Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Böyük Qafqazın cənub yamacı üçün Yer qabığında baş verən şaquli deformasiyalar öyrənilib
26.06.2020 15:34
  • A-
  • A
  • A+

Böyük Qafqazın cənub yamacı üçün Yer qabığında baş verən şaquli deformasiyalar öyrənilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunun "Geofizika mühəndisliyi" üzrə ixtisaslaşdırılmış Elmi Şurasında magistr dissertasiyasının onlayn müdafiəsi keçirilib.

İnstitutun Müasir geodinamika və kosmik geodeziya şöbəsinin böyük laborantı, "Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları" ixtisası üzrə magistr təhsili alan Xublar Fətəliyeva “Qravitasiya sahəsinin zamana görə dəyişməsi və dövriliyin təhlili (Şəki Qravitasiya stansiyası timsalında)” mövzusunda dissertasiya işini komissiyanın iclasında təqdim edib.

Tədqiqatın məqsədi Şəki qravitasiya stansiyası məlumatlarından istifadə edərək Yerin qravitasiya sahəsinin qabarma variasiyalarının tədqiqi əsasında Böyük Qafqazın cənub yamacı üçün Yer qabığında baş verən şaquli deformasiyaların öyrənilməsidir.

Xublar Fətəliyeva vurğulayıb ki, Şəki ərazisində Yer qabığının şaquli qabarma deformasiyalarının öyrənilməsi yüksək dəqiqlikli işlərdə, neft-qaz və su borularının çəkilməsi kimi inşaat işlərində olduqca böyük əhəmiyyətə malikdir.

Təqdimatdan sonra magistr komissiya üzvlərinin suallarını cavablandırıb.

Komissiya üzvləri dissertasiya işini 92 balla qiymətləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: