Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan dilinin orfoqrafiya lüğəti” çapdan çıxıb
17.06.2020 14:25
  • A-
  • A
  • A+

“Azərbaycan dilinin orfoqrafiya lüğəti” çapdan çıxıb

Dövlət dilinin saflığının qorunması, düzgün istifadəsi və tərcüməsi işinin təşkili istiqamətində Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş “Azərbaycan dilinin orfoqrafiya lüğəti” işıq üzü görüb.

Lüğət müasir və qədim Azərbaycan sözlərinin, müxtəlif sahələrdə işləklik qazanmış terminlərin düzgün seçimi prinsipi üzrə, eyni zamanda, Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan dilinin Orfoqrafiya Normaları”na uyğun tərtib edilib.

Lüğətin tərtibçisi və “Ön söz”ünün müəllifi - Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud, redaksiya heyəti – akademik Nizami Cəfərov, professorlar Vilayət Quliyev, Qulu Məhərrəmli, Cahangir Məmmədli, Cəlil Nağıyev, Rüstəm Kamal, dosent İsmayıl Məmmədov, nəşriyyat redaktoru isə Lətafət Səmədovadır.

Yeni nəşrin əvvəlki orfoqrafiya lüğətlərindən başlıca fərqli cəhətləri – yazılış qaydası əvvəlki lüğətlərdə qüsurlu olan minlərlə söz və terminlərin vahid düzgün yazılış qaydasında verilməsi, müxtəlif söz quramalarından, arxaikləşmiş, qeyri-işlək ərəb-fars və digər əcnəbi sözlərdən, dialekt və loru ifadələrdən təmizlənərək, əvvəlki orfoqrafiya lüğətlərində yer almamış 8 mindən çox saf Azərbaycan sözünü, eləcə də elm, texnologiya, idman, mədəniyyət, siyasət və digər sahələrdə işləklik qazanmış terminləri özündə əks etdirməsidir.

Azərbaycan ədəbi dilinin lüğət tərkibi ilə bərabər, ümumişlək terminləri, eyni zamanda, xalq dilindən və başqa türk dillərindən gələn alınma sözləri özündə cəmləyən yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə 65 min söz daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: