Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Riyaziyyat, mexanika və onların tətbiqləri” mövzusunda respublika elmi konfransı keçirilib
24.05.2020 14:26
  • A-
  • A
  • A+

“Riyaziyyat, mexanika və onların tətbiqləri” mövzusunda respublika elmi konfransı keçirilib

Mayın 20-də Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Riyaziyyat, mexanika və onların tətbiqləri” adlı respublika elmi konfransı keçirilib.

“Microsoft Teams” platforması üzərindən baş tutan onlayn konfransda fakültə əməkdaşları ilə yanaşı, Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahov, eləcə də RMİ-nin əməkdaşları - f.-r.e.d., dos. Telman Qasımov, f.-r.e.d. Rövşən Bəndəliyev, r.ü.f.d. Mehriban Ömərova və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev konfransın təşkilində universitet əməkdaşlarının əməyini yüksək qiymətləndirib, tədbirin işinə və iştirakçılara uğurlar arzulayıb.

Konfransda RMİ-nin əməkdaşları tərəfindən təqdim olunan “Məsaməli mühitlərdə köçmə məsələləri və onların həlləri”, “Kəsilmə nöqtəsinə malik bir spektral məsələnin məxsusi ədədlərinin və məxsusi funksiyalarının xassələri”, “Diskret sistemlərlə təsvir olunan optimal proseslər üçün komponentlərə görə birinci tərtib zəruri şərtlər” və digər mövzularda məruzələr iştirakçıların marağına səbəb olub.

Məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

İki gün davam edən konfransda 30-a yaxın məruzə dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: