Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Ziyad Səmədzadənin 80 yaşı tamam olur
25.06.2020 09:14
  • A-
  • A
  • A+

Akademik Ziyad Səmədzadənin 80 yaşı tamam olur

Bu gün genişmiqyaslı araşdırmaları ilə müasir iqtisad elminin, eləcə də Azərbaycanın sosial-iqtisadi inkişaf problemlərinin öyrənilməsinə sanballı töhfələr vermiş tanınmış elm xadimi, Milli Məclisin deputatı  “Şöhrət” və “Şərəf” ordenli, akademik Ziyad Səmədzadənin 80 yaşı tamam olur.

Ziyad Əliabbas oğlu Səmədzadə 1940-cı il iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olub. O, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib, 1962-1964-cü illərdə Moskvada SSRİ Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil alıb. 1965-ci ildə həmin institutda iqtisad elmləri üzrə namizədlik dissertasiyasını müdafiə edib, Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, elmi katib və şöbə müdiri vəzifələrində çalışıb.

Akademik Z.Səmədzadə 1971-ci ildə iqtisad elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edib, 1977-ci ildə professor elmi adını alıb. O, 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib. Alimin elmi rəhbərliyi ilə 60-dan çox namizədlik, eləcə də bir neçə doktorluq dissertasiyası müdafiə olunub. Z.Səmədzadənin onlarla yetirməsi bu gün ölkəmizdə və onun sərhədlərindən kənarda səmərəli fəaliyyət göstərir.

O, 1976-1982-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsi ETTİ-nin direktorunun birinci müavini, Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru vəzifələrində çalışıb. 1983-1993-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin İqtisadiyyat şöbəsinin müdiri, Azərbaycan Respublikası Ali Sovetinin deputatı və Plan-büdcə komissiyasının sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin birinci müavini, habelə TACİS, TRACECA proqramları üzrə Azərbaycanın Milli Koordinatoru olub. Z.Səmədzadənin rəhbərliyi və yaxından iştirakı ilə 1987-1991-ci illərdə Azərbaycanın iqtisadi müstəqillik konsepsiyası, eləcə də müxtəlif qanun layihələri hazırlanaraq parlament tərəfindən qəbul edilib.

Tanınmış alimin elmi və ictimai-siyasi fəaliyyəti hər zaman yüksək qiymətləndirilib. O, elm sahəsində Lenin Komsomolu (1974) mükafatı laureatıdır. Həmçinin Qırmızı Əmək Bayrağı (1986), “Şöhrət” (2010) və “Şərəf” (2015), 1-ci dərəcəli "Vətənə xidmətə görə" (2020) ordenləri ilə təltif edilib. 2012-ci ildə Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi əhəmiyyətli töhfələrə görə “Fransisk Skorina” medalı ilə mükafatlandırılıb.

Ziyad Səmədzadə Beynəlxalq Menecment Akademiyasının, Avropa Beynəlxalq Akademiyasının Azərbaycan bölməsinin fəxri prezidenti, o cümlədən Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan İqtisadçılar İttifaqının sədridir. 

Akademik iqtisadi inkişaf, onun sürət və proporsiyaları, struktur, səmərəlilik, bazar iqtisadiyyatı, iqtisadi təhlükəsizlik, hərbi dövrün iqtisadiyyatı və s. problemlərə dair 500-dən çox elmi məqalənin, 14 monoqrafiyanın, çoxsaylı əsərlərin tərtibçisi və elmi redaktorudur.

Onun ideya müəllifliyi və baş elmi redaktorluğu ilə 1997-1998-ci illərdə ümumi həcmi 2500 səhifə olan “Azərbaycan XXI əsrin astanasında” üçcildliyi nəşr edilib. Bu kitablarda Azərbaycanın milli iqtisadi inkişaf modeli və onun inkişaf təmayülləri elmi-praktik əsasda qiymətləndirilib, habelə iqtisad elmi qarşısında duran vəzifələrdən geniş bəhs olunub.

Z.Səmədzadənin çoxcəhətli elmi fəaliyyətində respublika regionlarının sosial-iqtisadi inkişafının mühüm problemlərinin tədqiqi də əksini tapıb. Onun elmi axtarışlarında Azərbaycan paytaxtının iqtisadi və sosial inkişafı ilə bağlı mülahizələri mühüm yer tutur. Bu araşdırmalar əsasında Bakının iqtisadi, sosial inkişafına dair monoqrafiya dərc olunub, konkret tövsiyələr hazırlanaraq ali idarəetmə orqanlarına təqdim edilib.

Dünya ölkələrinin iqtisadi inkişaf təcrübəsini dərindən öyrənən və onların mütərəqqi cəhətlərini Azərbaycanda təbliğ edən alim bir çox ölkələrdə, o cümlədən bir neçə dəfə Çin Xalq Respublikasında olub, “Dünya iqtisadiyyatı: Çin “iqtisadi möcüzəsi” kitabını nəşr etdirib.

2004-ci ildə akademikin ölkə və onun hüdudlarından kənarda böyük əks-səda doğurmuş, “Böyük yolun mərhələləri” – “Azərbaycan iqtisadiyyatı yarım əsrdə: reallıq və perspektivlər” adlı kitabı çapdan çıxıb.

Mənalı ömür yolunun 80-ci pilləsinə qədəm qoymuş akademik Ziyad Səmədzadə bu gün də yorulmadan yazıb-yaradır, parlamentdə və cəmiyyətdə fəallığı ilə seçilir, elmi çevrələrdə Azərbaycanda iqtisad elminin ağsaqqalı kimi qəbul olunur. Onun əzmlə ərsəyə gətirdiyi, dərin elmi təhlilə əsaslanan, faktoloji zənginliyi və ensiklopedik səciyyə daşıması ilə seçilən kitabları istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda geniş oxucu auditoriyası qazanıb.

Azərbaycanın görkəmli iqtisadçı alimi Ziyad Səmədzadəni 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda yeni nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: