www.science.az
07.07.2020 13:31

“Xınalıq” qoruğu UNESCO-nun Dünya İrs Siyahısına namizədlik üçün ilkin siyahıya salınıb

Dövlət Turizm Agentliyinin tabeliyində olan “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu UNESCO-nun Dünya İrs Komitəsinin ilkin siyahısına daxil edilib. Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi qoruğun Dünya İrs Siyahısına namizədliyi üçün ilkin siyahıya salınması məqsədilə uyğun sənədləri Dünya İrs Komitəsinə təqdim edib.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının və Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin vasitəçiliyi ilə təşkilata təqdim olunan sənəddə “Xınalıq” qoruğu Dünya İrs Komitəsinin irəli sürdüyü ümumdünya meyarları əsasında qiymətləndirilib, əsaslandırmalar və qoruğun Dünya İrs Siyahısına salınmasını təsbit edən məlumatlar əksini tapıb. 

Məlumat üçün qeyd edək ki, UNESCO-nun Dünya İrs Komitəsi tərəfindən təyin olunmuş qaydalara uyğun olaraq istənilən tarixi-mədəni abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirmək üçün həmin abidənin mütləq şəkildə ən azı bir il öncədən ilkin siyahıya salınması tələb olunur. İlkin siyahı hər bir üzv dövlətin Dünya İrs Siyahısına namizədliyini irəli sürmək üçün nəzərdən keçirmək istədiyi abidələrin siyahısıdır. Bu siyahı Dünya İrs Mərkəzi tərəfindən təşkilatın rəsmi internet səhifəsində və uyğun iş sənədlərində dərc olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.