən özünü biruzə verdi. Öz işğalçılıq siyasətinə sadiq qalan Ermənistan təkrar təxribata əl ataraq atəşkəs rejimini pozdu. Erməni hərbi birləşmələrinin Tovuz rayonunun sərhəd məntəqələrindəki hərbi bölmələrimizin mövqelərinə, eyni zamanda mülki əhaliyə açdığı atəş nəticəsində 11 hərbi qulluqçumuz və ahıl yaşlı mülki şəxs Vətən uğrunda şəhid oldu. Bütün bunların Ermənistanın öncədən hazırlanmış ssenariyə əsasən “su bulandırması”, vətəndaşlarının diqqətini ölkə daxilindəki problemlərdən, düşdükləri çıxılmaz vəziyyətdən yayındıraraq, qısa müddətə də olsa sərhəddəki qarşıdurmaya yönləndirməsi üçün ənənəvi oyunu olduğu aşkardır, başadüşüləndir.

Fəxrlə bildirməliyik ki, müzəffər Azərbaycan Ordusu Vətən torpağının keşiyində ayıq-sayıq dayanıb. Bu günlər Milli Ordumuz düşmənin layiqli cavabını verir. Arxa cəbhədə olan bizlər hay-küy qoparıb, pafoslu ifadələrlə çıxış etməkdənsə, layiqli vətəndaş olaraq öz vətəndaşlıq borcumuzu yerinə yetirsək, Vətənimiz, millətimiz üçün daha çox xidmət etmiş olarıq.

Övladını düzgün, layiqli vətəndaş kimi böyüdən ana, igid, cəsur, mərd şəxsiyyət kimi yetişdirən ata, şərəfini, namusunu layiqincə qoruyan qadın, ailəsinin “qanadlarının altına yığıb” hər çətinliyə sinə gərən kişi, şagirdlərinə təmənnasız, gözləntisiz bilik öyrədən, elmi sevdirən müəllim, savadlı mütəxəssis olmaq üçün xarici dil biliklərinə malik, yeni innovasiyalara bələd olan, daim öz üzərində işləyən gənc, gecəsini gündüzünə qatıb vətəndaşların sağlamlıqlarının keşiyində duran həkim, ölkəmizdə sabitliyin təmin olunması üçün istirahət, məzuniyyət bilmədən vəzifəsinin başında olan polis, vicdanla xidmət edən dövlət məmuru - daha kimlər, kimlər ön cəbhədə vuruşan əsgərlər qədər gərəklidir.

İndi bizim beynəlxalq tribunalardan çıxış edəcək, Azərbaycanın haqq səsini dünyaya hayqıracaq, apardığı elmi araşdırmalarla, yazdığı elmi əsərlərlə ölkəmizi beynəlxalq arenada təmsil edəcək, sosial şəbəkələrdə, geniş auditoriyalar qarşısında haqlı davamızı layiqincə aparacaq, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın çiçəklənməsi üçün yorulmadan külüng vuracaq “əsgərlər”ə də daha çox ehtiyacımız vardır.

Gəlin hər birimiz layiqli vətəndaş olmaqla, həm də Vətənimizə layiqli “əsgər” olaq!

Bütün Azərbaycan vətəndaşları kimi biz gənc alimlər də ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bütün daxili və xarici siyasətini ürəkdən bəyənir və hər sahədə dəstək olmağa hazırıq!

Samirə Həbibbəyli, Qafqazşünaslıq İnstitutunun əməkdaşı

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: