Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Məhtimqulu və türk dünyası” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib
26.06.2020 15:19
  • A-
  • A
  • A+

“Məhtimqulu və türk dünyası” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib

Türkmənistanın ölkəmizdəki səfirliyinin və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Məhtimqulu və türk dünyası” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.

Məhtimqulu Fəraqinin poeziya günü münasibətilə təşkil olunan konfransda Azərbaycanla yanaşı, Türkmənistandan olan elm xadimləri də iştirak ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Türkmənistan Elmlər Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında əlaqələrin uzun illərdir inkişaf etdirildiyini, bu günədək bir sıra faydalı işlərin görüldüyünü və əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib.

Məhtimqulu Fəraqinin türkmən ədəbiyyatına verdiyi töhfələrdən bəhs edən akademik İ.Həbibbəyli böyük mütəfəkkirin zəngin irsinin araşdırılmasının əhəmiyyətini qeyd edib: "Məhtimqulu Fəraqi türk dünyasında XVIII əsrlərdən başlanan yeni ədəbiyyatın əsasını qoyan şəxslərdən biridir. O, həm də Türkmənistanın milli birliyinin rəmzidir. Ədibin Azərbaycanla bağlı səfərləri, yaradıcılığındakı səhifələr iki xalqın qardaşlığının qədim tarixə və böyük ənənələrə malik olduğunu sübut edən amillərdir". 

Böyük şair Məhtimqulu Fəraqinin yaradıcılığının türkmən ədəbiyyatının, ictimai fikrinin inkişafındakı rolundan danışan İ.Həbibbəyli onun ədəbi irsinin ölkəmizdə nəşri və tədqiqi məsələlərindən bəhs edib. Bildirib ki, artıq bir neçə ildir Türkmənistanın ölkəmizdəki səfirliyi ilə birlikdə Məhtimqulu Fəraqiyə həsr olunan konfranslar təşkil edilir. Həmçinin Ədəbiyyat İnstitutu tərəfindən türkmən şairinin seçilmiş əsərlərindən ibarət “Divan”ını ilk dəfə doğma dilimizdə çap olunub. Birinci vitse-prezident akademiyanın vasitəsilə çap olunan həmin nəşrin ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrin inkişafında xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Daha sonra çıxış edən Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev öz ölkəsi ilə Azərbaycan arasındakı əlaqələrdən danışıb. O, M.Fəraqinin Azərbaycanla bağlılığından bəhs edib, konfransın işinə uğurlar arzulayıb. 

Onlayn konfransda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Türkdilli Ölkələrin Parlament Assambleyasının baş direktoru (ТÜRKPA) Altınbek Mamayusupov da çıxış edərək M.Fəraqini türk-müsəlman dünyasının və ümumən bəşəriyyətin yetişdirdiyi görkəmli sənətkar kimi səciyyələndiriblər. 

Tədbirdə Türkmənistan və Azərbaycan alimlərinin Məhtimqulu Fəraqinin həyat və yaradıcılığına həsr olunan məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: