Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

17.06.2020 17:31
  • A-
  • A
  • A+

"İrəvan şəhəri-necə varsa" monoqrafiyasının nəşrə hazırlanmasına dair müzakirələr aparılıb

"İrəvan şəhəri-necə varsa" monoqrafiyasının nəşrə hazırlanmasına dair müzakirələr aparılıb

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.

Tibbi maskadan istifadə və sosial məsafə gözlənilməklə baş tutan tədbirdə AMEA-nın birinci vitse-prezidenti, Elmi şuranın sədri, akademik İsa Həbibbəyli, şura üzvləri, elmi-tədqiqat müəssisələrinin rəhbərləri və aidiyyəti üzrə şəxslər iştirak ediblər.

Tədbirdə Prezident İlham Əliyevin çağırışına cavab olaraq "İrəvan şəhəri-necə varsa" monoqrafiyasının nəşrə hazırlanması haqqında məsələ müzakirə olunub.

Mövzu ilə bağlı danışan akademik İsa Həbibbəyli ölkə başçısının Tərtər rayonuna səfəri zamanı Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş qərarlar, İrəvanın Ermənistana verilməsi, eləcə də buradakı türk mənşəli toponimlərin saxtalaşdırılması məsələlərinə toxunduğunu xatırladıb. Prezident İlham Əliyevin çıxışından irəli gələn məsələlərin icrasını təmin etmək məqsədilə artıq AMEA-da bir sıra tədqiqatların həyata keçirilməsinə başlanıldığını diqqətə çatdıran akademik İsa Həbibbəyli tədqiqatların nəticəsinin "İrəvan şəhəri-necə varsa", "Qərbi Azərbaycan-necə varsa" və "Dağlıq Qarabağ-necə varsa" kitablarında əksini tapacağını qeyd edib. Akademik İsa Həbibbəyli sözügedən nəşrlərin rus və ingilis dillərinə də tərcümə edilərək beynəlxalq müstəvidə təbliğatının aparılacağını söyləyib.

Kitabın layihəsini təqdim edən birinci vitse-prezident qeyd edib ki, ilkin mərhələdə "İrəvan sözünün mənşəyi və İrəvan şəhərinin yaradılması tarixi", "İrəvan şəhəri qədim dövr və orta əsrlərdə", "İrəvan xanlığının baş kəndi", "İrəvan şəhəri Çar Rusiyası idarəçiliyində", "İrəvan şəhəri XX-XXI əsrlərdə" və "İrəvanda Azərbaycan mədəniyyəti və təhsili" fəsillərindən ibarət "İrəvan şəhəri-necə varsa" monoqrafiyasının nəşrə hazırlanması nəzərdə tutulur.

Bu günə qədər AMEA-nın müxtəlif institutları tərəfindən İrəvanın tarixi, arxeologiyası, əhalisi, toponimləri, maddi mədəniyyət nümunələri, xəritəsi, coğrafiyası, iqtisadiyyatı və s. istiqamətlərdə əsərlərin ərsəyə gətirildiyini xatırladan akademik yeni monoqrafiyanın əhatəliyi və sistematikliyi ilə digərlərindən fərqlənəcəyini vurğulayıb.

Sonra Elmi şuranın sədr müavini, akademik Nərgiz Axundova, Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı, Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, professor Nəcəf Müseyibli, Tarix İnstitutunun direktor müavini, tarix elmləri doktoru Tofiq Nəcəfli, Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov və başqaları çıxış edərək nəşri nəzərdə tutulan "İrəvan şəhəri-necə varsa" monoqrafiyası ilə bağlı təklif və mülahizələrini bildiriblər.

Tədbirdə nəşrin hazırlanmasında iştirak edəcək AMEA-nın Tarix, Qafqazşünaslıq, Ədəbiyyat, Dilçilik, Folklor, Memarlıq və İncəsənət, Arxeologiya və Etnoqrafiya, Coğrafiya, İqtisadiyyat institutları, eləcə də Milli Azərbaycan Tarixi Muzeyi, AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Dillər Universitetinin vəzifələri müəyyənləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: