Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin onlayn iclası keçirilib
24.05.2020 15:41
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin onlayn iclası keçirilib

Mayın 23-də AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin onlayn iclası keçirilib.

Əvvəlcə bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Məhəmməd ağa Şahtaxtılının tərcüməçilik fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib, mövzu ilə bağlı çoxsaylı suallar cavablandırılıb.

İclasda bölmənin Elm və təhsil şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli sərəncamının icrası ilə bağlı bu elmi müəssisədə görülən işlər barədə məlumat verib. Bildirib ki, Naxçıvan Dövlət Universitetinin “Tarix”, “Tərcümə” (Fars-Azərbaycan dili), “Tərcümə” (Ərəb Azərbaycan dili), "Biologiya" və "Fizika" ixtisaslarının hamiliyə götürülən tələbələri bölmənin şöbə və laboratoriyalarında, o cümlədən Arxeologiya, Etnoqrafiya və Təbiət Muzeyində olublar.

Qeyd olunub ki, bölmənin Rəyasət Heyətində tələbələrin iştirakı ilə 2 tədbir, institutlarda bir elmi konfrans, 10 elmi-praktiki seminar, 5 açıq dərs (pandemiya ilə əlaqədar olaraq biri onlayn şəkildə) keçirilib. Eyni zamanda, aktual problemlərə dair diskussiyalar, müxtəlif mövzularda məşğələlər təşkil olunub. 

Mövzu ilə bağlı bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli BaxşəliyevƏlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov və Bioresurslar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru İsmayıl Məmmədov çıxış ediblər.

Çıxışlar dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub. Bölmə rəhbəri institut direktorlarına müvafiq tapşırıqlar verib.

Tədbirdə bölmənin Nəbatat Bağı və Ordubad rayonu ərazisində yerləşən Biokimyəvi tədqiqatlar laboratoriyasının ərazisində olan meyvə bağlarında məhsuldarlığın vəziyyəti ilə bağlı Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri Hənifə Hənifəyev məlumat verib.

Sonda bir sıra elmi-təşkilati və cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: