Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Qafqazşünaslıq İnstitutunun əməkdaşları Rusiyada keçirilən onlayn konfransda iştirak ediblər
08.07.2020 10:18
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutunun əməkdaşları Rusiyada keçirilən onlayn konfransda iştirak ediblər

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə və Şimali Qafqaz şöbəsinin əməkdaşı Şahnaz Tağıyeva Rusiya Federasiyasının Qaraçay-Çərkəz Dövlət Universitetinin təşkil etdiyi "Rusiya sahibkarlığı: inkişaf tarixi, təcrübə və siyasi-iqtisadi diskursda yeri” mövzusunda onlayn elmi konfransda iştirak ediblər. 

Konfransın plenar iclasında t.ü.f.d. Elnur Kəlbizadə “Azərbaycan-Polşa iqtisadi və humanitar əlaqələrində Naxçıvanın yeri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə tarixdən günümüzədək Azərbaycan-Polşa arasında iqtisadi və humanitar əlaqələrdən bəhs edilib. E.Kəlbizadə bildirib ki, 1918-ci ildə tarixi Qərbi Azərbaycan ərazilərində erməni dövlətinin yaradılması, İrəvan şəhərinin Ermənistana paytaxt kimi güzəştə gedilməsi, XX əsrin 20-ci illərində isə Zəngəzur bölgəsinin Ermənistan SSR-ə verilməsi nəticəsində Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrı düşüb. Nəticədə Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu zərurətə çevrilib.

E.Kəlbizadə bildirib ki, XX əsrin 90-cı illərində Ermənistanın yaratdığı blokada şəraitində Naxçıvan Muxtar Respublikasının müxtəlif ölkələrlə iqtisadi və humanitar əlaqələr qurmaq zərurəti yaranıb. Azərbaycan Respublikasının xarici əlaqələrinin tərkib hissəsi olaraq XXI əsrin əvvəllərindən başlayaraq Polşanın müxtəlif regionları ilə muxtar respublika arasında iqtisadi və humanitar sahələrdə əlaqələr qurulub.

Beynəlxalq tədbirdə Şahnaz Tağıyeva isə “Dağıstanın sosial və iqtisadi inkişafı Azərbaycanla münasibətlərin vacib amili kimi” mövzusunda məruzəsini təqdim edib. Məruzədə Dağıstanın sosial-iqtisadi inkişafında Azərbaycanın rolu və əhəmiyyəti məsələsinə toxunulub.

Qeyd edək ki, konfransda müxtəlif ölkələrdən 60-a yaxın alim və tədqiqatçının məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: