Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Tarixi-mədəni irsimizi qoruyan məbəd
17.06.2020 09:51
  • A-
  • A
  • A+

Tarixi-mədəni irsimizi qoruyan məbəd

Bu il Milli Azərbaycan Tarixi Muzeyinin 100 yaşı tamam olur. İlk addımlarını Azərbaycan SSR Xalq Maarif Komissarlığının məktəbdənkənar təhsil şöbəsinin nəzdində yaradılmış "Muzey-ekskursiya” yarımşöbəsinin tərkibində "Doğma diyarın tədris muzeyi” adı ilə atmağa başlayan muzeyin bu adına Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ildönümü münasibətilə 1919-cu ilin dekabr ayında açılmış, lakin fəaliyyət göstərməyə macal tapa bilməmiş "İstiqlal” muzeyinin varisi kimi "İstiqlal” adı da əlavə olunur.

Həmin muzeyin bütün kolleksiyası yeni yaradılmış ilk dövlət muzeyinə verilir. 1920-ci il oktyabr ayının 25-də muzeyin statusu daha da genişləndirilir, Xalq Maarif Komissarlığının sərəncamı ilə ona "Azərbaycan SSR Dövlət Muzeyi” adı verilir. Bu dövrdə Azərbaycanda hakimiyyəti ələ keçirmiş İctimai Şura Hökumətinin "kommunist ideologiyası”nı rəhbər tutan "mədəni inqilab” proqramına görə muzeylər maarifləndirici təşkilat funksiyasını yerinə yetirməli, başqa sahələrdə olduğu kimi, "partiya rəhbərliyi” prinsipini əsas tutmalı, onun direktivləri, qərar və göstərişləri ilə istiqamətlənməli idilər. Azərbaycan SSR Xalq Maarif Komissarlığının kollegiyası hələ 1920-ci ilin iyun ayının 14-də məktəbdənkənar təhsil şöbəsini açmaqla kütlələrin mədəni səviyyəsini yüksəltməyi, onların siyasi-kommunist tərbiyəsini, biliyə olan marağını artırmağı və s. əsas məqsəd etdi. Bu şöbənin nəzdində başqa seksiyalarla yanaşı, Muzey-ekskursiya yarımşöbəsinin yaradılması ilə Azərbaycanda muzey quruculuğunun özülü qoyuldu. İlk dövlət muzeyi özünün addımlarını məhz həmin qurumun tərkibində və bilavasitə onun rəhbərliyi altında 1920-ci il iyulun 1-dən yerləşdiyi Hacı Zeynalabdin Tağıyev sarayında atmağa başladı. 1921-ci ilin fevralında Muzey-ekskursiya Xalq Maarif Komissarlığında bu vaxtadək fəaliyyət göstərən Ali Məktəb Şöbəsinin yerinə açılmış Akademik Şöbənin tərkibindəki Muzey-arxiv (Muzarxiv) yarımşöbəsi əvəz etdi. Bu yarımşöbə Dövlət Muzeyi ilə yanaşı, Dövlət Arxivini, Qədim Abidələrin və İncəsənətin Mühafizə Komissiyasını da özündə birləşdirirdi. Bütün bu müəssisələr o vaxtlar "Yoldaş Davud Hüseynov adına Elm Sarayı” adı verilmiş Tağıyev mülkündə yerləşdirilmişdi.

1921-ci ilin mayında Dövlət Muzeyi Azərbaycanın sovetləşməsinin birinci ildönümünə həsr olunmuş yubiley sərgisinin açılışı ilə ilk ziyarətçilərini qəbul etdi.

Azərbaycanda ilk demokratik respublikanın devrildiyi, sovet sosialist sisteminin hakimiyyətə gəldiyi zaman kəsiyində yaradılmış dövlət muzeyinin fəaliyyətinin ilk onilləri sovet totalitar rejiminin qaydalarına uyğunlaşdırılırdı. Yeni ideoloji məfkurənin tələblərinə uyğun gəlməyən məqamların, o cümlədən bu məqamları yaradan şəxslərin aradan götürülməsi prosesi başlamışdı. 1928-ci ildə muzeydə artıq 5 ildən bəri uğurlu fəaliyyət göstərən, muzey üçün çox işlər görən istedadlı alim - Davud Şərifov direktor vəzifəsindən uzaqlaşdırıldı. Muzeyin yeni təyin olunmuş erməni müdiri keçmiş "İstiqlal” muzeyindən qalma, eləcə də muzey işçilərinin böyük zəhmətlə əldə etdikləri digər mühüm və qiymətli eksponatların (Azərbaycan Xalq Cümhuriyyətinin bayraqları, Parlamentin materialları, İstiqlal Bəyannaməsinin əsli və s.) Moskvada açılan İnqilab Muzeyinə göndərilməsi qərarını verdi.

1934-cü ilin mayında böyüməkdə olan nəslin totalitar rejimin ideologiyasına uyğun tərbiyələndirilməsi məqsədilə məktəblərdə tarix və coğrafiya fənlərinin tədrisinin mükəmməlləşdirilməsini, daha doğrusu, sosialist cəmiyyətinin "üstünlüklərinin” cəmiyyətin üzvlərinə aşılanmasını nəzərdə tutan xüsusi sərəncam qəbul edildi. Bu sərəncama görə məktəblərdə, tarixi tədqiqat müəssisələrində, eləcə də muzeylərdə görülən işlər, həyata keçirilən tədbirlər tarixin marksist dərkini təmin etməli idi. Tarixin tədrisinə və təbliğinə artırılan bu diqqət yeni tipli tarix və tarix-diyarşünaslıq muzeylərinin yaranması ilə müşayiət olundu. Azərbaycan Dövlət Muzeyi tarixin ideologiyalaşdığı bu dövrdə Xalq Komissarları Şurasının 1936-cı il 31 mart tarixli, muzeyin yenidən qurulmasına həsr olunan qərarı ilə Azərbaycan Tarixi Muzeyinə çevrildi. Elə həmin ildən muzey yenicə təşkil olunmuş İttifaq Elmlər Akademiyasının Azərbaycan filialının tərkibinə daxil edildi.

Beləliklə, yeni sistem tarix profilli muzeylər şəbəkəsini genişləndirdi, onlarca sovet təbliğat mexanizminə çevrilməsini, bir rupor kimi istifadə edilməsini daha da gücləndirdi. Bununla belə, muzeyin elmi-tədqiqat sahəsində qazandığı uğurlar vətən tariximizə dair biliklərin zənginləşməsinə, yeni məqamların açılmasına təkan verdi. Məhz buna görə Milli Azərbaycan Tarixi Muzeyinin birəsrlik fəaliyyəti haqqında danışarkən tez-tez "birinci” və "ilk dəfə” sözlərindən istifadə etmək lazım gəlir. Belə ki, 1925-ci ildən başlayaraq 60-cı illərədək - arxeoloji işlərin aparılması Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutuna həvalə edilənədək, respublikanın həmçinin arxeoloji mərkəzi olan Tarix Muzeyi arxeoloqlar Davud Şərifov, Yevgeni Paxomov, İshaq Cəfərzadə, Mövsüm Salamov, Saleh Qazıyev, Məmmədəli Hüseynov və başqalarının rəhbərliyi ilə Xocalıda, Naxçıvanda, Qəbələdə, Gəncədə, Xaraba Gilanda, Örənqalada, Mingəçevirdə və digər yerlərdə aparılan qazıntılarla Azərbaycan ərazisinin qədim maddi-mədəniyyət abidələrinin elmi baxımdan öyrənilməsinin əsasını qoydu.

Muzeyin 1936-cı ildən başlayaraq fəaliyyət istiqamətinin dəyişməsi bu vaxtadək onun tərkibində olan Təbiət, Ateizm və din, Ədəbiyyat, İncəsənət bölmələrinin tədricən öz fondları və işçiləri ilə birlikdə ayrılaraq müstəqil muzey olmaları ilə nəticələndi (muzeydə 20-ci illərdən bir şöbə kimi fəaliyyət göstərən "Teatr” şöbəsi isə artıq 1934-cü ildən şöbə müdiri Ağakərim Şərifovun başçılıq etdiyi müstəqil Teatr Muzeyinə çevrilmişdi). 1935-1940-cı illərdə sosializmin təbliğat "aləti”nə çevrilən Azərbaycan Tarixi Muzeyində (1938-1939-cu illərdə o hətta Azərbaycan Xalqlarının Tarixi Muzeyi adlandırıldı) Sovet Azərbaycanını tərənnüm edən sərgilər təşkil olundu. Elə həmin illərdə muzeyin filialı olan Şirvanşahlar sarayında açılmış və XVI-XVII əsrlər Azərbaycan tarixinə həsr olunmuş sərgi də sinfi mübarizəni - əsasən zəhmətkeş kəndlilərin feodallara qarşı mübarizəsini təbliğ edirdi.

1930-cu illərin sonu - 1940-cı illərin əvvəlində baş verən kütləvi repressiya və müharibə alimlərin və muzey işçilərinin sıralarını seyrəltdi. Akademiyanın ayrı-ayrı institutlarında struktur dəyişiklikləri edildi. Hətta 1941-ci ildə bu vaxtadək müstəqil qurum olan Tarix Muzeyi öz fəaliyyətini yeni təşkil olunmuş Tarix, Dil və Ədəbiyyat İnstitutunda Muzey şöbəsi adı ilə davam etdirdi. 1943-cü ildən Azərbaycan Tarixi Muzeyi SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının qərarı ilə Rəyasət Heyətinin nəzdində müstəqil vahid qurum kimi təsdiq edildi.

1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması ilə əlaqədar Azərbaycan Tarixi Muzeyi Akademiyanın İctimai Elmlər Bölməsinin tərkibində elmi-tədqiqat idarəsi kimi bu gün də davam edən fəaliyyətə başladı.

Muzeyin 1940-1953-cü illər fəaliyyəti isə bilavasitə Şirvanşahlar sarayı ilə bağlı olmuşdur. Belə ki, 1920-ci ildən bəri məşhur sahibkar və maarifpərvər, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkündə yerləşən muzey həmin illərdə xüsusi hökumət sərəncamı ilə İçərişəhərə, Şirvanşahlar sarayına köçürülmüşdü. Tağıyev mülkü isə 1953-cü ilə kimi Xalq Komissarları Sovetinə (Nazirlər Sovetinə) verilmişdi. 1953-cü ildə Muzeyin yenidən Tağıyev mülkünə qaytarılması və nəhayət, 1956-cı ilin martında yeni ekspoziya ilə öz qapılarını tamaşaçıların üzünə açması ilə onun fəaliyyətində yeni səhifə açılmışdı.

Muzeydə hazırda 11 fondla yanaşı, 7 elmi şöbə, o cümlədən arxeologiya, etnoqrafiya və numizmatika elmi-fond şöbələri, bərpa və foto laboratoriyaları, kitabxana fəaliyyət göstərir.

2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa təşəbbüsü ilə dünya standartları səviyyəsində təmir və bərpa olunan muzeydə Azərbaycan tarixinin ən qədim dövrlərdən 1920-ci ilədək tarixini əks etdirən yeni ekspozisiya quruldu. Muzeyin 9 otağında ölkə Prezidentinin təşəbbüsü ilə Hacı Zeynalabdin Tağıyevin Xatirə muzeyi də fəaliyyət göstərməyə başladı.

"Azərbaycan Tarixi Muzeyi” adı ilə (2005-ci ildən "Milli Azərbaycan Tarixi Muzeyi”) 2001-ci ildən başlayaraq hər il nəşr olunan elmi toplu Muzeyin hələ ötən əsrin 50-ci illərindən çıxan və burada aparılan elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunan elmi məqalələr toplusunun davamıdır. "Maestro Niyazi”, "Azərbaycan generalları”, "Elmin qızıl fondu”, "Azərbaycan bayraqları”, "Antropomorf fiqurlar”, "Azərbaycan müdafiə silahları”, "Mirzə Fətəli Axundzadə-200”, "Xurşidbanu Natəvan-180”, "Şirvanın bədii metalı”, "Əziz Əliyev”, "Bakının teatr həyatı”, "Qarabağ xalçaları”, "Azərbaycan süfrəsinin mis qabları”, "Azərbaycanda kağız pul nişanları və qiymətli kağızlar”, "Zoomorf təsvirli şirli qablar”, "Azərbaycanın soyuq və odlu silahları”, "Azərbaycanda arxeoloji qızıl və gümüş əşyaları”, "Azərbaycan II Dünya müharibəsi illərində”, "20 Yanvar şəhidləri” və digər kataloqları, "Azərbaycan Tarixi Muzeyi”, "Azərbaycanda dövlətçilik və onun rəmzləri”, "Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasının inciləri”, "H.Z.Tağıyev”, "Azərbaycan qadın geyim bəzəkləri” kitab-albomları, "Azərbaycan numizmatikası”, "Azərbaycanda muzey işinin tarixindən”, "H.Z.Tağıyevin qız məktəbinin tarixindən”, "Naxçıvan-ərəblərdən monqollaradək”, "Onlar Belarus uğrunda döyüşüblər”, "Müasirləri H.Z.Tağıyev haqqında” kitabları və neçə-neçə belə əsərlər muzeyşünas alimlərimizin əməyinin məhsuludur.

2005-ci ildən "milli” statusunu almış Milli Azərbaycan Tarixi Muzeyi bu gün ölkə Prezidentinin qayğısı ilə respublikanın çox mühüm elmi-mədəni ocağına çevrilmişdir.

Muzeyin 90 illiyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 mart 2010-cu il tarixli sərəncamı ilə dövlət səviyyəsində qeyd edilmiş, ona həsr olunan tədbirlər 1-3 noyabr tarixlərində "Muzeylər və mədəni irs” beynəlxalq konfransı və noyabrın 24-də keçirilən təntənəli mərasimlə başa çatdırılmışdır. Həmin günlərdə Milli Azərbaycan Tarixi Muzeyinin 22 əməkdaşı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi” fəxri adına və "Tərəqqi” medalına layiq görülmüş, 30 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı ilə təltif olunmuş, muzeyin direktoru "Şöhrət” ordeninə layiq görülmüşdür.

Bütün fəaliyyəti ərzində dünyanın və ölkənin müxtəlif muzeyləri ilə əməkdaşlıq edən, sərgilərdə, toplantı və forumlarda iştirak edən Azərbaycan Tarixi Muzeyi müstəqillik illərində də bu ənənəni davam etdirmiş, beynəlxalq əlaqələri daha da möhkəmlətməyə çalışmışdır.

Muzeyin ölkədaxili muzeylərlə də işbirliyi səmərəli nəticələr verir. Bu baxımdan Heydər Əliyev Fondu və Mərkəzi ilə, "Yarat” yaradıcılıq evi ilə, "İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu, Xalça Muzeyi və başqaları ilə yaradılan əlaqələr maraqlı sərgilərin, konfrans və seminarların, müxtəlif görüşlərin keçirilməsinə səbəb olmuşdur.

Tarix Muzeyinin əsas vəzifələrindən biri də tarixi həqiqətin muzeydə qorunan maddi sərvətlər vasitəsilə təqdim və təsdiq olunmasıdır.

Azərbaycan Prezidentinin xüsusi sərəncamı ilə onun ehtiyat fondundan, Nazirlər Kabinetinin investisiya fondundan respublikanın ilk muzeyi olan Milli Azərbaycan Tarixi Muzeyinə eksponatların alınması və restavrasiyası üçün 2008-2009-cu, eləcə də 2011-ci illərdə hər dəfə bir milyon manat vəsait ayrılması tarixi əhəmiyyət daşıyan, heç bir qiymətlə ölçüyə gəlməyən bir çox sənət nümunəsini xalqa qaytardı; bu vəsaitə 6851 yeni eksponat alınmış, 6532 eksponat bərpa və restavrasiya olunaraq ikinci həyatını yaşamağa başlamışdır. Dövlətin, ölkə rəhbərinin böyük əhəmiyyətə malik bu əvəzsiz dəstəyinin dəyərini yüksək qiymətləndirən muzey kollektivi cəmiyyət qarşısında hesabat məqsədilə 2010-2012-ci illərdə bərpa olunmuş həmin eksponatlardan "Muzey eksponatlarının ikinci həyatı” adlı iki, yeni alınmış əşyalara aid "İrsimizin itirilməmiş inciləri” adlı bir sərgi təşkil etmiş, "Mədəni irsin qorunmasında muzeylərin fəaliyyəti və problemləri” mövzusunda elmi-praktiki seminar keçirmiş, sərgilənən eksponatların kataloqunu nəşr etdirmişdir.

Üçüncü minillik muzeyin zəngin silah kolleksiyası sərgisinin açılması ilə qədəm qoydu. Daha sonra Naxçıvan Muxtar Respublikasının 75 illiyinə, Azərbaycanda yaşayan Avropa yəhudilərinə, müstəqilliyimizin 10 illik yubileyinə, görkəmli bəstəkar və dirijor Niyazinin 90 illiyinə, Dünya azərbaycanlılarının I qurultayına, Ulu Öndər Heydər Əliyevin xatirəsinə, Xocalı və 20 Yanvar soyqırımlarına həsr edilmiş tematik sərgilər tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. 2010-2019-cü illərdə muzeydə 40-a yaxın müxtəlif mövzularda sərgi təşkil olunmuş, 8 beynəlxalq, 10 respublika səviyyəli elmi konfranslar, eləcə də yeni çap olunmuş kitabların təqdimatları, seminarlar və s. keçirilmişdir.

Dövlət başçısının muzeyin 100 illik yubileyi ərəfəsində müasir tələblərə uyğun yeni layihələrin həyata keçirilməsi və müasir infrastrukturun yaradılmasını vacib bilərək muzeydə yubileyqabağı bərpa və quruculuq işlərinə başlanması barədə tapşırıq, eləcə də 100 illik yubileyin layiqincə keçirilməsi haqqında xüsusi sərəncam verməsi bu qayğı və diqqəti təsdiq edir.

Bu gün ölkəmizin tarixi-mədəni irsinin və yaddaşının qoruyucusu olan Milli Azərbaycan Tarixi Muzeyi dövlətin qayğısı ilə ölkənin böyük əhəmiyyət daşıyan elmi-mədəni ocağına çevrilmişdir.

Nailə VƏLİXANLI, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik

"Azərbaycan" qəzeti

  • Paylaş: