Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Azərbaycan xalçaçılığının xammal bazası öyrənilir
02.06.2020 10:34
  • A-
  • A
  • A+

Azərbaycan xalçaçılığının xammal bazası öyrənilir

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun əməkdaşları öz imkanları hesabına Qobustan rayonunda ekspedisiyada olublar. Ekspedisiyanın məqsədi xalçaçılıq üçün yararlı olan yun növlərinin müəyyənləşdirilməsi və tədqiqi olub.

Sektorun müdiri, prof. Vidadi Muradov bildirib ki, hazırda ölkəmizdə xalçaçılıq qeyri-neft sektorunun aparıcı sahələrindən birinə çevrilməkdədir. Azərbaycan xalçasının yerli xammal əsasında toxunması qarşıya məqsəd kimi qoyulmuşdur. Bu məqsədin reallaşdırılması üçün respublikamızda təbii və təsərrüfat imkanları mövcuddur.

"Tarixən Azərbaycan xalçasını dünyada məşhurlaşdıran onun yerli qoyun cinslərinin yunundan hazırlanan və təbii boyaqlarla boyanan ipliklərdən toxunması olub", - deyə bildirən Vidadi Muradov xalça üçün yun ipliklərin Abşeron, Balbas, Bozax, Cəro, Herik, Ləzgi, Mazıx, Merinos, Qala, Qarabağ, Tuş, Qaradolaq, Şirvan kimi qoyun cinslərinin keyfiyyətli yunundan hazırlandığını qeyd edib. Onun sözlərinə görə, bu ənənə indi də davam etdirilir. Qobustan rayonunda böyük qoyunçuluq təsərrüfatları var. Qobustan rayonunun Çalov, Cəyirli, Nabur, Sündü və s. kimi kəndlərində əhali əsas təsərrüfat sahəsi kimi qoyunçuluqla məşğul olur, burada toxunan xalça və xalça məmulatlarının xammalı da yerli yundan hazırlanır: "Biz burada ənənəvi xalq üsulu ilə yundan ipliyin hazırlanması və boyanması prosesinin şahidi olduq".

Ekspedisiya zamanı Qobustan rayonunun bir neçə böyük qoyunçuluq təsərrüfatlarının öyrənildiyini deyən sektor müdiri bu təsərrüfatlarda əsasən Şirvan və Qarabağ qoyun cinslərinin yetişdirildiyini bildirib. Qeyd edib ki, ötən ildən etibarən rayonun bütün böyük qoyunçuluq təsərrüfatları yun xammalını “Azərxalça” ASC-nin Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinə təhvil verirlər. Bu təsərrüfatlar mövsümə uyğun olaraq tadarük prosesinin intensivliyini təmin etmək üçün geniş imkanlara malikdir. V.Muradov əlavə edib ki, Qobustan rayonunun ərazisində yetişdirilən qoyun cinslərindən alınan yun keyfiyyətinə, xüsusilə lifinin uzunluğuna görə xalçaçılıq sənayesi üçün münasibdir. Yerli fermerlər məhsuldarlığı və alınan yunun keyfiyyətinin tənzimlənməsi üçün daima mütəxəssislərdən məsləhətlər alırlar.      

O, bildirib ki, Xalçaşünaslıq sektorunda respublikamızın digər bölgələrində də qoyunçuluq təsərrüfatlarının yun xammalı imkanları tədqiq ediləcək. Bu məqsədlə ekspedisiyalar təşkil olunacaq, çöl materialları əsasında məqalələr dərc olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: