Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

28 May Azərbaycan tarixinin şanlı səhifəsidir
24.05.2020 14:39
  • A-
  • A
  • A+

28 May Azərbaycan tarixinin şanlı səhifəsidir

Azərbaycan xalqının tarixi olduqca qədimdir. Hətta minilliklərin o üzündə belə indi yaşadığımız torpaqlarda ulu babalarımızın yaşamasını təsdiq edən xeyli tarixi faktlar, sübutlar var. Son minillikdəki tariximizə aid xeyli yazılı mənbələrimiz də var. Bu dövr ərzində bizim Xaqani, Nizami, Sührəverdi, Nəsimi, Füzuli, Tusi və başqaları kimi dünya elminin, ədəbiyyatının zirvələri olan şəxsiyyətlərimiz yetişmişdir. Belə böyük dühalar xalqımızın potensialından, dünya xalqları arasındakı yerindən, mənəvi zənginliyindən xəbər verir.

Təbii ki, tarixi köklərimiz bütün türk dünyası ilə bağlıdır. Amma Azərbaycanın ayrıca bir dövlət kimi formalaşmasında, inkişaf etməsində Şah İsmayıl, Nadir şah dövrünün ayrıca, fövqalədə bir rolu var. Bu dövrlər ərzində xalq öz dövlətçilik qüdrətini də ortaya qoydu. Bizim bir çox xalqların həsəd apara biləcəyi, örnək ala biləcəyi tariximiz var. Amma təəsüf ki, XIX əsrdə Azərbaycanın tarixi ciddi təzyiqlərə məruz qaldı və biz XX əsrin əvvəllərində arzu olunmaz bir vəziyyətə düşmüşdük. Artıq Azərbaycan xalqı bir necə yerə parçalanmışdı. Öz torpaqlarımızda bizə qənim kimi bir erməni bəlası yetişdirlib inkişaf etdirilirdi. Xalq başdan başa bir cəhalət içində idi. Mərkəzi, mühüm şəhərlərimizdən biri olan Bakı şəhəri tamamilə başqa millətlərin xeyli çoxluq təşkil etdiyi bir məskənə çevrilmişdi. Bakı nefti, təkrarsız gözəl təbiətimiz, münbit torpaqlarımız bir çox xarici dövlətləri Bakı uğrunda mübarizəyə cəlb etmişdi. Azərbaycanı əldə etmək, bölüşdürmək üçün müxtəlif planlar qurulurdu. Rusiyada gedən siyasi proseslər, Rusiya dövlətinin zəifləməsi ilə yaranan xaotik vəziyyət Azərbaycan uğrunda mübarizə aparanları daha da şirnikləndirirdi. Azərbaycanın başının üstünü çox qorxulu qara buludlar almışdı. Amma çox yaxşı ki, Azərbaycanda o zaman sayca az olsa da, xeyli qeyrətli, qüdrətli, müasir dövrün gedişatını dərindən təhlil edə bilən, siyasi proseslərdə düzgün mövqe tuta bilən insanlarımız da var idi. M. F. Axundov, H.B.Zərdabi ənənələri işığında formalaşan bu yeni nəslin Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Sabir, C.Məmmədquluzadə, Ü.Hacıbəyov, Ə.Haqverdiyev, H.Cavid, C.Cabbarlı kimi nümayəndələri ilə yanaşı, M.Ə.Rəsulzadə, N. Yusifbəyli, Ə. Topçubaşov və onlarla başqaları  kimi xeyli siyasi hazırlıqlı, təfəkkürlü gəncləri də yetişmişdi.

Bu insanlarımızın yetişməsində həmin dövrün  mühiti, Rusiyada, Avropada gedən proseslərlə yanaşı Azərbaycan xalqının  öz mədəniyyətinin potensialı da böyük rol oynadı. Onların dini məktəblərdə, mədrəsələrdə aldıqları ciddi təhsil, yiyələndikləri həqiqi islami dəyərlərlə yanaşı, o dövrdə yayılan türkçülük, müasirlik dəyərləri, bu üç dəyərlər sisteminin ahəngdar olaraq birləşməsi həmin gənclərin vətənpərvərliyinin, milli iradələrinin, qabaqcıl dünyagörüşlərinin formalaşmasına kömək etdi.  Belə bir nəslin yetişməsi, o zaman gedən proseslər XX əsrin əvvəlini tariximizin ən şanlı, qiymətli dövrlərindən biri kimi adlandırmağa əsas verir. Məhz həmin gənclərin hesabına o dövrdə xalqımız başsız, sahibsiz qalmadı. Məhz onların hesabına 1918-ci ilin, 28 may tarixində 114 min kvadrat km.  ərazisi olan Azərbaycan Xalq Cumhuriyyəti quruldu. Bu ərazinin tərkibində indiki qondarma Qarabağ problemi yox idi.

Beləliklə, Zaqafqaziya seymi dağılandan sonra azərbaycanlılar, gürcülər və ermənilər öz müstəqilliyini elan etdilər. Amma o dövrün siyasətini formalaşdıran güc mərkəzlərinin  gürcülərə, ermənilərə olan münasibəti ilə azərbaycanlılara olan münasibəti eyni deyildi. Belə bir tarixi şəraitdə, öz müstəqilliyini elan edə bilmək, dərhal böyük quruculuq işlərinə başlamaq, beynəlxalq münasibətlər qurmaq böyük zəka və iradə tələb edirdi. Həmin insanların həyatı, fəaliyyəti barədə toplanan məlumatları öyrəndicə onların öz şəxsi həyatlarını xalq işinə qurban verdiklərinin şahidi oluruq.   

Rusiyada 1917-ci ilin fevralında baş vermiş inqilab nəticəsində-Çar hakimiyyəti, İmperiya devriləndən sonra ölkədə böyük bir xaos yarandı. Həmin dövr olduqca həlledici bir dövr idi. İndiyə qədər İmperiyanın tərkibində, çarizimin məhdudiyyətləri içində yaşayan xalqların hamısı öz talelərini müəyyənləşdirmək  üçün yollar axtarırdılar. Bu dövr həlledici bir dövr idi, səhv atılan hər bir addımın ağır nəticələri ola bilərdi. Ona görə də həmin dövrdə xalqımızın belə layiqli nümayəndələrinin olması Azərbaycanın gələcək taleyində çox mühüm rol oynadı. 28 mayda elan edilən Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk dünyəvi demokratik bir dövlət idi. Məmməd Əmin Rəsulzadənin ideoloqu olduğu, əsasını qoyduğu bu dövlət türk və islam dünyasında ilk parlament respublikası, ilk demokratik, hüquqi və dünyəvi bir dövlət idi. Ən mühümü isə o idi ki, bu dövləti idarə etmək üçün yüksək səviyyəli kadrlar var idi. Azərbaycanın müxtəlif bölgələrində doğulub boya-başa çatmış bu kadrlar hamısı gənc, savadlı, yüksək intellektli və ilk növbədə xalqını, millətini sevən, öz həyatlarını xalqın yolunda qurban verməyə hazır olan insanlar idi. Böyük liderlik keyfiyyəti olan Məmməd Əmin Rəsulzadə, öz intellekti, mənəvi zənginliyi, analitik təfəkkürü, iradəliliyi ilə seçilirdi. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı olan Fətəli xan Xoyski Rusiya İmperiyası II Dövlət dumasının deputatı, Zaqafqaziya Komissarlığı nəzdində Xalq Maarif Komissarı, Zaqafqaziya Demokratik Federativ Respublikasında Əadliyyə Naziri (1918) olmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sədri (1918-1920) olmuş Əlimərdan bəy Topçubaşov təcrübəli diplomat, hüquqşünas idi. Çar Rusiyasında Birinci Dövlət Dumasının (1905), Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü olmuşdu. Hökumətin tərkibinə daxil olan Xosrov bəy Sultanov, Məmmədhəsən Hacınski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov,  Məmməd Yusif Cəfərov, Əkbər ağa Şeyxülislamov, Xudadat bəy Məlik-Aslanov, Camo bəy Hacınski və və başqa məmurlar, parlament üzvləri o dövrün çox qabaqcıl ziyaıları idi.

Onlar qısa bir zamanda, milli ordu, milli pul, milli bank, universitet, bir çox demokratik təsisatlar yaratdılar. İqtisadiyyatın yüksəlişi üçün mühüm tədbirlər həyata keçirdilər. Ciddi beynəlxalq əlaqələr qurdular, Azərbaycanın bütün dünyada rəsmən tanınmasını təmin etdilər. Azad seçkilər keçirilməsinə nail oldular. İlk dəfə qadınların seçim hüququnu tanıyan və qadın–kişi bərabərliyini təmin edən qərarlar qəbul etdilər. Azərbaycanın üç rəngli bayrağını və gerbini, himnini qəbul etdilər.

Təəssüf ki, o zaman qazanılan müstəqilliyin ömrü cəmi 23 ay oldu. Amma bu qısa zaman da xalqın taleyində çox böyük rol oynadı. Şimali Azərbaycanda hüdudları məlum olan bir dövlət müəyyənləşdi. Əhalidə böyük ruh yüksəkliyi yarandı. İnsanlarda milli şüur inkişaf etdi. Bu doğma dövlət devrilsə belə, insanların şüurunda müstəqillik bir reallıq kimi formalaşdı. Əgər ərazisi 114 min kv. km. olan Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, 1920-ci ildə bolşeviklər Azərbaycanı işğal edəndə onun başına nə oyunlar açacaqdılar, bunu təsəvvür etmək belə ürək ağrıdır.

1991-ci ildə SSRİ süqut etdiyi zaman artıq insanların şüurunda yaxın zamanlarda mövcud olmuş müstəqil bir dövlət obrazı yaşayırdı. Bu obraz  insanlara müstəqillik yolunda daha konkret inamlı addımlar atmağa kömək etdi. 1988-ci ildə  Sovet rejimi tərəfindən edilən  haqsızlıqlara qarşı xalqı meydanlara tökən, bununla da SSRİ-nin bünövrəsinin laxlamasında mühüm rol oynayan mübarizə aparmasında da həmin obraz mühüm rol oynadı.

Azərbaycanın Ulu öndəri Heydər Əliyev 28 mayda elan olunmuş müstəqil dövlətimizə olduqca yüksək qiymət verirdi. Həmin dövlətin üç rəngli bayrağını ölkəmizdə ilk dəfə rəsmi olaraq Naxçıvanda qaldıran dahi liderimiz bununla da özünün Azərbaycan Xalq Cümhuriyyətinə olan rəğbətini də nümayiş etdirdi. Azərbaycanın prezidenti olduğu dövrdə də həmin müstəqil dövlətimizin qəbul etdiyi dövlət atributlarının – bayrağın, gerbin, himnin eyni ilə qalmasının tərəfdarı oldu. Hər il 28 may gününün müqəddəs bir gün kimi qeyd olunması rəsmi olaraq davam etdi. O dövrdə xalqımızın müstəqqiliyi uğrunda çalışmış bütün siyasi liderlərin hər biri indi də dərin hörmətlə xatırlanır, yad edilir. Onların adları fəxr ilə çəkilir, müxtəlif ünvanlara verilir.

Ölkəmizin prezidenti, xalqın böyük ehtiramını qazanmış cənab İlham Əliyev də Ulu öndər Heydər Əliyevin həm də bu ənənələrini davam etdirir. O, 16 may 2017-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərancam imzaladı. Prezidentimizin 2018-ci il 10 yanvar tarixindəki digər sərancamı ilə 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi. Bu sərancamlara uyğun olaraq yerinə yetirilən möhtəşəm tədbirlər insanların milli şüurunun, vətənpərvərlik hisslərinin daha da yüksəlməsinə səbəb oldu.

Habil Qurbanov, AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: