Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Fikrət Əliyev COVID-19 virusuna yoluxma dinamikasının zamandan asılılığı qrafiki barədə “CBC” kanalına müsahibə verib
04.06.2020 13:58
  • A-
  • A
  • A+

Akademik Fikrət Əliyev COVID-19 virusuna yoluxma dinamikasının zamandan asılılığı qrafiki barədə “CBC” kanalına müsahibə verib

COVID-19 virusunun yayılma dinamikasının zamandan asılılığının müəyyən edilməsi ilə bağlı tədqiqatın müəlliflərindən biri, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev “CBC” kanalının “Xəbərlər” verilişinə videobağlantı vasitəsilə qoşulub. O, bildirib ki, tədqiqat zamanı ehtimal nəzəriyyəsi və riyazi statistika, riyazi modelləşdirmənin müasir metodları, eləcə də riyazi model vasitəsilə reqresiya analizindən istifadə olunub.

Fikrət Əliyevin sözlərinə görə, alınmış nəticələr ölkədə tətbiq olunan karantin rejiminin öz müsbət təsirini göstərdiyini sübut edir. Tədqiqat nəticəsində müəyyən edilib ki, karantin rejimi tətbiq olunmadığı halda, koronavirusa yoluxanların sayı kəskin şəkildə artmaqda davam edə bilərdi.

Layihə müəllifi xüsusi karantin rejiminin tətbiqinin qərara alınmasının zamanında verilmiş doğru qərar olduğunu vurğulayıb: “Martın 28-dən aprelin 19-dək aparılan analizlər göstərib ki, aprelin 12-dən etibarən Azərbaycanda koronavirusa yoluxma hallarında azalma müşahidə olunub. Azalmaya səbəb ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi olub”. O, qeyd edib ki, bu halda gündəlik yoluxmaların sayının may ayının birinci yarısında ciddi azalacağı gözlənilirdi. Lakin təəssüf ki, karantin rejimi bir qədər tez yumşaldıldı.

Akademik F.Əliyev karantin rejiminin tətbiq olunmadığı hala uyğun qurulmuş qrafikdə gündəlik yoluxmaların sayının 300-dən çox olacağının qeyd edildiyini bildirib. Həmçinin Operativ Qərargahın verdiyi məlumata görə, aprelin 19-dan mayın əvvəlinə kimi 56000 mindən çox qayda pozuntusu qeydə alınıb. Bütün bunlar isə, karantin rejiminin tətbiq olunmadığı hala uyğun proqnozun özünü doğrultduğunu göstərir.

Alim tədqiqat işində Azərbaycanla sərhəd ölkələrin də virusa yoluxma dinamikasının müqayisəsinin təqdim olunduğunu diqqətə çatdırıb. Bildirib ki, tədqiqatların nəticəsi olaraq proqram təminatı hazırlanıb. Bu isə, gələcəkdə karantin rejiminin müxtəlif variantlarının nəticələrinin proqnozlaşdırılmasında istifadə oluna bilər.

F.Əliyev əlavə edib ki, həftəsonları küçəyə çıxma qadağasının tətbiqi vətəndaşların virusdan qorunmasının təmin edilməsi məqsədi daşıyır. “Biz sərt karantin rejimi dövründə sübut etdik ki, ölkəmizin milli təhlükəsizliyi baxımından bunun öhdəsindən gələ bilərik”.

Qeyd edək ki, tədqiqat işində F.Əliyevlə yanaşı, AMEA Yüksək Texnologiyalar Parkının baş direktoru, akademik Əli Abbasov, BDU-nun professoru Rövşən Əliyev, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Hilalə Cəfərova iştirak edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: