Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.06.2020 15:28
  • A-
  • A
  • A+

Azərbaycan və Belarus arasında elmi-texniki əməkdaşlıq üzrə İşçi Qrupun üçüncü iclası keçirilib

Azərbaycan və Belarus arasında elmi-texniki əməkdaşlıq üzrə İşçi Qrupun üçüncü iclası keçirilib

Azərbaycan və Belarus arasında elmi-texniki əməkdaşlıq üzrə İşçi Qrupunun üçüncü iclası pandemiya səbəbindən onlayn formatda keçirilib.

Onlayn toplantıya Azərbaycan Respublikası tərəfindən AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyevin rəhbərlik etdiyi AMEA nümayəndə heyəti, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Mehriban İmanova, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası eləcə də Dövlət Neft Şirkəti, Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universitetinin rəsmi nümayəndələri qatılıblar.

İclasda Belarus Respublikası tərəfindən isə Belarus Respublikasının Dövlət Elm və Texnologiyalar üzrə Dövlət Komitəsinin (DETK) sədrinin birinci müavini Andrey Kosovskinin rəhbərlik etdiyi nümayəndə heyəti, Belarus Respublikası Milli Elmlər Akademiyasının nümayəndələri, Belarus Respublikası Fundamental Tədqiqatlar Fondunun rəsmisi, Belarus Dövlət Universiteti, Skorin adına Qomel Dövlət Universiteti, Yanki Kupala adına Qrodnen Dövlət Universiteti, Belarus İnformatika və Radioelektronika Universiteti, Minsk Şəhər Texnoparkı və ATOMTEX unitar müəssisənin rəhbərləri, həmçinin Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov və Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç iştirak ediblər.

Tədbiri İşçi Qrupun Azərbaycan tərəfindən sədri, akademik İbrahim Quliyev və Belarus tərəfindən sədri Andrey Kosovski açaraq Belarus və Azərbaycan respublikalarında elm, texnologiya və innovasiyaların inkişaf vəziyyəti və perspektivlərini, əməkdaşlıq çərçivəsində əldə olunmuş nəticələri diqqətə çatdırıblar.

Akademik İbrahim Quliyev 2007-ci ildə imzalanmış Azərbaycan və Belarus respublikaları arasında dostluq və əməkdaşlıq haqqında Sazişin iki ölkə arasında elm, təhsil və texnologiya sahələrində əlaqələrin inkişafındakı rolunu qeyd edib. O, bu istiqamətdə AMEA, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, Belarus Respublikası Milli Elmlər Akademiyası və Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu arasında imzalanmış Saziş üzrə layihə müsabiqəsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra birinci vitse-prezident sözügedən müsabiqə çərçivəsində AMEA-nın elmi müəssisələri tərəfindən Azərbaycanın və Belarusun təhsil ocaqları və Azərbaycan Milli Aviasiya Akademiyası ilə birlikdə həyata keçirilən 5 layihənin elmi və tətbiqi nəticələri barədə məlumat verib. 2017-ci ildə həyata keçirilən ikinci layihə müsabiqəsi üzrə 15 layihə ilə müsbət dinamikanın müşahidə olunduğunu vurğulayan akademik İ.Quliyev iki dövlətin elmlər akademiyaları və təhsil nazirlikləri tərəfindən reallaşdırılan bu layihələrin fizika, kimya, biotibb, optoelektronika və lazer texnologiyaları, iqtisadiyyat, enerji təhlükəsizliyi, Yer elmləri, aqrar, ictimai və humanitar elm sahələrini əhatə etdiyini və onların nəticələrinin bir çox sahələrdə tətbiq olunduğunu bildirib.

O, 2018-ci ildə AMEA və DETK arasında elan edilmiş müsabiqə çərçivəsində biologiya, aqrar və kimya elmləri sahəsində həyata keçirilən 3 layihənin də uğurlu nəticələr əldə etdiyini nəzərə çatdırıb. AMEA-nın birinci vitse-prezidenti texnologiyaların transferi sahəsində Belarusun çoxillik təcrübəsindən bəhs edib, bu təcrübədən yararlanmağın müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib. Akademik İ.Quliyev, həmçinin iki ölkə arasında təhsil, səhiyyə, yüksək texnologiyalar sahəsində həyata keçirilən tədbirlər və əldə edilən nailiyyətlərin əhəmiyyətindən danışıb.

A.Kosovski qeyd edilən layihələrin hər iki ölkənin elmi potensialının yüksəldilməsindəki rolu və iqtisadiyyat üçün əhəmiyyətini vurğulayıb, əldə edilmiş nailiyyətləri və əməkdaşlıq təcrübəsini nəzərə alaraq, Azərbaycan və Belarus arasında müştərək işlərin davam etdirilməsinin, elmi-tədqiqat və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib. O, 2020-2022-ci illər üçün elmi-texniki əməkdaşlıq planının müddəaları haqqında məlumat verib, bu istiqamətdə Belarus tərəfindən iş birliyində maraqlı olan təşkilatların təkliflərini müzakirəyə təqdim edib. A.Kosovski növbəti 5 il üçün elmi, elmi-texniki və innovativ fəaliyyət sahələrində nəzərdə tutulan prioritet istiqamətlərdən bəhs edərək, rəqəmsal informasiya-kommunikasiya və sahələrarası texnologiyalar, maşınqayırma texnologiyaları, avadanlıqların yaradılması və innovativ materiallar, biotibb istiqamətləri, biotexnologiyalar, infeksion və qeyri-infeksion xəstəliklərin diaqnostikası, profilaktikası və müalicəsi, süni toxuma və orqanlar, farmoseptik texnologiyalar və dərman preparatları, yeni materialların yaradılması üzrə əməkdaşlığın qurulması təklifi ilə çıxış edib.

Fövqəladə və səlahiyyətli səfirlər – Gennadi Axramoviç və Lətif Qəndilov çıxışlarında iki dövlət arasında yüksək texnologiyalar sahəsində qurulmuş əməkdaşlıq əlaqələrinin önəmini diqqətə çatdırıblar. Bu əməkdaşlıq nəticəsində böyük əhəmiyyətə malik birgə layihələrin ərsəyə gəldiyini qeyd edən səfirlər İşçi Qrupun fəaliyyətinə uğurlar arzulayıb, bu işdə onlara daim dəstək verməyə hazır olduqlarını bildiriblər.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və Belarus Respublikası Fundamental Tədqiqatlar Fondunun rəhbərlikləri tərəfindən müştərək layihə müsabiqələri çərçivəsində həyata keçirilmiş layihələr, onların əhəmiyyəti və nəticələri haqqında məlumat verilib, perspektivlər müzakirə edilib.

AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin sədri, akademik İradə Hüseynova AMEA tərəfindən biotibb sahəsində həyata keçirilən elmi tədqiqatlar və iki ölkə arasında müştərək tədqiqat istiqamətləri üzrə perspektivləri qeyd edib. Alim müasir dövrdə molekulyar-genetik tədqiqatların həyata keçirilməsi və nəticələrin klinik tibbdə tətbiq olunmasının zəruriliyini vurğulayıb, kompüter biologiyası, tibbdə süni intellektin tətbiqi üzrə araşdırmalara ehtiyac olduğunu bildirib. Akademik İ.Hüseynova AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə post-pandemiya dövrü üçün hazırlanan elmi proqramda Azərbaycan əhalisi ilə bağlı molekulyar-genetik tədqiqatların yer aldığını bildirib.

AMEA Rəyasət Heyəti aparatının Xarici Əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva Azərbaycan və Belarus Respublikaları arasında 2020-2022-ci illər üzrə elmi-texniki əməkdaşlıq proqramının müddəalarını müzakirəyə çıxarıb və bu müddəaların həyata keçirilməsi üzrə iki ölkənin dövlət qurumları, elm və təhsil müəssisələri, biznes strukturları arasında razılıq əldə edildiyini diqqətə çatdırıb.

Proqram üzrə AMEA-nın Yüksək Texnologiyalar Parkının baş direktoru, akademik Əli Abbasov və Minsk Şəhər Texnoparkının direktoru Vladimir Davidoviç elmin kommersiyalaşdırılması məsələsinə toxunaraq, iki dövlətin texnoparkları arasında əməkdaşlıq əlaqələrinin qurulmasının zəruriliyindən danışıblar. Akademik Ə.Abbasov birgə layihələrin icra olunmasına dair əməkdaşlıq modeli təklif edib və bildirib ki, bu kimi müasir komplekslər yerli və xarici elmi tədqiqat və ali təhsil müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi, elmi-texniki və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov və Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, həmçinin Belarus tərəfindən iştirak edən universitetlərin prorektorları proqramın müddəaları üzrə təkliflərini irəli sürüblər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən Emil Quliyev, Fövqəladə Hallar Nazirliyindən Fikrət Aslanov, Təhsil Nazirliyindən İlqar Dadaşov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Ayan Kərimova, Azərbaycan Texniki Universitetindən Mərziyyə Ağayeva və onların həmkarları, eləcə də Belarus tərəfindən müvafiq təşkilatların nümayəndələri proqramda nəzərdə tutulmuş müştərək fəaliyyət istiqamətləri üzrə rəy və təkliflərini bildiriblər.   

Görüşdə, həmçinin Azərbaycan və Belarus arasında növbəti birgə elmi-texniki layihə müsabiqəsinin elan edilməsi, müştərək konfransların, sərgilərin və s. keçirilməsi üzrə razılıq əldə edilib.

Sonda akademik İbrahim Quliyev və Andrey Kosovski çıxış edərək müzakirə edilən mövzuların əhəmiyyətli olduğunu və səmərəli əməkdaşlığın inkişafına təkan verəcəyini bildirib, İşçi Qrupun fəaliyyətinə uğurlar arzulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: