Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Görkəmli yazıçı Nağı Nağıyevin əsərlərinin dil və üslub xüsusiyyətləri
13.07.2020 11:30
  • A-
  • A
  • A+

Görkəmli yazıçı Nağı Nağıyevin əsərlərinin dil və üslub xüsusiyyətləri

İyulun 13-ü Nağı Nağıyevin anadan olmasının 110 ili tamam olur.

Naxçıvan ədəbi mühitinin öyrənilməsi bu günümüz üçün olduqca böyük əhəmiyyətə malikdir. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin böyük vətəndaşlıq qayğısı ilə əhatə etdiyi milli-mənəvi dəyərlərimizin aktuallıq qazanması mənəvi sərvətimiz olan ədəbiyyatımızın da araşdırılması zərurətini ortaya çıxarmışdır. Naxçıvan ədəbi xəzinəsinin araşdırılması bu gün üçün də ehtiyac duyulan və aktuallıq qazanan vacib məsələlərdəndir. Naxçıvanda mövcud olan dövlət və dövlət tipli qurumların olması etibarilə ictimai fikir, elm mədəniyyət, ədəbiyyat, maarifçilik geniş şəkildə inkişaf tapmış, Naxçıvan elmi ədəbi mühiti Azərbaycana və uzun bir tarixi mərhələdə Yaxın Şərqə böyük elmi-ədəbi simalar, görkəmli ictimai xadimlər bəxş etmişdir. Belə ədəbi şəxsiyyətlərdən biri də Nağı Nağıyevdir. 

Görkəmli nasir, tanınmış dramaturq, tərcüməçi, maarifçi, ictimai xadim, redaktor, rəssam Nağı Nağıyev 70 illik şüurlu ömrünün 40 ilini bədii yaradıcılığa həsr etmişdir. O, Azərbaycan ədəbiyyatına və mədəniyyətinə bir neçə səhnə əsəri, bir çox hekayə, oçerklər və ilk irihəcmli əsəri olan “Həsrət” romanını bəxş etmişdir. Bütövlükdə, Nağı Nağıyev 2 roman, 4 povest, 6 səhnə əsəri, 29 bədii və satirik hekayə, 43 miniatür yazı, 4 xatirə və 9 oçerkin müəllifi olmuşdur.

Hər nasirin öz dili, söz ustalığı, üslub rəngarəngliyi vardır. Nağı Nağıyevin əsərlərinin dili və üslubu maraqlı və orijinal xüsusiyyətlərə malikdir. O, özünəməxsus, bənzərsiz yazı tərzi və üslub xüsusiyyəti ilə diqqəti cəlb edir. Belə ki, Nağı Nağıyevin əsərlərinin lüğət tərkibi olduqca zəngindir. Onun yaradıcılığında obrazlılıq, bədii ifadə vasitələrinin geniş işləkliyi diqqəti çəkir. Yazıçı dilinin bədiiliyi, təbiiliyi, sadəliyi, xəlqiliyi, şifahi xalq yaradıcılığı ənənələrinə sədaqəti və s.  kimi məziyyətləri ilə əsərlərinə oxunaqlılıq bəxş edir. Onun bədii əsərlərinin səlis dili öz sadəliyi, rəvanlığı, parlaq və cilalığı, obrazlılığı ilə seçilir. Bir nasir kimi səliqə-səhmanlı, qayda-qanunlu dili və üslub tərzi ilə oxucunu özünə bağlayır. Nizam-intizama tabe olan cümlələr insan əqlinə mirvari kimi süzülür, yaddaşa həkk olur. Ümumxalq yaddaşına dərin məhəbbət və məqamında yerli kolorit yaratmaq, obrazın xarakterini fərdiləşdirmək və tipikləşdirmək məqsədi ilə canlı xalq danışığından bəhrələnmək Nağı Nağıyevin qələminə məxsus səciyyəvi xüsusiyyətlərdir. 

Bəllidir ki, yazıçıdan bədii üslubda mükəmməl əsər yaratmaq üçün ən əlverişli sözü və ifadəni tapıb işlətmək tələb olunur. “Sənətkar təsvir etdiyi obyektə necə münasibət bəslədiyini bildirmək üçün buna uyğun nitq hissələri seçir. Çünki dil ünsiyyət, mübarizə və inkişaf vasitəsi olmaqla bərabər, həm də söz sənətinin, bədii və estetik zövqün mənbəyidir”. Bu böyük mədəni sərvətin mənəvi zövqü isə onun bədii dilində, üslub gözəlliyində, sözün mənalandırılmasında və fikrə bədii çalar verməsindədir.  Dilimizin incəliklərinə nüfuz edən  Nağı Nağıyev bir yazıçı kimi bu keyfiyyətdən bacarıqla istifadə etmişdir. Fikrimizcə, Nağı Nağıyevin 30 il (1951-1981) Azərbaycan Dövlət Nəşriyyatında – “Azərnəşr”də (dövrünün ən nüfuzlu nəşriyyatıdır –Z.İ.) bədii ədəbiyyat şöbəsinin müdiri kimi məsuliyyətli bir vəzifəni icra etməsi dilimizin qrammatik qayda-qanunlarına dərindən bələd olmaq kimi xarekterik xüsusiyyətləri, özünəməxsusluğu elə təcrübədə qazandırmışdır. Bu, həmçinin onun səlis, axıcı, bəzən də həzin dilində ədəbi dilimizin normalarının mühafizə olunmasına zəmin yaratmışdır.

Nağı Nağıyev müraciət etdiyi hər bir mövzuya özü o qədər hakim olur ki, oxucunu inandıra bilir. Qəhrəmanları – bütövlükdə obrazları üçün seçdiyi peşələri sanki o sahənin mütəxəssisi qədər mükəmməl bilir. Və həmin sahənin incəliklərini oxucuya öyrədir. Süleyman Rəhimov “Bakı” qəzetində işıq üzü görən “Zəhmətkeş yazıçı” məqaləsində də bu keyfiyyətləri diqqət mərkəzinə gətirərək yazırdı: “N.Nağıyevin mənalı hekayələrini oxuyarkən bu sakit, yorulmadan çalışan, redaktor kimi əsərlərimizin üzərində əmək sərf eləyib yeri düşdükcə xeyirxah məsləhətləri ilə bizə kömək edən Nağı gözümdə öz yaradıcılığı ilə bir daha yüksəldi. O, qələmə aldığı mövzuları, təsvir etdiyi hadisələri elə real, inandırıcı yazır ki, oxuyarkən deyirsən: Nağı müəllimdir, Nağı ovçudur, Nağı aqronomdur, hərbiçidir, həkimdir və s. Həqiqətən də, yazıçı “Ovçunun xatirəsi” hekayəsində ovçu, “Geoloqlar” oçerkində geoloq, “Püskürən dərə” oçerkində mühəndis-geoloq, “Qaranlıq qovuşanda” romanında mühəndis kimi mövzuya peşəkarcasına hakim olur və qəhrəmanın dilindən tam mütəxəssis kimi danışır. Digər əsərlərində də müraciət etdiyi mövzuları oxucuya sevdirən qəhrəmanlarının peşəsinə dərindən hakim olmaq, konkret fakta əsaslanan cümlələrdən istifadə etmək, hacırcavablığı ilə yadda qalan dialoqlar qurmasıdır. Bunun üçün həyat, kainat, insan fəziləti və qəbahəti və s. haqqında dərin biliyə, geniş həyat təcrübəsinə və dünyagörüşünə sahib olan nasir təmtəraqlı fikirlər seçir. Aydın məsələdir ki, yazıçının bədii zövqü, həyat təcrübəsi, idrak və müşahidə qabiliyyəti nə qədər güclüdürsə, onun dili də o dərəcədə güclü, təsirli, əlvan və poetik olur.

Onun doğma Naxçıvanımızın Duzdağ mədənindən bəhs edən “Yer altında” povesti birdən-birə ərsəyə gəlməmişdir. Uzun illər burda gedən iş prosesini yaxından izləmiş, bu  kollektivin işinə dərindən bələd olmuş və sonra belə bir mükəmməl əsər yaratmışdır. Bu əsərin yazılmasından (1954) yarım əsr və bir qərinə keçməsinə baxmayaraq hələ də  günümüzlə səsləşir və daha da aktuallıq qazanır. Bu əsərin dil-üslub xüsusiyyəti də özünəməxsusluğu ilə diqqəti cəlb edir. Ümumxalq danışığının məqamı gəldikcə bədii əsərdə təcəssüm etdirilməsi, sadə və anlaşıqlı, bəzən də lakonik və konkret cümlələrin çox olması əsərə təbii ruh və ovqat qatır. Belə əsər yazmaq  yazıçıdan xüsusi istedad tələb edir.

Nağı Nağıyevin ilk irihəcmli əsəri olan “Həsrət” romanı çoxlarımızın yaxından bələd olduğu kənd həyatından bəhs edir. Mövzusu kəndin gündəlik həyat tərzindən götürülmüş bu əsərin dili, burda müşahidə etdiyimiz dialoqlar tamamilə gerçək həyat həqiqətlərini özündə ehtiva edir. Ədəbi dil normalarına riayət edən yazıçı obrazın xarakterinə, ictimai mənşəyinə, həyat, düşüncə və yaşayış tərzinə uyğun olan danışıq tərzi müəyyənləşdirir. Sadə kəndlinin danışığını, romandakı hadisələrə münasibətini və ya iştirakını ümumxalq canlı xalq danışığından seçdiyi ifadələrlə zənginləşdirir. Və bu məqamlar əsərin dilini lorulaşdırmır, əksinə, əsərə canlılıq və ümumxalq ruhu verərək xəlqiləşdirir. Bisavad kəndlinin ali təhsilli ziyalı kimi danışdırmaq, nitqinə sanbal qatmaq, elmi cümlələr vermək yazıçının dilinə uğur gətirməz. Amma həyat təcrübəsindən irəli gələn yaşadıqları, gördükləri onu müdrikləşdirən kənd ağsaqqalının dilində hikmətamiz ifadələr uğurlu alınır. Romandakı bədii surətlərin həyat tərzi ilə səsləşən, həmahənglik təşkil edən yaşının verdiyi həyat təcrübəsi ilə kamilləşmiş bir atanın - Nemət kişinin dilindən verilən öyüd-nəsihət bəzən aforizm səviyyəsinə qalxır: “İşə ki, qorxaq girişdin, girişməsən ondan min pay yaxşıdır, çünki işdən ki xoflandın, istədiyini edə bilməzsən. Oğul da işdən qorxar?!”; “Ancaq burda təkcə zəhmətdən heç nə çıxmaz. Gərək baş da ola. Gərək elə ağıllı işlərə başlayasan ki, camaat da görə, inana... İnsan gördüyünə tez inanır, ələlxüsus kəndli qismi”; “Məgər biz sizi oxuduruq ki, kənddən qaçasınız?”. Əsər boyu ümumxalq yaddaşına enmək, hikmət xəzinəmizdən bəhrələnmək, müdrik atalar sözlərindən, zərbi-məsəllərdən istifadə etmək elə yazıçının özünün də şifahi xalq yaradıcılığına həm dərindən bələdçiliyindən, həm də sevgisindən irəli gəlir.

“Həsrət” romanının dil-üslub xüsusiyyətində diqqət çəkən məqamlardan biri də “Şeytan” ləqəbli İbad obrazını tipikləşdirən nitqinin qüsurlu olmasıdır. Dili pəltək olduğuna görə bəzi səsləri düzgün tələffüz edə bilməməsi, ələlxüsus da “r” səsinin əvəzinə “y” deməsi, “ş” səsini “s” kimi tələffüz etməsi  onu  xalq arasında dilişirin kimi tanıdır: “-Ay kisiləy, bu camaatın biy payasının isi lap qəmədiyədi! Özləyinə iş göyəcəkləy, cəyək, əlli dəfə qapılayına ayaq döyəsən” və ya  “- Ay İbyahim, bağyımızı çatdatmayacaqsan ki! Yəhmətliyin oğlu, biy de cöyək nə xəbəylə cəlmisən!”. Bu obrazın dilinə fərdi xarakter verərək oxucunu bəzən psixoloji məqamlarda gərginliyini azaldır və təbəssümünə səbəb olur.

Bədii əsərin gözəlliyi üçün əsas şərt olan bədii mükəmməllik bu və ya digər əsərin yalnız kompozisiyası, canlı və parlaq obrazları ilə deyil, eyni zamanda həmin əsərin dili ilə təyin edilir. Bədii yaradıcılıq məhsulu o zaman qiymətli olur ki, onun dili də yaxşı olur, oxucunu ələ ala bilir, onu həyəcanlandıra bilir. Bu baxımdan “Həsrət” romanının oxucular tərəfindən sevilməsinin səbəbi səmimi bədii bir dillə yazılmasından ibarətdir. Romanda cərəyan edən hər bir hadisədə oxucu orijinallıq görür. Romanın dilinin spesifik, orijinal  xüsusiyyətlərinin  olmasına baxmayaraq ciddi surətdə ədəbi dil normalarına riayət edilməkdədir. Ədəbi dil normalarına riayət etmək yazıçının mühüm vəzifəsi olub, dilimizin qrammatik qanunlarına, cümlə quruluşuna, sözlərin sırasına, düzgünlük və aydınlığına riayət tələb edir. Nağı Nağıyevin sadiq qaldığı bu prinsipi pozan cümlələrlə, ifadələrlə rastlaşmırıq.

Ədəbi dilimizi xalq dilindən götürülmüş sözlərlə zənginləşdirmək bir çox şair və yazıçılarımızın ənənəsinə çevrilmişdir. Nağı Nağıyev də bu ənənəyə sadiq qalaraq Naxçıvan dialekt və şivələrindən götürülmüş aşağıdakı söz və ifadələri bədii ədəbiyyata olduğu kimi gətirərək hadisələrə yerli kolorit vermişdir: “gördüm mən bu vəryanınçimi deyiləm, buna bir əncam çəkmək lazımdır”, “sırıv”, “karıxmaq”, “kəmqırıq”, “səyrimək”, “alacalanmaq”, “umacaq”, “hikkə”, “latayır”, “girişmək”, “dılğır”, “bildir”, “ayın-oyun”, “nimdaş parusin ayaqqabı”, “ləngimək”, “tıxaya-tıxaya”, “şoğrib”, “pardaxlanmış”, “laqqırtı”, “xəbər-ətər”, “dərdəcər”, “xaki rəngi”, “əlləşmək”, “isbatlı söz”, “şellənmək”, “təngimək”, “təbərrik”, “qırt düşüb”, “nifrin yağdırmaq”, “ərəzən düşmək”, “üz-göz olmaq”, “bağrı çatlamaq”, “atamanliq etmək”, “qalın-qəyim geyinmək”, “məlul-müşkül oturmaq” və s. Bu kimi dialektizmlər Nağı Nağıyevin yaradıcılığında işlənmə intensivliyi ilə seçilir. Yazıçı öz regionuna məxsus söz və ifadələrdən istifadə edərək sadə, el dilində mənası başa düşülən ifadələr işlətməklə öz əsərlərinə müəyyən şirinlik gətirmişdir. Bu dil faktları həmçinin yazıçının dilinə doğma kəndlərimizin təmiz havasının ruhunu gətirir. Belə məqamlar da oxucuya yüksək hisslər aşılayır. Xalq dilinin zəngin söz fonduna dərindən bələd olmaq və ondan lazımi qədər bəhrələnmək yazıçıya ifadə etmək istədiyi fikri verməkdə ona yaxından kömək edir.

Nağı Nağıyevin əsərlərində, ələlxüsus da kənd həyatından bəhs edən əsərlərində dialektizmləri müşahidə etdiyimiz qədər, arxaizmlərlə də sıx-sıx rastlaşırıq. Onun bədii əsərlərinin leksik tərkibində işlənmiş müasir dil üçün köhnəlmiş, arxaikləşmiş sözlər keçmiş sovet həyatının real mənzərəsini yaratmağa, ictimai həyatın hadisə və xronikasını təyin etməyə xidmət etmişdir. Məsələn, kolxoz, sovxoz, firqəçi, komsomolçu, kooperativləşmə, kollektivləşmə, kənd soveti, raykom, ispalkom, partkom və s. sözlər N.Nağıyevin yaşadağı dövrün, yaradıcılığının ən məhsuldar olduğu illərin ən aktual terminləri olduğu üçün yazıçının da yaradıcılığında mütəmadi olaraq rastımıza çıxır. Bu dil faktları sovet rejiminin süqutu ilə tarixizmlərə çevrildi.

Yenə “Həsrət” romanında Xeyrənsənin timsalında Naxçıvanın etnoqrafik baxımdan unudulmaqda olan yaşlı kəndli qadınının geyim tərzi  nə qədər maraq doğurursa, bir o qədər də arxaizmlər baxımından diqqəti çəkir: “Xeyrənsə əlini çalxaladığı nehrədən çəkib, qızına tərs-tərs baxdı. O, nehrədəki ayranın üzünə qalxmış yağı əli ilə yığandan sonra ayranı iri bir badyaya boşalda-boşalda ağız büzdü, istehzalı hərəkətlərlə çiyinlərini oynadıb, iri, ətli bədənini yırğaladı... Xeyrənsə elə əda göstərdi ki, uzun ətəklərinə gümüş pul düzülmüş külçəsi, onun üstündən taxdığı, boynundan sallanıb döşündə çinlənən, rəngi solmuş göy sətin önlüyü bədəninin hərəkətinə uyğun yırğalanırdı. Başındakı enli zəncirəli börkünün çənəbəndinə düzülmüş qulplu gümüş iki şahılar bir-birinə dəyib səsləndi”; başqa bir nümunədə: “O, əyninə yeri qırmızı ağ güllü don, ayaqlarına üzündə ağ-qırmızı naxışlar olan qara lak başmaq geydi, saçaqlı çarğatını başına örtüb, evdən çıxdı”. Bu nümunələrdə təsvirin konkret üslubi funksiyası var. Sözlər təsadüfi seçilməyib, onlar hadisənin baş verdiyi zaman, dövr haqqında məlumatı oxucuya dəqiq, obrazlı şəkildə çatdırılması vəzifəsini yerinə yetirir. Yazıçı xalqın adət-ənənəsini, məişətini canlandırmaq üçün təsvir etdiyi dövrə, əraziyə xas geyimləri rəssam kimi çəkməklə tarixilik prinsipini qorumuşdur. Obrazın görünüşü, xasiyyəti, hadisələrin xarakteri, milli-yerli kolorit, mənsubluq çalarını, hadisənin cərəyan etdiyi ərazini dəqiq təsvir etmək üçün dialektizmlərdən, xüsusilə də Naxçıvan dialekt və şivələrinə məxsus dialektal və arxaik leksikadan istifadə  etmişdir.

Xalqın yaşam tərzinə, dilinə lazımınca  bələd olmadan xalq həyatını təsvir etmək mümkün deyil. Obrazın xarakterini verərkən yazıçı onun düşüncələrini, ruhi həyəcan və sarsıntılarını oxucuya öz dili ilə nəql edərkən, haqqında danışdığı adamın təfəkkür tərzi ilə bağlı olan sözlərini seçməyi bacarmalıdır. Bu sözlər isə xalqdadır. Onu xalq dilindən götürüb yenidən sahibinə qaytarmaq bədii dildə obrazlılığı artıran ən mühüm amillərdəndir. Bu lövhələrin gözəlliyində xalqdan gələn “varlığa nə darlıq”,“yolçu yolda gərək”, “un çuvalına tay olmaq”,  “təzə bardaq, sərin su...”, “xalxa itlər hürər, bizə də çaqqallar”, “cin vurdu təpəmə”, “taylı tayın tapıb”, “məni çevir balalarının başına”, “haray bu başdan”, “indi gəldiniz Mərəndə”, “günün dar vaxtı”, “koru körpüdə yaxalamaq”, “ilan qovlamış adam”, “əli qoynunda, boynu çiynində” və s. ifadələr həlledici rol oynayır. Məna tutumu ilə seçilən xalq ifadələrini bədii dilə gətirmək xalq dili xəzinəsinə dərindən bələdçilik yazıçıdan müdriklik tələb edən əsas keyfiyyətlərdən biridir. Nağı Nağıyevin də yaradıcılığının dil-üslub xüsusiyyətinin əsas mənbəyi xalq danışığından yaradıcı surətdə istifadə etməkdir.

Məlumdur ki, xalq dilinin söz xəzinəsində  ibarələr, atalar sözləri, məsəllər, idiomatik ifadələr geniş yer tutur. Bədii təfəkkürün məhsulu olan bu “qanadlı sözlərə”, leksik vahidlərə, yəni xalq dühasının yaratdığı atalar sözləri, zərbi-məsəllər, idiomatik ifadələr və frazeoloji birləşmələrə daha çox yazıçı Nağı Nağıyevin məharətlə yaratdığı obrazların, kamil insanların dilində rast gəlirik. O, atalar sözlərinə müraciət edərkən, adətən, “atalar deyiblər:” ifadəsi ilə başlayır və xalq ifadələrini əsərdə adi bir cümlə kimi  işlədərək yığcam şəkildə mükəmməl bir fikir meydana çıxarır. Bu atalar sözləri bəzən müəllifin öz təhkiyəsi, obrazların nitqi ilə qaynayıb-qarışır. O, sadə yazanda və fikri qısa-konkret yekunlaşdıranda və ya əksinə, uzun-uzadı nəsihətlərə başlayarkən atalar sözlərindən istifadə edir. Yazıçının istifadə etdiyi atalar sözləri mövzu etibarilə müxtəlif və rəngarəngdir. Eyni zamanda atalar sözlərinin işlənmə məqamları yazıçının üslubundan, əsərin mövzusundan, quruluşundan asılı olaraq dəyişir. Onlardan bəzilərinə diqqət edək: “üstümü unlu görüb, adımı dəyirmançı çağırmayın”, “çölmək diyirlənib, qapağın tapıb”, “haynan gələn, huynan da gedər”, “Əli aşından da oldu, Vəli aşından da”, “Gəlin qoyunu qurda tapşırmayaq”, “Göndərir bitməz işə, adımı qoyur yarıtmaz”, “Nə yardan doyur, nə əldən qoyur”, “öz özünə eləyəni el yığılsa, eləyə bilməz”, “özü yıxılan ağlamaz”, “keçənə güzəşt deyiblər”, “axşamın xeyrindən, gündüzün şəri yaxşıdır”, “Təzəyə cici deyirlər, köhnəyə bəci”, “Paxıl adam, doğrudan da,  artıb-ağarmaz”, “hirs gələr, göz qızarar, hirs gedər, üz qızarar”, “Var evi - quran evi, yox evi – viran evi” və s. xalq təfəkkürünün misilsiz xəzinəsindən götürlmüş bu nümunələr onun əsərlərinin bədii dilinin gözəlliyini təmin edib.

Xalq dilinin ahəngi üstündə bəstələnmiş nəsr əsərləri Nağı Nağıyevin əsərlərinin sanbalını qatbaqat artıran məqamlardandır. Çünki bədii dil düzgün fikirləri, real həyat hadisələrini ifadə etmək vasitəsidir.  Fikri səhv, həyat faktları və hadisələr dolaşıq verilərsə, onları ifadə edən dil quruluşca nə qədər düzgün olursa-olsun, yenə də əsl bədii dilin tələblərinə cavab verə bilməz. İbrətamiz bir əsər doğru-düzgün fikirlərin ifadə tərzindən əmələ gəlir. Nağı Nağıyevin yaradıcılığındakı xalq ifadələrinin ruhunu əks etdirən aforizmlər insan kamalı, həyatın gözəlliyi, xoşbəxtlik haqqında ağıllı, dərin fikirlər ifadə edir. Onun əsərlərində çoxlu mənalı və hikmətli fikirlər var. Yazıçının dilində diqqəti daha çox çəkən nümunələrə nəzər salaq: “Hər şey vaxta baxar, vaxt isə heç nəyə”, “əl mənim, ətək sənin”, “onların suyu bir arxa axmır”, “min dərənin suyunu yığacaq bir yerə”, “körpü qalacaq çayın o tayında”, “bir gün ulağa deyirlər ki, gözün aydın, qoduğun olub. Heyvan ah çəkib deyir: nə faydası, mənim ki yüküm əksilməyəcək”, “ağac öz səmtinə yıxılar”, “əziz ölüb, ağız ölməyib”, “ölənlə ölmək olmaz”, “oğlan nə vaxt asqırdı ki, qız “ilahi şükür” demədi?”, “nə balanı istəyirəm, nə də bəlasını”, “buyurmaq hara, “baş üstə” demək hara?”, “hörmət hörmətdən qalıb. Qonağa verilən çörək itməz. Çörək verərsən sonra mənfəətini görərsən”, “işi düşəndə mumdan yumuşaq, tükdən nazik olmağı bacarır”,  “tas yerə düşməsə cingildəməz”, “adı pislikdə çəkilən arvad murdar əski kimi bir şeydir”, “kişisiz ev suyu sovrulmuş dəyirmandır”, “insansız yer nə qədər miskin, nə qədər cansıxıcı olurmuş”, “əkiblər yeyirik, əkərik yeyərlər”, “çörəksiz ölkə tez basılar”, “məscid qapısıdır, yarmaq olmaz, yandırmaq olmaz”, “pis yoldaş adamı hər yola çəkər”, “məgər güldürməyi bacarmayanda adamı  zorla tutub qıdıqlayarlar?”, “o söz qızıl da olsa, bircə şahıya dəyməz”, “övladından şikayət edən valideynlər özləri müqəssir deyillərmi?” və b. məişət üslubu, ümumxalq danışığı əsasında yaranan ədəbi dilin bu örnəkləri əsərin obrazlılığını, bədii dilin keyfiyyətini artıran məqamlardır. Göründüyü kimi, yazıçı Nağı Nağıyev oxucuya faydalı olan fikirlərə müraciət etmiş və uğurlu ifadələr seçə bilmişdir. O, özünün yaratdığı aforizmlərdən obrazın nitqini tipikləşdirmək məqsədilə istifadə etmişdir. Obrazın dilindən səslənən bu aforizmlər obrazın mənəvi dünyasını açmağa kömək edir, həmin obrazı  oxucuya sevdirməklə yanaşı, insana müsbət mənəvi keyfiyyətlər aşılayır, həmçinin ruhunu aydınladır.

 “Qəribə bir təsadüf” hekayəsi “yamanlığa yaxşılıq” ideyası üstündə qurulub. Sabiq orqan işçisi olan Mütəllimin vaxtilə səbəbsiz yerə türməyə saldırdığı başmaqçı Xəlilin həkim-professor oğlunun ittihamları qarşısında sarsılması və əsərin sonunda xəcalətindən və vicdan əzabından ürək yanğısı ilə “Axı mən o ürəkləri sağaldan, insanlara yeni həyat verən professorun yanında üzüqarayam, Sərvinaz, üzüqara” - deməsi dərin təəssüf hissi aşılayır, “sonrakı peşmançılıq fayda verməz” atalar sözü ilə səsləşən bir ibrətamiz ideya ortaya qoyaraq hikmətli sözlərlə, aforistik ifadələrlə zəngin bir əsər olaraq da yadda qalır.

“Məhəbbətini aparacağam” hekayəsi “Xoşbəxtlik gətirməyən bir məhəbbət kimə gərəkdir?” hikmətli epiqrafı ilə başlayır və əsər boyu da bu cür hikmətamiz fikirlərin intensivliyi diqqəti cəlb edir.

“Paxıllıq” adlı satirik hekayəsi də “Paxıl adam artıb ağarmaz” atalar sözü epiqrafa çıxarılmaqla başlayır və “Qonşu qonşuya baxar, özünü oda yaxar” hikmətli ifadənin hakim olduğu məntiqlə sona çatır.

“Ovçunun xatirəsi” hekayəsi övladlarını parçalayan pələngdən intiqam almaq istəyən ayının faciəsindən bəhs edir. Bu əsər də hikmətli ibarələrlə çox zəngindir. Məsələn: “təkə ki var, sürünün çobanı timsalındadır”, “ölüm ayağı dəhşətli olarmış”, “Ağlamaqla, fəryad qoparmaqla zalımın pəncəsindən qurtarmaq olmazmış”, “... ömrü boyu özündən zəifləri yeməklə məğrurlaşan pələng...”  və s. Hekayə təhkiyəçinin dostu Ələkbərə dediyi: “ayını öz qorxaqlığı məhv etdi” hikmətli kəlamı ilə sona çatır. Nağı Nağıyev müşahidə etdiyi hadisəni bu ifadədən başqa ayrı sözlə ifadə etməsi mümkün deyil, edilsə də, belə uğurlu alınmazdı. Belə cümlələr, ibrətamiz dialoqlar onun bütün əsərlərinin bir çox səhifələrində müşahidə olunur. Yazıçı bəzi məqamlarda sanki obrazların dialoquna və ya səmimi duyğularına heç müdaxilə etmir və bu şəkildə davam edir.

Nağı Nağıyevin əsərlərində istifadə olunan atalar sözlərinin, aforizmlərin təhlilindən belə nəticə hasil olur ki, öz əsərlərinin məzmununa, mövzusuna, ideyasına, yaratdığı xarakterlərin səviyyəsinə uyğun mövcud aforizmlərdən istifadə etməklə və özü də yeni-yeni aforizmlər yaratmaqla həm əsərin təsir gücünü təmin etmiş, həm müsbət mənəvi keyfiyyətlər aşılamış, həm də  ədəbi-bədii dilimizi öz hikmətli kəlamları ilə zənginləşdirmişdir.

Yazıçının dil və üslub xüsusiyyətlərini araşdırarkən varvarizmlərlə, yəni  dildə vətəndaşlıq hüququ qazanmayan başqa dildən gətirilən sözlərdən istifadə ilə də qarşılaşırıq. Əsərlərindəki bəzi varvar sözlər obrazı səciyyələndirmək üçün məqsədyönlü işlənir. Məqsədyönlü işlənən varvarizmlərə aşağıdakı nümunələri göstərmək olar: “onun da işi intiresni oldu”; “o sestradan soruşaq”; “Yoxsa sözüm çortuna dəydi?”, “ədə, çuşka”, “qorxaq bir malçişka!”, “it saxla, böyüyüb başını gəmirər! Çuşka!”; “Səndən yaxşı xozeyn tapacağam?”; “elə tuda-sudasız eliyin də”; “posledni vıpusk priyomnik” və s. Qeydə aldığımız bu sözlər məna çalarlığı ilə əsərdə zənginlik yaratmır, sadəcə obrazın fərdi xarakterinə xas olan məqam kimi çıxış edir. Bu cümlələrdə müşahidə etdiyimiz rus dilindən gətirilən sözlərin hər birinin dilimizdə qarşılığı var. Ümumiyyətlə, Nağı Nağıyevin dilində müasir oxucu üçün anlaşılmaz olan, lüğətə müraciət etmək zərurəti qarşısında qoyan alınma sözlər qeydə alınmır.

Nağı Nağıyevin dilində yer tapan söz qruplarından biri də vulqarizmlərdir. O, obrazların əhval-ruhiyyəsini bütün təbiiliyi ilə, vulqar sözlərdən çəkinməyərək olduğu kimi verir. Obrazın təfəkkür tərzi, xarakteri imkan verir ki, yazıçı ona sərbəstlik versin. O, fikrinin ifadəsi üçün lazım bildiyi, istədiyi dil vahidləri və nitq elementlərindən istifadə etsin. Yazıçının bədii əsərlərində, daha çox personajların dilində fərdiləşdirmə məqsədilə işlənmiş leksik vulqarizmlərə rast gəlirik ki, onların da bəzilərini olduğu kimi veririk: “heyvan kimi bağıran”, “kolxozun köhnə sədri lap qudurubmuş”; “yeməyi az qala gözünə soxardı”; “Binamus, hələ qarnını da yoğunladır”; “başımızın ağası o yekəbaş oldu”, “qarnının qurdları qaynaşmağa başlayır”; “hansı itin oğlu qoyar o seçilə”; “görün bu heyvərənin əlində nələr çəkib”; “Kəndli qanmazın qabağında ... qulaqlarımı sallayıb baxam”, “köpək oğlunun yetimi”, “əşi, qələtdi dartır da” və s.  Bu məqamlar onun dilinin gözəlliyini, əsas məziyyətini pozmur.  Əksinə, bu sözləri işlətməkdə, onlardan fərqli məqamlarda istifadə prosesində, xalq danışığı elementlərinin yazılı ədəbi dilə gətirilməsində, arxaik plana keçmiş leksik vahidlərin üslub məziyyətini tamamlayan material kimi işlədilməsində, dialekt faktlarında sıx-sıx rastlaşdığımız vulqarizmləri bədii üslubda yerini və rolunun müəyyənləşdirilməsində nasir Nağı Nağıyevin dil-üslub xüsusiyyətləri maraqlı faktlarla səciyyəvilik qazanır.

Bədii ustalıqla həyat həqiqətlərini obrazlılıq səviyyəsinə qaldırmaq bacarığını üzə çıxarır. “Qaranlıq qovuşanda” romanında bədii cəhətdən əsaslandırılmış konfliktlərin inandırıcılığı, həmçinin həyatiliyi oxucuya yad olan və ya tanış gəlməyən hadisələr deyil, əksinə, hadisələrin reallığı oxucunu özünə hakim kəsir. Yolundan çıxmış, ailə dəyərlərinə hədsiz dərəcədə laqeyd yanaşan, böyük qardaşı Vəlini “onun-bunun qəhrini çəkən avam” adlandıran, “adamın öz canı, öz həyatı, öz kefi” kimi bivec təxəyyüllə yaşayan, xəstəlikdən əziyyət çəkən həyat yoldaşı Təranəni və xəstə övladını “dərdəcər” deyib ölümə tərk edən, ali təhsilli mühəndis gənc və təcrübəsiz Ramizi öz iyrənc əməllərinə alət edən Ziya Əsədov (qanundan qaçmaq üçün kimliyini dəyişib Ziyad Əhmədov edir – Z.İ.) kimi bir obrazın dilində, təbii ki, vulqarizmlərə, arqo sözlərə, varvarizmələrə tez-tez rast gəlirik. Bu obrazın həyat tərzinə baxanda bu kimi dilimizə yad olan sözlərin işlədilməsi  bu mənfi tipin dilinə nə qədər yaraşdığı və oxucunun ona qarşı nifrətini birə-beş qat artırır. Ziyadın dilində kobud, söyüş tipli  dil faktları işlənmə tezliyi ilə diqqəti çəkir.

Tabunun bir növünə daxil olan və dilin ən aşağı üslubi layını təşkil edən ədəbsiz, qaba sözləri, bəzən söyüş və qarğışları əhatə edən vulqar sözlər Nağı Nağıyevin dilində tez-tez işlənmir, yəni ənənəvi, adət etdiyimiz hal deyil. Onun yaradıcılığında çox təsadüfən müşahidə etdiyimiz bu nümunələr onun dilinin ifadə saflığına xələl gətirmir. Məlum məsələdir ki, vulqar leksika dilin bədiiliyini, obrazlılığını - bir sözlə, gözəlliyini pozur, bayağılaşdırır, qaba və kobud şəklə salır. Bunu nəzərə alan yazıçı kobudluq və nəzakətsizlik ifadə edən vulqar söz və ifadələrin əvəzində onun sinonimi olan və ifadəni səliqəyə salan evfemistik sözlərin işlədilməsinə daima riayət edir ki, bu fakt  yazıçının üslubunda onlarcadır.

Yazıçının əsərlərində üslubi rəngarəngliyi ilə seçilən antroponimlərin də tədqiqi maraq doğurur. Xarakterin açılması, obrazın daxili aləminin verilməsi üçün müəllifin istifadə etdiyi vasitələrdən biri də personajlara verilən adlardır. Adlar obrazın əsərdəki mövqeyi ilə bağlı olur, bədii əsərdə həmin adlar vasitəsi ilə müxtəlif müsbət və mənfi cəhətlər ümumiləşdirilir. Ad seçmək yazıçıdan bacarıq tələb edir, ad obrazın xarakterini açmalıdır, çünki oxucunu obrazların adı da cəlb edir.

Onun əsərlərində həm baş qəhrəmanlarda, həm də kiçik obrazlarda istifadə olunan şəxs adlarının semantikası maraqlı faktlarla xarakterizə olunur. Daha da dəqiqləşdirmə aparmaq üçün aşağıdakı şəkildə təsnifləndirmək də olar: sadə xalq nümayəndələrinin kişi adları: (Cəmil, Ramiz, Nadir, Polad, Cəlal, Zəka, Aslan, Zakir, Nüsrət, Bəhram, Azər, Nemət, Qiyas, Paşa, Mütəllim, Arif, Eldar, Adil, Aslan, Nəriman, Səməd, Murad və s.); qadın adları: (Gülnar, Mehriban, Şölə, Sürəyya, Validə, Gülşən, Vəfa, Rəxşəndə, Tərifə, Dilşad, Xeyrənsə, Rübabə, Şəmsiyyə, Təranə, Sənubər, Sərvinaz, Nərgiz, Zərifə, Ceyran və s. ); dini mənşəli adlar: (Həsən, Əli, Rəsul, Qasım, İmran, Mahmud, Ələkbər, Məzahir, Tofiq, Qəzənfər, Yusif, Müslüm, Həzrətqulu, Əbdüləli, Ramazan, Əkrəm, Nəcəf və s.).  Bu seriyadan olan adlarla bağlı “Qaranlıq qovuşanda” romanında rast gəldiyimiz bir nümunəyə diqqət edək: “Mənim adım Ziyadəddindir, Seyid adıdır, hərdən Ziyad çağıran da olur”. Nağı Nağıyevin əsərlərində Azərbaycan mənşəli adlarla yanaşı, rus mənşəli adlar da (Nadiya, Polina, Mariya, Olqa-Xristiana, Lyuba, Kuzmiç, Kapyov, Kostya, Seryoja, Pavluşa, Alyoşa, Valentina, Alena və s.) müəyyən yer tutur.

Yazıçı bəzən əsərlərinin adını da şəxs adlarından seçir: “Cəmil və Gülnar”, “Səadət və Sədaqət”, “Əbdüləli”, “Nəzakət xanım” və s. kimi əsərlərində qəhrəmanlarının adlarını sərlövhəyə çıxarmışdır.

Antroponim yaradıcılığında başqa bir cəhət qeyri-real adların yaradılmasıdır. Məlumdur ki, uydurma və ya süni ad yaratmaq çətindir. Gərək müəllif əsərin hadisələri ilə onun iştirakçılarını uyğunlaşdıra bilsin. Qeyri-real adlara rast gələrkən, əsəri oxumazdan əvvəl artıq obrazın hansı xarakterdə olması anlaşılır. Onun “Həsrət” romanında  Köçərov, Şahgəldiyev, Mehnazoğlu, “Hal əhliləri” povestində Heybətov, Köçərov, Gülməliyev, “Dostlar” pyesində Xoşavazov, “Bir rəsmin tarixçəsi” povestində Ləyaqət Şirmətov  (“Əsl insanlar unudulmur” pyesində də Şirmətov familyasına rast gəlinir – Z.İ.) və s. kimi qeyri-real familiyalardan istifadə etməsi diqqətçəkən məqamlardandır. Onun “Əmioğlular” satirik hekayəsində Hüseynbala, Gülbala, “Qonşular” satirik hekayəsində Qumaş və s. kimi uydurma adlar da oxucunun təbəssümunə səbəb olan məqamlardandır.

Nağı Nağıyevin bədii əsərlərində yazıçının ideya-bədii məqsədlərini təmin edən ləqəblər diqqəti daha çox cəlb edir. Xalq ənənəsindən gələn adamların xarakterinə uyğun ləqəblər qoymaq qədimdən bəri bizim kəndlərimizdə adət olub. Bədii dilin gözəlliyi onun həyatiliyindədir. Buna görə də yazıçı üçün ilkin şərtlərdən biri həyatın içində baş verən hadisələrə, əhvalatlara, obrazlara təbii yanaşa bilməsidir. Nağı Nağıyev surətlərə bədii don biçərkən onun yaradıcılıq məhsulu olmasına baxmayaraq xalq necə çağırırsa, o da elə müraciət edir. Onun müxtəlif əsərlərində rast gəldiyimiz ləqəblərə diqqət yetirək: məsələn, “Qəribə bir təsadüf” hekayəsində “başmaqçı Xəlil” ləqəbi personajın peşəsini, sənətini, məşğuliyyətini bildirmək funksiyasını daşıyırsa, “Həsrət” romanındakı “Çopur Məhi”, “Dilişirin İbad”, “Yer altında”  povestində “Qara dayı” (“hamı onu “Qara dayı” deyə çağırır”), Qoca Pavluşa  və s. obrazın xarici qüsurlarını diqqətə çatdirmaq məqsədilə istifadə olunan bədii üslubi vasitələrdir.

Nağı Nağıyev əsərlərində ayamalardan müxtəlif məqsədlə istifadə etmişdir. Obrazların əxlaqi dəyərlərini, mənfi xüsusiyyətlərini diqqət mərkəzinə gətirmək üçün müraciət olunan ayamalara nəzər edək: “Kənddə İbad “Şeytan” ləqəbli ilə, Paşa isə əvvəllər “Sözbaz Əli” adlanan, sonralarsa “Çömçə” ləqəbi alan atası ilə məşhur idi: “Çömçə oğlu Paşa” da deyirdilər”.  “Vallahi, bir qara-qışqırıq salaram ki, bütün şəhər tökülər bura! Mənə də qaraçı Xəccə deyərlər!”.

O, bəzən əsərində oxucuda obraza münasibəti formalaşdırmaq üçün ləqəblərdən istifadə etmişdir. İnsanların həyatında və ya həyat tərzi ilə əlaqədar olaraq sonradan əmələ gələn ada əlavələrə şəxsin vərdiş etdiyi adətləri, əxlaqi keyfiyyətləri  tənqid etmək məqsədi ilə müraciət edir. “Atalar” hekayəsində övladları üçün çalışan, ailəcanlı Murada “can adamın öz canı, qarın adamın öz qarnı, kef adamın öz kefidir!” – deyən İman bu ləyaqətsiz “məsləhəti” də “sırğa elə, as qulağından” tövsiyəsini verir. Bu müdrik el kəlamından öz iyrənc düşüncəsini həyata keçirmək üçün istifadə edir. Ailə dəyərlərinə üstünlük verməyən “qarın qardaşdan irəlidir” düşüncəsi ilə yaşayan, xalq malına, yetim haqqına göz dikən, acgöz və nadan İman elə bu tip mənfi xüsusiyyətlərinə görə “Eşşək İman” ayamasını qazanıb. Ayaması ilə xarakteri çuğlaşan, ayamasına layiq həyat tərzi olan bu mənfi tip haqqında əsərin sonunda belə yazılır: “Həmişə yeməyi az qala gözünə soxardı. Yalnız çox yemək xatirinə aşpazxanada tez-tez növbətçi durar, maarifin anbarından gətirilən ərzağı dalına şələlər, şər boyu gətirib məktəbə çatdırardı. Buna görə də uşaqlar ona “Camış” adını qoydular. Sonra maarifdən ərzaq gətirməyini görəndə adını “Maarif eşşəyi” qoydular. Bir gün öz aramızda dedik ki, maarif adam hazırlayır, belə ad münasib deyil. Odur ki, gəlib əsl adını tapdıq. O gündən oldu “Eşşək İman” - Nə yaxşı ad qoyublar. Əhsən bu adı tapana! 

Bədii əsərin dili və üslubunun təhlili zamanı bəzən kiçik əhvalatlara, epizodlara daha çox diqqət yetirilməlidir. Kiçik detallara, zahirən xırda görünən təfərrüatlara ikinci dərəcəli məsələ kimi baxarsaq, yazıçının məqsədini tamamilə dərk edə bilmərik. Cəmiyyətin həqiqətləri onu əmələ gətirən sadə insanların timsalında gizlənir. Əgər belə pis əməllərdən sadə xalq nümayəndələri narazıdırsa, deməli, mövcud hökumət də səhv yoldadır. Bax, sadə kənd əhlinin kiçik məmurun əməllərindən təngə gələrək ona “Eşşək” ayamasını qoşmasını yazıçı möhtəşəm bədii dillə, gülüş priyomu ilə çatdırır. Bu nümunələri oxuyarkən İsa Hüseynovun Qaracılar kəndində suçu işləyən Koxanın insanların əməllərinə görə onları qorxuya və təşvişə salan adların yanına qoşulan ləqəblərdən, ayamalardan bəhs edən “Kollu Koxa” povestindəki bu məqam yada düşür: “Necə bilirsiniz, Koxa düz demir? Xeyir, Koxa düz deyir. Ona görə də camaat inanmayanda o, belə deyir: - Açın ürəyinizi. Ürəyinizə baxın. Ləqəbləriniz ordadır. Kimin ürəyi necədir, vicdanı necədir, ləqəbi də elədir. Hamı susdu. Hamı yerə baxırdı. Hakim qızarmışdı”.

Nağı Nağıyevin əsərlərində ləqəblərin hamısı eyni məqsədlə işlədilməmiş, eyni üslubi funksiya ilə yüklənməmişdir. Obrazların məşğuliyyətini, peşəsini, əxlaqi dəyərlərini, mənfi xüsusiyyətlərini, bəziləri xarici qüsurlarını diqqətə çatdirmaq məqsədilə istifadə olunmuşdur. Yazıçının obrazların öz hərəkət və əməllərinə, dünyagörüşlərinə, həyata baxışlarına, insana münasibətlərinə, cəmiyyət içərisində özlərini aparma rəftarına görə seçdiyi dürüst ayamalar, ləqəblər oxucuda da məmnunluq yaradır.

Nağı Nağıyevin satirik hekayələrində xudpəsəndlik, şöhrətpərəstlik, ümummilli mənafeyə zidd hərəkətlər və s. kimi halları ifşa edərkən müxtəlif mövzulara toxunur. O, məqsədinə uyğun olaraq maraqlı dil faktları seçir. Yazıçı “Mübahisə” hekayəsində yas mərasimində baş verən bir mübahisəni və höcətləşmə əsnasında baş verən hadisəni ədəbiyyata gətirərkən ərəb əlifbasını bilməyən, işlətdiyi ifadənin mənasını dərk etməyən bəzi mollaların dil və üslub tərzini tənqid edir. “A kişi, bir para adamlar lap əclaflaşıblar! Hansı qulluğa qoyurlar, deyir, bura mənim dədəmindir, ağa da mənəm, ağacan da!”. Peyğəmbərimizin buyruğuna əməl etməyən, el məclislərində xalqı maarifləndirməyə xidmət etməyən söhbətlər edən bisavad molların hikmətdən uzaq düşüncələrini müzakirə müstəvisinə gətirir. Hətta “Yasin” surəsini, bir para süparəni öz əlifbamızla köçürüb yas yerlərində molla kimi höcətləyə-höcətləyə oxuyan molla onun danışıq tərzinə, hikmətsiz söhbətlərinə, ərəb əlifbasını bilməməsinə və s. qəbahətlərinə qarşı başsağlığına gələn adamın iradına qarşı coşub ərəbcə sözlər deyir və “Məhəmmədin dilinə, dininə zidd gedirsən? Vaveyla! Mən bu cür adamların içində otura bilmərəm!..” – deyib yas mərasimini tərk edir. Bu əsərin nüvəsində sanki Sədi Şirazinin “Oxuduğuna və dediyinə əməl etməyən alim məşəl gəzdirən kora bənzəyir” aforizmi dayanır.

Nağı Nağıyevin “Miniatür yazılar” adlandırdığı çox kiçik həcmli, yarım səhifəlik əsərlərində bir neçə cümlə ilə məna tutumu ağır olan, böyük həyati mətləbləri gündəmə gətirməyə nail olmuşdur. Yazıçının “Bu şoqərib qafiyə” adlı miniatür yazısına diqqət edək: “Bir şair “şinel” sözünə uyan sözləri fikirləşib yazdı: tunel... Dalı gəlmədi, bir iki də nisbətən oxşarını tapdı: imel, duel... Yenə də işi düzəlmədi. Hirslənib öz-özünə deyindi:

-Di gəl qafiyə tap görüm, ay tənqidçi! Bu şoqərib qafiyə sənin də atanı elə yandırsın ki, ana dilini korlamaqda mənə düz əllicə dəfə şükür elə”. Bu nümunə əsərin müəyyən hissəsinə  istinad deyil, bu yazının tamamıdır. Burdan aydın olur ki, yazıçı dilimizin düçar olduğu bəlaları, onun saflığına xələl gətirən özünü “şair” hesab edənləri tənqidinə hədəf seçir. Və o, ümummilli bəlaya uzun-uzadı deyil, bir neçə uğurlu nümunə seçməklə nail olur.

Onun “Bilməyə də bilər” miniatür yazısı da diqqətçəkən bu səpkili yazılardandır: “Bir “mötəbər” dilçi ilə söhbət zamanı dedim: - Bəs nə fikirdəsiniz? Bizim nə vaxt izahlı lüğətimiz olacaq, orda dilimizdə olan, həm də yazı işində işlədilməsinə çoxlarının az əhəmiyyət verdiyi sözlərin hamısı cəmləşəcək və əbədiləşəcək?

Dilçi dedi:

-Bu sualı mənə niyə verirsən? Unutma ki, mən sözçü deyiləm, dilçiyəm.

Dedim: - bunu necə başa düşək? Məgər dil sözlərin hamısı deyil?

O, mənə gülüb dedi: - Deyəsən, bizim peşəyə lap nabələdsiniz, unutmayın ki, dilçilik alimlik dərəcəsidir, sözləri bilməyə də bilər”. Göründüyü kimi, müəllif milli terminoloji lüğətin olmamasını, izahlı lüğətimizin dilimizin söz ehtiyatını tamamilə əhatə etmədiyini, unudulmaqda olan öz köktürkcəmizə “mötəbər” adlandırdığı bəzi dilçi alimlərin biganə münasibətini vətəndaş yanğısı ilə tənqid edir. Sovet rejiminin milli dəyərlərə qənim kəsildiyi bir vaxtda bu cür ümummilli məsələyə münasibət bildirmək, hətta tənqid etmək yazıçının sarsılmaz özülə malik olan milli-mənəvi dəyərlər sistemimizə, doğma ana dilimizə sevgisindən irəli gələn əsas mətləbdir. Nəticədə, oxucu düşünür və bu neqativ hallara qarşı təəssüf hissi keçirir.

Onun qələmində miniatür yazılar satirik ruhlu hekayələri qədər uğurlu alınır. Bu silsilədən olan əsərlərində qeyri-insani hərəkət və düşüncələri tənqid hədəfinə gətirən yazıçı bu kiçik əsərlərində sadə və müxtəsər cümlələrdən istifadə edir və bu qısa, konkret, yığcam cümlələrdə ən uğurlu ifadələri işlətməklə əsərin təsir gücünü artırır. Onun “Əlacım nədir” miniatür yazısında tənqidçi və yazıçının dialoqu bu dediklərimizin ən yaxşı sübutudur. Nağı Nağıyevin yaradıcılıq dilinin kiçikhəcmli əsərlərindəki əsas və diqqəti cəlb edən məziyyəti elə budur.

“Lətifə” miniatür yazısında “Lətifələrimiz dönüb olubdur Ofelya, Esmira, Svetlana... bəziləri elə bilir ki, “svetə”, “lana” bitişdirəndə bizim min illik Günəşdən işıqlı olur. Buna görə də dilimizdən yazıq “lətifə” qərib olub” nümunəsində ən incə mətləbi açıq-aşkar, obrazlı bir şəkildə oxucuya çatdırır. Ana dilimizin təmizliyinə, gözəlliyinə riayət etməyi, xalqın sərvəti olan dilin saflığının qayğısına qalmağı tövsiyə edir.

Xalqın milli adlarına dərin rəğbət, onun dilinə, adət-ənənələrinə məhəbbət, yüksək yaradıcılıq qabiliyyəti, obrazlı təfəkkür, yaradıcılıq pafosu kimi cəhətlərin olması Nağı Nağıyev üslubunun spesifik cəhətləridir. Onun “Mübahisə” adlı miniatür əsərində “izm” azarına tutulanları ifşa hədəfinə alaraq müəlliflə rəssamın mübahisəsinə son qoymaq üçün çox uğurlu bir ifadə seçməsi, həqiqətən də, yazıçının tapıntısıdır. Naxçıvan, o cümlədən Azərbaycan dilinin digər dialektlərində rast gəldiyimiz “qotur” sözünə “izm” şəkilçisi artıraraq dilimizdə lüğət tərkibinə daxil olmayan, amma böyük bir mətləbi izah edən bu sözün mənasını oxucu yaxşı dərk edir: “...kitab çap etmək üçün əsərinə çəkilmiş şəkilləri bəyənməyən müəllif rəssamdan rəsmdəki üslubu soruşanda “bu üsula sərbəst rəsm, bir az da dərinə getsək, modernizm – futurizm deyirlər. Müəllif də onun sözünü kəsir: - Qardaş, üsulun adını hər nə qoyursunuz, qoyun, ancaq... elə eləyin ki, çəkdiyiniz şəkillər bir şeyə oxşasın, qoturizm azarına tutulmasın”. Bütün yaradıcılığı boyu hər bir dil vahidinə məsuliyyətlə yanaşan yazıçı sözyaratma məsələsində çox ciddi olmuşdur. Buna görə də yazıçının üslubunda yeni leksik vahid olan “qoturizm” sözü nəzəri özünə daha çox cəlb edir. Semantik funksiyasına uyğun olaraq bir şeyə aludə olmaq, ondan asılı olmaq mənasını dəqiq ifadə etmişdir. Fikrimizcə, bunu yazıçının ustalığından irəli gələn tapıntı kimi dəyərləndirmək olar.

Göründüyü kimi, Nağı Nağıyevin yaradıcılığının dil-üslub xüsusiyyətləri, toxunduğu dil problemləri elə təkcə onun miniatür yazıları, kiçik hekayələri fonunda da səciyyələndirmək mümkündür. Yəni yazıçının kiçikhəcmli əsərlərini təhlil etməklə belə onun bədii təfəkkürünün bütün çalarlarını, istifadə etdiyi dil faktlarının və qaldırdığı dil problemlərinin mahiyyətini dərk etmək çətin deyil.

Nəticə olaraq qeyd edək ki, hər bir əsərin arxasında onu yazan şəxsin xarakteri dayanır. Əsərlərindən yazıçı Nağı Nağıyevin nə qədər ciddi, milli-mental dəyərlərə bağlı bir ziyalı olduğu açıq-aydın hiss olunur. Dilindəki səmimilik, xalq yaddaşına enmək əsrlərdən bəri xalq dühasının yaratdığı atalar sözləri, məsəllər, idiomatik ifadələrdən – bir sözlə, frazeoloji birləşmələrdən şüurlu surətdə istifadə etmək onun yaradıcılığının əsas qayəsidir.

O, bədii dilə həssas qəlblə yanaşmış, ana dilimizin milli koloritini, sadəliyini və təbiiliyini qoruyub saxlamışdır. Ana dilinin koloritini verə bilməməyin ən əsas səbəbi quru və təmtəraqlı dillə yazmaqdır. Onun bədii yaradıcılığından Ana dilinin sağlam nəfəsinin ətri duyulur. Əsərlərinə Ana dilinin gözəl nəfəsini verməklə bərabər, publisistik üslubla da zənginləşdirmişdir.

“Həsrət” romanında ümumxalq dilinə söykənən leksik birləşmələrin sayı xeyli dərəcədə çoxdur. İstər müəllifin öz təhkiyəsində, istərsə də obrazlarının danışığında bol-bol istifadə edilən atalar sözləri  və məsəllər, öyüd nəsihətlər onun dilini obrazlı, aydın və maraqlı edir, təbiiləşdirir. Əsər nə adi, nə də yüksək səviyyəli oxucu üçün deyil, hər kəsin ruhuna xitab edəcək ibrətamiz bir ruhla yazılıb.

Yazıçının istər irihəcmli romanlarında, istərsə də həcmindən asılı olmayaraq, bütün hekayələrinin dilində işlətdiyi hər bir sözdə, ifadədə, cümlədə aşılanan dərin fikirlər olduqca sadə, anlaşıqlı, səmimi bir dildə öz əksini tapmışdır. Sadəlik, səmimilik, təbiilik onun əsərlərinin səciyyəvi xüsusiyyətidir.

Yazıçı hadisənin cərəyan etdiyi ərazini dəqiq təsvir etmək üçün toponimlərlə yanaşı dialektizmlərdən, xüsusilə də Naxçıvan dialekt və şivələrinə məxsus dialektal leksikadan istifadə etmişdir. Ümumiyyətlə, onun əsərlərinin dilində obrazların sayı qədər danışıq üslubu vardır. Hər obrazın dilinə, xarakterinə uyğun söz və ifadələr seçməklə yüksək sənətkarlıq bacarığını ortaya qoyur. Hər obrazı öz xarakterinə uyğun bir dillə danışdırmaq məharəti Nağı Nağıyevin əsərlərində qüvvətlidir. Yazıçının yaratdığı tiplər həyatda olduğundan qat-qat inandırıcı danışırlar.

Son olaraq qeyd etmək lazımdır ki, Nağı Nağıyevin əsərlərində obrazların dilindəki tipikləşdirmə probleminin nə qədər böyük əhəmiyyətə malik olduğunun aydın görünməsinə baxmayaraq, müəyyən məqamlarda ümumxalq danışığına istinad olunmasına rəğmən onun yaradıcılğında ədəbi dil normalarına daha artıq meyil hiss olunur. Nağı Nağıyevin elə əsəri yoxdur ki, dil-üslub xüsusiyyətləri baxımından diqqət özünə cəlb etməsin. Bu məziyyətlər onun əsərlərini oxunaqlı etmiş və ona yüzlərlə, minlərlə oxucu auditoriyası qazandırmışdır.

Zülfiyyə İsmayıl, AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent

  • Paylaş: