Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Düşmən layiqli cavabını aldı
17.07.2020 11:27
  • A-
  • A
  • A+

Düşmən layiqli cavabını aldı

Bütün dünya bir düşmənə - COVID-19-a qarşı mübarizə apararkən, Ermənistan özünün təcavüzkar və terrorçu mahiyyətini növbəti dəfə nümayiş etdirməkdən çəkinməyərək, təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozur, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn açıq qəsdlər etməyə davam edir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozub, gərginliyi artırmaq məqsədilə əhalinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutaraq  hücuma keçmək cəhdi ediblər.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qeyd etdiyi kimi, erməni təxribatına cavab olaraq ordumuz qisas əməliyyatı həyata keçirib və işğalçıya sarsıdıcı zərbə endirib. Bu təxribatın qarşısını alarkən Azərbaycanın igid və cəsur övladları qəhrəmancasına şəhid olub.

Lakin şəhidlərimizin qanı yerdə qalmadı. Düşmən layiqli cavab alaraq çoxlu sayda canlı qüvvə və texnika itirdi.  Bu dövrdə dünyanın bir çox dövlətləri ölkəmizə dəstək nümayiş etdirdi, ən çətin zamanda belə Azərbaycanın yanında olacağını açıqladı. Bu həssas məqamda bir sıra ölkələrin dostluq və həmrəylik nümayiş etdirməsi Azərbaycan Prezidentinin düzgün xarici siyasətinin daha bir bariz nümunəsini ortaya qoymuş oldu.

Belə çətin zamanda bütün vətəndaşlarımız bir olub Ali Baş Komandanın və Silahlı Qüvvələrin yanında olduğunu nümayiş etdirib, düşmənin məkrli və hiyləgər təcavüzünə qarşı öz qəti etirazını nümayiş etdiriblər.

Bütün Azərbaycan xalqı kimi, Biofizika İnstitutunun kollektivi də Ali Baş Komandan İlham Əliyevin hər bir çağırışına və əmrinə həmişə hazırdır.

Biz birlikdə güclüyük!

Oktay Qasımov, Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: