Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimin məqaləsi Almaniyada beynəlxalq elmi jurnalda işıq üzü görüb
16.06.2020 10:33
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin məqaləsi Almaniyada beynəlxalq elmi jurnalda işıq üzü görüb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Nəcəf Müseyiblinin “Cənubi Qafqazın Leylatəpə mədəniyyəti Ön Asiya və cənubi-şərqi Avropanın ənənələrinin kəsişməsində” adlı məqaləsi Almaniyanın “Archäologie in Iran und Turan” (Band 19) toplusunda alman və rus dillərində çap olunub.

Almaniya Arxeologiya İnstitutunun dövri nəşri olan bu topluda Avrasiyada aparılan arxeoloji tədqiqatların nəticələri yer alıb.

N.Müseyiblinin müəllifi olduğu məqalədə e.ə. IV minilliyin birinci yarısına aid, Azərbaycanın qədim ərazisində mövcud olmuş Leylatəpə arxeoloji mədəniyyətindən bəhs edilir. Bildirilir ki, mənşəyi ilə Şərqi Anadolu-Şimali Mesopotamiyaya bağlı olan bu mədəniyyət Cənubi Qafqazda formalaşıb.

Yazıda Leylatəpə mədəniyyətinin yaşayış yerləri, qəbir abidələri, kütləvi arxeoloji materialları bir tərəfdən Ön Asiya, digər tərəfdən Şimali Qafqazın həmdövr Maykop mədəniyyətinin analoji tapıntıları ilə müqayisəli təhlil edilib. Müəllif bu təhlillərlə Xalkolit dövrü Leylatəpə mədəniyyətinin Ön Asiya və Qafqazın qədim tarixində yerini, Avropa və Asiyanın qədim əhalisinin mədəni-iqtisadi əlaqələrində rolunu müəyyənləşdirib.

Eyni zamanda, məqalədə yüz ildən artıq müddətdə tədqiq edilən Maykop mədəniyyətinin məhz Leylatəpə mədəniyyəti ənənələrinin təsiri altında yarandığı və Maykop mədəniyyətinin əvvəllər hesab edildiyi kimi İlk Tunc dövrünə deyil, buna qədərki Xalkolit dövrünə aid olduğu faktlarla əsaslandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: