Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Koronavirusa qarşı mübarizədə yeganə çıxış yolu həmrəylik, birgə fəaliyyətdir
25.06.2020 10:06
  • A-
  • A
  • A+

Koronavirusa qarşı mübarizədə yeganə çıxış yolu həmrəylik, birgə fəaliyyətdir

Dünyanı cənginə alan koronavirus (COVID-19) pandemiyası artıq ikinci dalğası ilə bəşəriyyət üçün daha böyük təhlükə yaratmaqdadır. Hazırda bir çox ölkədə iqtisadi balans pozulub, sosial sahəyə ciddi ziyan vurulub. Dövlətimiz yarana biləcək risklərin qarşısını almaq üçün gördüyü tədbirlərlə, verdiyi həyati vacib qərarlarla pandemiya ilə bağlı bütün proseslərə nəzarət edir. Prezident İlham Əliyevin koronavirusla əlaqədar əhalinin sağlamlığının qorunması üçün gördüyü tədbirləri ürəkdən bəyənir və yüksək qiymətləndiririk. Sevindirici haldır ki, vaxtında verilmiş önəmli qərarlarla ölkədə pandemiyanın ilk dalğasının qarşısı alındı. Belə ki, bir çox ölkələr qabaqlayıcı tədbirlərə gec başladığı üçün ağır vəziyyətə düşdüyü halda, ölkəmiz pandemiyanın birinci dalğasının yarada biləcəyi fəlakətlərdən sovuşa bildi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında akademik Qərib Məmmədov söyləyib. Akademik deyib: “Biz də bu tədbirlərə adekvat olaraq cavab verməli, qoyulan tələblərə riayət etməklə həmrəylik nümayiş etdirməliyik. Hesab edirəm ki, dövlət və millət olaraq bu pandemiyanın öhdəsindən yalnız birgə gələ bilərik. Bu gün hər bir vətəndaş özünü və ətrafındakıları qorumaq üçün tibbi maskadan, dezinfeksiya vasitələrindən istifadə etməli, sosial məsafəni gözləməlidir. Bu sadə qaydalara əməl etməklə, özümüzü və yaxınlarımızın həyatını təhlükədən xilas etmiş olarıq. Bu da bəşəriyyətin pandemiya üzərində qələbəsinə aparan ən etibarlı yoldur. İnanıram ki, əhalimiz bu çağırışlara əməl etməklə, bir hədəfə vurmaqla dövlətimizin yanında olacaq. Necə ki, dövlət bizi böyük fəlakətlərin yaranmasından qoruyur, biz də üzərimizə düşən sosial məsuliyyəti dərk etməklə dövlətimizin, ümumən insanlığın, bəşəriyyətin yanında olmalıyıq.

Bu gün kimlərsə dezinformasiyaların təsiri altında şübhə içində ola bilər. Belə halda sadəcə düşünmək lazımdır ki, pandemiya şəraitində qoyulan qaydalara riayət etməməklə insan həm özünü, həm də başqalarını təhlükə qarşısında qoyur. Ona görə də proseslərin daha ağır nəticələrə aparmasının qarşısını almaq üçün hər kəsi həkimlərin məsləhətlərinə qulaq asmağa, tibbi maskadan istifadə etməyə səsləyirəm. Gəlin sosial məsafəni gözləyək və dezinfeksiya vasitələrindən istifadə edək. Pandemiyasız gələcəyə aparan yol məhz sosial məsuliyyətdən, həmrəyliyimizdən keçir”, - deyə akademik Qərib Məmmədov tövsiyə edib.

  • Paylaş: