Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

18.11.2014 00:00
  • A-
  • A
  • A+

Prezident Mükafatına namizədliyi təklif olunan gənc alimlərlə görüş keçirilib

Prezident Mükafatına namizədliyi təklif olunan gənc alimlərlə görüş keçirilib

AMEA Rəyasət Heyətində “Gənclər üçün Prezident Mükafatı”na təqdim olunan namizədlərin müəyyənləşdirilməsi üzrə Ekspert komissiyasının iclası keçirilib.

AMEA prezidenti, akademik Akif Əlizadə cari ilin iyul ayının 2-də ölkə başçısının “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi, Azərbaycan gənclərinin elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində nailiyyətlərini təşviq etmək məqsədi ilə Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında Fərmanın önəmliyini vurğulayıb. Belə bir mükafatın təsis olunmasının ümumilikdə gənclərin, o cümlədən AMEA-da çalışan gənc tədqiqatçıların potensialının reallaşdırılmasına stimul olacağını söyləyən AMEA prezidenti qeyd edib ki, mükafat 10 min manat, diplom, mükafatın nişanı və vəsiqəsindən ibarətdir. Fərmanın icrasını təmin etmək məqsədi ilə sentyabr ayının 26-da AMEA Rəyasət Heyətinin sərəncamı ilə mükafata namizədliyi təqdim olunacaq gənc alimlərin müəyyənləşdirilməsi üzrə Ekspert komissiyası yaradılmışdır.

Sonra 14 gənc alim əldə etdikləri elmi nailiyyətlərə dair ekspert komissiyası qarşısında çıxış ediblər.

İclasda bölmə bürolarından təqdim olunan 14 nəfər gəncin elmi biliklərinin qiymətləndirilməsi həyata keçirilib. Geniş müzakirədən sonra Ekspert komissiyası 4 nəfər gənc alimi “Gənclər üçün Prezident Mükafatı”na təqdim etmək üçün AMEA Rəyasət Heyətinə tövsiyə edib.

Qeyd edək ki, AMEA Rəyasət Heyətinin iclasında “Gənclər üçün Prezident Mükafatı”na namizədliyi irəli sürülən 4 gənc alimin siyahısı müzakirə olunduqdan sonra AR Gənclər və İdman Nazirliyinə təqdim ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: