Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanda bitki mühafizəsi strategiyasının davamlı inkişafı üzrə uğurlu fəaliyyət
07.07.2020 10:57
  • A-
  • A
  • A+

Azərbaycanda bitki mühafizəsi strategiyasının davamlı inkişafı üzrə uğurlu fəaliyyət

Azərbaycanın yabanı flora müxtəlifiyi çox zəngindir. Belə ki, ölkəmizdə 5000-ə qədər ali bitki növü qeydə alınmış və hazırda onların təsviri davam edir. Ümumilikdə Qafqazda yayılan bitki növlərinin təqribən 64%-i burada rast gəlinir, bu isə Azərbaycan florasını öz müxtəlifliyi və yüksək endemizmi (200 Azərbaycan endemi və 950 Qafqaz endemi) ilə Qafqaz biomüxtəlifliyinin qaynar nöqtəsinin bir hissəsinə aid edir.

Bundan əlavə, ölkə florası üçüncü dövrə aid relikt bitki növləri ilə də zəngindir. Son illər yerli floranın say və tərkibi biotik və abiotik amillərin təsiri altında kəskin dəyişir. Nadir və ya nəsli kəsilməkdə olan bitki növləri, xüsusilə təbii fəlakətlər, iqlim dəyişikliyi, eroziya, antropogen və s. kimi ekoloji amillərin təsirinə məruz qalır. Bu isə, öz növbəsində, “in situ” və “ex situ” üzrə əlavə mühafizə tədbirlərinə ehtiyacı artırır. Bu baxımdan müasir dövrdə bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi istər qlobal, istərsə də regional səviyyədə prioritet və aktual məsələlərdən biri hesab edilir.

Bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi üzrə BMT-nin Biomüxtəliflik Konvensiyasının Bitki Mühafizəsi üzrə Qlobal Strategiyasının (BMQS) 8-ci hədəfi "təhlükə altında olan bitki növlərinin ən azı 75%-nin, əsasən, vətənində “ex situ” mühafizəsini, bərpa və yenilənmə (regenerasiya) tədbirləri üçün ən azı 20%-nin mövcud olması"nı 2020-ci ilə qədər qarşıya məqsəd qoyur. Bundan başqa, ölkə Prezidentinin “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya"nın təsdiq edilməsi haqqında Sərəncamı təsdiq edilib.

Bu fikirlər AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadənin və elmi müəssisənin Toxum Bankı sektorunun müdiri Aidə İbrahimovanın həmmüəllifi olduqları “Azərbaycanda bitki mühafizəsi strategiyasının davamlı inkişafı üzrə uğurlu fəaliyyət” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə bildirilib ki, biomüxtəliflik və onun mənşəyinin öyrənilməsi təbiət və təbii resursların qorunmasına yönələn Botanika İnstitutunun əsas istiqamətlərindən biridir. Beləliklə, bioloji müxtəlifliyin qorunması sahəsində 2000-ci illərdən başlayaraq institutun fəaliyyəti yerli və Qafqaz florasının müxtəlifliyinin öyrənilməsi, endem və nadir bitki növlərinin təhlili, onların statusunun müasir kateqoriya və meyarlara uyğun qiymətləndirilməsi, populyasiyaların sayı, vəziyyətinin öyrənilməsinə, eləcə də onların mühafizəsinə istiqamətləndirilib. Botanika İnstitutu tərəfindən dünyanın aparıcı beynəlxalq elmi təşkilatları ilə imzalanmış memorandumlar və müqavilələr çərçivəsində həyata keçirilən tədqiqatlar bu baxımdan olduqca əhəmiyyətlidir. Qeyd etmək lazımdır ki, bu çərçivədə icra edilən layihələrin, xüsusilə uzunmüddətli beynəlxalq layihələrin nəticələri Botanika İnstitutunun alimlərinə yeni imkanlar açaraq, elmi müəssisənin dünya botanika cəmiyyətinə inteqrasiyasına şərait yaradıb.

2012-ci ildə dünyanın ən iri toxum banklarından biri hesab edilən Böyük Britaniyanın Kyu Kral Botanika Bağının Minilliyin Toxum Bankı Tərəfdaşlığı ilə AMEA-nın Botanika İnstitutu arasında Azərbaycan florasının prioritet bitki növlərinin, xüsusilə nadir, nəsli kəsilməkdə olan və iqtisadi əhəmiyyətli növlərin mühafizəsi üzrə əməkdaşlıq memorandumu imzalanıb. Memorandum çərçivəsində Azərbaycanda Bitki Mühafizəsi üzrə Qlobal Strategiyanın 8-ci hədəfinin reallaşdırılması istiqamətində mühüm rol oynayan bir sıra beynəlxalq layihələr həyata keçirilib. Belə ki, Qafqaz florasının qorunması istiqaməti üzrə 2013-2015-ci illərdə “Azərbaycanda yabanı bitki növləri toxumlarının toplanması”, 2016-2018-ci illərdə həmin layihənin ikinci mərhələsi yerinə yetirilib. Azərbaycanın nadir, iqtisadi əhəmiyyətli və relikt ağac növlərinin mühafizəsi üzrə isə 2016-2018-ci illərdə “RE Qarfild qlobal ağac toxum bankı” layihəsi üzrə Minilliyin Toxum Bankı, akademiyanın Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağı əməkdaşlıq edib.

Həyata keçirilən birgə layihələrin əsas məqsədi bitki növlərinin toxumlarının toplanması və təbii populyasiyaların qorunması yolu ilə prioritet bitki növlərinin regional genetik müxtəlifliyinin saxlanılması ilə biomüxtəlifliyin "ex situ" mühafizəsi olub. Ümumilikdə həyata keçirilən layihələr üzrə Toxum Bankında 291 toxum kolleksiyalarında 56 fəsilə və 142 cinsə aid 246 yabanı bitki növünün toxumları mühafizə olunur. Onlardan 10 növü Azərbaycan, 29 növü Qafqaz endemidir. Toxum kolleksiyalarında, eyni zamanda, Azərbaycanın “Qırmızı kitabı”na daxil edilən 28 nadir və 6 relikt bitki növünün toxumları da mövcuddur.

Qeyd edilib ki, Minilliyin Toxum Bankı Tərəfdaşlığının dəstəyi nəticəsində 2017-ci ildə Botanika İnstitutunun Toxum Bankı yaradılıb. Toxum Bankı yabanı bitki növlərinin toxum kolleksiyalarının qısa və uzun müddətli saxlanılması üçün nəzərdə tutulub. Onun yaradılması bir çox hallarda nəsli kəsilmək təhlükəsi altında olan populyasiyaların saxlanılması üçün vacibdir. Məlumdur ki, Toxum Bankı uzun illər səmərəli qənaət edə və toxumlar fövqəladə vəziyyət zamanı yenidən istifadə oluna bilər. Bu, həm də Azərbaycanda bitki biomüxtəlifliyinin qorunması və davamlı inkişafı ilə bağlı gələcək araşdırmalara töhfə verəcək.

Hazırda Botanika İnstitutu tərəfindən birgə layihələrin uğurla reallaşdırıldığını nəzərə alaraq Minilliyin Toxum Bankı Tərəfdaşlığı ilə əməkdaşlıq memorandumu 2020-ci ildə yenidən 3 il müddətinə, 2023-cü ilə qədər uzadılıb.

İkitərəfli beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin əsas məqsədi biomüxtəlifliyin mühafizə edilməsi məqsədilə yeni layihələrin həyata keçirilməsi, kadr və təcrübə mübadiləsinin, dünya elminin prioritet istiqamətləri üzrə birgə tədqiqatların aparılmasıdır. Bundan başqa, hər iki təşkilat arasında əməkdaşlıq memorandumu çərçivəsində “Təhlükə altında olan biomüxtəlifliyin qaynar nöqtələri” adlı yeni layihənin həyata keçirilməsi məqsədilə müqavilə imzalanıb. Layihə çərçivəsində Azərbaycan florasının təhlükə altında olan və qorunmağa ehtiyacı olan bitki növlərinin “ex situ” mühafizəsi həyata keçiriləcək.

Həmçinin fərdlərinin sayı azalan bitki növlərinin təbii yaşama mühitində yenidən bərpa edilməsi məqsədilə reintroduksiya istiqamətində tədqiqatlar uğurla yerinə yetirilir. Belə ki, bir sıra nadir bitkilərin toxumları və soğanaqları AMEA-nın Mərkəzi Nəbatat Bağının canlı kolleksiyalarına daxil edilib. Toplanılmış və sənədləşdirilmiş toxum kolleksiyaları genetik müxtəlifliyin mühafizəsi, fitomüxtəlifliyin bərpası və davamlı istifadəsi baxımından gələcək konservasiya işləri üçün olduqca vacib və səmərəli vasitədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: