Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.06.2020 10:48
  • A-
  • A
  • A+

AMEA-da ölkə başçısının çağırışlarından irəli gələn məsələlərin icrasına dair iclas keçirilib

AMEA-da ölkə başçısının çağırışlarından irəli gələn məsələlərin icrasına dair iclas keçirilib

Prezident İlham Əliyevin XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tərəfindən qəbul edilmiş qərarlar və Ermənistan tərəfindən süni şəkildə Azərbaycan mənşəli yer adlarının dəyişdirilməsinə dair çıxışından irəli gələn məsələlərin icrasını təmin etmək məqsədilə AMEA-nın Ədəbiyyat İnstitutunun Elektron akt zalında iclas keçirilib.

Tibbi maskadan istifadə və sosial məsafə gözlənilməklə baş tutan tədbirdə AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, həmçinin Tarix, Dilçilik, Qafqazşünaslıq, Arxeologiya və Etnoqrafiya, Memarlıq və İncəsənət, Hüquq və İnsan Haqları, Coğrafiya, Torpaqşünaslıq və Aqrokimya institutlarının rəhbərləri iştirak ediblər.

İclasda "XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi şərait, Qərbi Azərbaycanla əlaqədar məsələlərin elmdə əksi və qarşıda duran məsələlər" mövzusunda çıxış edən akademik İsa Həbibbəyli ölkə başçısının çağırışlarından irəli gələrək AMEA-da bir sıra tədbirlərin həyata keçirilməsinə başlandığını bildirib. Qeyd edib ki, AXC parlamentinin stenoqramları, Çar Rusiyasının, Osmanlı İmperiyasının, İranın və Avropanın arxivləri əsasında Qərbi Azərbaycanın, İrəvanın, eləcə də Dağlıq Qarabağın tarixi, arxeologiyası, toponimləri, demoqrafiyası, xəritəsi, geosiyasi vəziyyəti, memarlıq abidələri, ədəbiyyatı, hüquqi aspektləri və s. istiqamətlərdə sanballı və sistemli tədqiqatların aparılması nəzərdə tutulur.

Tədqiqatların dörd istiqamət üzrə həyata keçiriləcəyini deyən akademik İsa Həbibbəyli İrəvan şəhəri, bəylərbəyliyi, xanlığı, quberniyası, erməni vilayəti və Ermənistan dövlətinə qədərki dövrü tam əhatə edən araşdırma işinin hazırlanacağını və bir kitabda əksini tapacağını diqqətə çatdırıb. O, həmçinin İrəvanın Ermənistana güzəştə gedilməsinin detallarının tarixi sənədlərə əsaslanaraq geosiyasi aspektlərdən obyektiv tədqiq olunacağını vurğulayıb.

AMEA-nın birinci vitse-prezidenti Qərbi Azərbaycanın, İrəvanın, Dağlıq Qarabağın toponimlərinin sistemli və məqsədli şəkildə erməniləşdirildiyini, yerli əhalinin məcburi deportasiya olunaraq bu ərazilərə ermənilərin köçürüldüyünü bildirib, dilçi, tarixçi və coğrafiyaşünas alimləri bu məsələlərin ictimailəşdirilməsində daha fəal olmağa səsləyib. Məruzəçi Çar Rusiyası dövründə sözügedən bölgələrlə bağlı çap olunmuş və aşkara çıxarılmış tarixi xəritələrin yenidən tədqiq olunacağını da diqqətə çatdırıb.

O, tədqiqatların nəticəsinin üç kitabda əksini tapacağını və bu nəşrlərin rus, ingilis dillərinə tərcümə edilərək beynəlxalq müstəvidə təbliğatının aparılacağını deyib.

İclasda, həmçinin akademiklər Yaqub Mahmudov, Möhsün Nağısoylu, Ramiz Məmmədov, AMEA-nın müxbir üzvləri Musa Qasımlı, Ərtegin Salamzadə, Əlövsət Quliyev, professorlar Sayalı Sadıqova, Lalə Əhmədova və tarix elmləri doktoru Nəcəf Müseyibli çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Sonda çıxış edən akademik İ.Həbibbəyli təkliflərin ümumiləşdirilərək AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə təqdim olunacağını və vahid iş planının müəyyənləşdiriləcəyini söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: